Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqlarımız arasında dostluğun təməli o qədər möhkəmdir ki, onu xırda təsirlərlə pozmaq olmaz

Xalqlarımız arasında dostluğun təməli o qədər möhkəmdir ki, onu xırda təsirlərlə pozmaq olmaz

Azərbaycan və çeçen xalqları əsrlər boyu dostluq edir, bir-birini dəstəkləyirlər. Bu gün də hər xalq arasında münasibətlər yüksək səviyyədədir. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun bir neçə dəfə ölkəmizə səfəri və bu zaman Prezident İlham Əliyevlə görüşlərdə səsləndirdiyi fikirlər dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost hesab etdiyini deyən Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə onlara qayğı göstərib.
Bu günlərdə Moskvadakı “Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasında məişət zəmnində baş vermiş insident, şübhəsiz ki, bu dostluğa xələl gətirə bilməz. Bu məsələyə münasibət bildirən Milli Məclisin deputatları, siyasi partiya sədrləri də bildirdilər ki, belə insidentlər Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrini poza bilməz.

Fazil MUSTAFA, Böyük Quruluş Partiyasının rəhbəri, Milli Məclisin deputatı:
– Bütövlükdə Azərbaycan və çeçen xalqları dost, qardaş xalqlardır. Mən ölkəmizin müstəqillik qazandığı ilk illəri xatırlatmaq istərdim. Həmin dövrdə Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı genişmiqyaslı hücum təşkil etmişdi və torpaqlarımızı hissə-hissə işğal edirdi. Xalqımızın belə ağır və çətin anlarında çeçenlər bizə yaxından kömək edirdilər. Eyni zamanda, çeçenlərin də qarşılaşdığı ən ağır məqamlarda onlara ilk dəstək azərbaycanlılardan gəlib. Ona görə də hesab edirəm ki, Moskva kafelərinin birində azərbaycanlılarla çeçenlər arasında məişət zəmnində baş vermiş insident bu dostluğa xələl gətirə bilməz. Bu insidentdən bir vasitə kimi istifadə edib iki xalq arasındakı sıx münasibətləri pozmağa cəhd edənlər yanılırlar. Mən belə cəhdləri təxribat hesab edirəm. Ümid edirəm ki, bu təxribat baş tutmayacaq. Artıq biz bunu görürük. Məndə olan məlumata görə, bu insidentin iştirakçıları artıq barışıblar və orada olan hər iki xalqın ağsaqqalı onları bir süfrə arxasına toplayıb. 
Prezidentin ictimi-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu məsələyə vaxtında münasibət bildirməsini yüksək dəyərləndirirəm. Bu münasibət hadisədən təxribat kimi yararlanmaq istəyənlərə vaxtında verilən layiqli cavab oldu. Hər iki xalqın nümayəndələri də çalışmalıdırlar ki, belə insidentlərdən istifadə edənlər bu cür təxribatlarla Azərbaycan – çeçen xalqları arasındakı tarixi dostluğa xələl gətirə bilməsinlər. 
Fərəc QULİYEV, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 
Milli Məclisin deputatı:
– Moskvadakı “Neolit” kafesində azərbaycanlılarla çeçenlər arasında məişət zəmnində baş vermiş hadisədən xəbərdaram. Bunu şişirdərək iki xalq arasında baş vermiş insident səviyyəsinə yüksəldənlər bizi istəməyənlərdir. Təbii ki, antiazərbaycan qüvvələr belə hadisələrdən dərhal istifadə edib beynəlxalq aləmdə xalqımız haqqında mənfi rəy formalaşdırmağa hazır dayanıblar. Ancaq faktlar da təsdiqləyir ki, onlar həmişə iflasa uğrayıblar. Bu dəfə də belə oldu. Axı azərbaycanlılarla çeçenlər eyni dinə mənsub xalqlardır və iki xalq arasında dostluq münasibətlərinin uzun bir tarixi var. 
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ­Prezident İlham Əliyevlə görüşündə də demişdi ki, biz qardaşlıq və dostluq münasibətlərimizi bütün istiqamətlər üzrə – mədəni, idman və digər sahələrdə də inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çeçenistan Respublikasının başçısının ölkəmizə səfərləri xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, bir qrup adam arasında baş vermiş insident  Azərbaycan-çeçen dostluq münasibətlərinə heç bir mənfi təsir göstərə bilməz. Artıq həmin qruplar arasındakı anlaşılmazlıq yoluna qoyulub, narahatlıq aradan qaldırılıb və münasibətlər əvvəllər olduğu kimi, yenə də dostluq səviyyəsində davam etdirilir.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

17 2019 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə