Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təqaüd sisteminin təkmilləşdirilməsi istedadlı gənclərə böyük dəstəkdir

Təqaüd sisteminin təkmilləşdirilməsi istedadlı gənclərə böyük dəstəkdir

Dövlətimizin başçısı İlham Əliyevin ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında fərmanı, təqaüd sistemi ilə bağlı sərəncamları Azərbaycanda təhsil sahəsində ən yüksək nəticələr əldə edən tələbələrə dövlət qayğısının daha bir təzahürü olmaqla, onların sosial müdafiəsini gücləndirmək məqsədini daşıyır. 
Bu fikri Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib: “Prezident İlham Əliyev tələbələrin maddi rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Elə bu günlərdə imzalanmış fərman bunu bir daha təsdiq etdi. Həmin fərmana əsasən, Prezident təqaüdünün məbləğinin artırılması yüksək istedadlı tələbələrə böyük qayğının göstəricisidir. Bu sənəd, həmçinin auditoriyada tələbələrə dərs deyən müəllimlər üçün böyük mənəvi dəyərdir. Biz müəllimlər tələbələrə bu cür diqqət və qayğıdan qürur duyuruq. Bilirsiniz, insan qayğı və diqqət hiss edəndə daha inamla irəliləyir, xüsusən də gənc nəsil. Sabahın qurucuları olan bu gənc nəslin nümayəndələri gələcəkdə orta və ali məktəblərdə işləyəcək və tələbəlik illərində ölkə Prezidenti tərəfindən gördükləri bu münasibəti heç vaxt unutmayacaq, xoş xatirələrini şagirdləri və tələbələri ilə bölüşəcəklər. Bu, tarixə yazılan bir qərardır”. 
Professor Mahirə Hüseynova Prezident İlham Əliyevin fevralın 14-də “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamlar imzaladığını da qeyd edərək, bütün bunların ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Təqaüd sisteminin təkmilləşdirilməsi ölkə rəhbərinin istedadlı gənclərə böyük dəstəyidir. Gənclərimiz dövlətimizin qayğısını daim hiss edirlər”, - deyən dekan Azərbaycanda elmə və təhsilə qayğının ən yüksək səviyyədə olduğunu və xalqımızın daha yaxşı gələcəyinə hesablandığını bildirib.

17 2019 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə