Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəydə yeni xidmət mərkəzi yaradılıb

Gədəbəydə yeni xidmət mərkəzi yaradılıb

“Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər...” Ölkə Prezidentinin dediyi bu sözlər Gədəbəy Rayon İcra Hakimiyyəti aparatı kollektivinin bir növ leytmotivinə çevrilmişdir. Xüsusilə vətəndaşların qəbuluna münasibət kökündən dəyişdirilmiş, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul edilmişdir. Hər bir müraciətə göstərilən həssas münasibət, aşkarlıq, işgüzar mühit, qapılarının günün istənilən vaxtı vətəndaşların üzünə açıq olması rayon icra hakimiyyətini onların etimad ünvanına çevirmiş, insanların razılığına səbəb olmuşdur. 
Məhz belə əsaslı və ciddi tədbirlərin davamı olaraq vətəndaşlara Azərbaycan Respublikası Mülki, Ailə, Şəhərsalma və Tikinti məcəllələrinin, qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün rayon icra hakimiyyətində vahid mərkəz yaradılmışdır. Mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla, 7 nəfər daim orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilmişdir. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz olunmuş və internetə çıxışı təmin edilmişdir. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşı məlumatlandırmaq, geniş izahat vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) “qaynar xətt” də yaradılmışdır. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərirlər.
Sənədlərin qəbulu və verilməsi, memarlıq və tikinti, hüquq, sosial-iqtisadi, humanitar, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi, İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər xidmətə aid olan sahələrdir.
Mərkəzin məqsədi sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, işgüzar mühit, aşkarlıq, həssas münasibət, icra hakimiyyətinin vətəndaşın etimad ünvanına çevrilməsidir.
Qeyd etdiyimiz kimi, könüllülər də mərkəzin işində yaxından iştirak edirlər. Onlar məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olur, yaşadıqları ünvanlara gedir, ilkin sənədləşmə, vətəndaşların ərizə formalarının doldurulması işlərinə kömək göstərir.
Gədəbəy Rayon İcra Hakimiyyətinin bu təşəbbüsü təqdirəlayiq bir işdir. Şəhər və rayonların icra hakimiyyətləri arasında ilk dəfə ucqar bir dağ rayonunda belə bir mərkəzin yaradılması maraq doğurur. Rayon sakinləri artıq bunun səmərəsini görür və razılıq edirlər.

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

17 2019 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin