Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə aparılan sosial islahatların hədəfi insanların firavanlığıdır

Ölkəmizdə aparılan sosial islahatların hədəfi insanların firavanlığıdır

Dövlət başçısının “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamına əsasən, Azərbaycanda bu məbləğ 2019-cu il martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 
130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.

 Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Minimum əməkhaqqının artırılması, eyni zamanda, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Dövlət başçısı təkcə əməkhaqlarının, pensiyaların artırılması ilə deyil, həm də yeni iş yerlərinin yaradılması ilə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına çalışır.
 “İş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır”. Bu sözləri Azərbaycan Pezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda demişdir. Dövlət başçısı çıxışında, həmçinin bildirmişdir ki, sosial layihələrə diqqət ildən-ilə artırılır, bu sahədə aparılan islahatlar uğurla nəticələnir: “Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Həqiqətən də ölkəmizdə sosial sahəyə çox ciddi şəkildə diqqət və qayğı göstərilir, eyni zamanda, dövlət nəzarəti var və bunun nəticəsidir ki, ildən-ilə bu sahədə yaranan problemlər həllini tapır. Bunu gündəlik həyatında hər bir Azərbaycan vətəndaşı hiss edir və görür. 
 Dövlətimizin qarşısında duran ən önəmli, vacib və ağrılı məsələ qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin problemləridir. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu kateqoriyadan olanların problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, onları daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. 
 Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Son 18 ildə köçkünlər üçün 102 qəsəbə salınmışdır. Ötən ilin sonunda Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva açılışda iştirak etdilər. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan, 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və ərazisi 4 hektar olan kompleksdə 8 mərtəbəli 8 və 15 mərtəbəli 4 bina var. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, yeni dördmərtəbəli korpus inşa edilib. Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının əyani təzahürüdür. 
Ötən ilin sonunda Abşeron rayonunda 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksi istifadəyə verilmişdir. Sayca 101-ci olan bu şəhərciyin açılış mərasimində dövlət başçısı yeni ev alanların məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq bildirmişdir ki, bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. 
 Qeyd edək ki, ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Dövlət başçısının istəyi budur ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə həm Bakıda, Abşeron rayonunda, Sumqayıtda, həm də digər şəhər və rayonlarımızda geniş işlər görülür. Diqqətçəkən cəhət odur ki, son illər həm dövlət, həm də özəl sektor tərəfindən köçkünlərin mənzil problemləri həll edilir. Ötən il açılan “Qobu Park” köçkün şəhərciyində mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb.
 İşğaldan azad edilən Cocuq Mərcanlıda öncə 50, sonra isə 100 evin tikintisi başa çatdırılmış, bütün infrastruktur yaradılmış, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir. Tərtərin Şıxarx qəsəbəsində tikilmiş şəhərcik isə 1200 ailənin mənzil problemini həll etmişdir.
 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi ­köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirədə Birinci vitse-prezident ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyulmuşdu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilmişdi. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılmışdır. 
 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. ­2018-ci ilin sonuna evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatdırıldı. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. 
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşü isə humanistliyin, mərhəmət və məhəbbətin təntənəsi kimi yaddaşlarda qalacaq. Görüş zamanı dövlətimizin başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirərək, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu demişdir. 2018-ci ildə Prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu, artıq 3 mindən çox şəhid ailəsinin bu vəsaiti aldığını demişdir. Dövlət başçısının vaxtilə müavinət almış ailələrlə bağlı araşdırmalar aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni imzaladığı fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirmişdir.
 Cənab Prezident birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçuların vərəsələrinə təqdim edərək, xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu, bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulamışdır. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən təkcə ötən il 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.
Cənab Prezidentin yanvarın ­28-də imzaladığı yeni fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. 
 Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərdən olmaqla, ölkə vətəndaşlarının rifahının yüksəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 300 manata (30 yanvar 2019-cu ildə imzalanmış fərmanla), müharibə əlilləri üçün 182 (I qrup əlillər), 158 (II qrup əlillər) və 121 (III qrup əlillər) manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alır. 
Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsilhaqqı dövlət büdcəsi hesabına ödənilir. 
Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.
Sosial sahədən danışarkən, işsizlik probleminin aradan qaldırılması üçün atılan adddımlardan da söz açmaq yerinə düşər. Dövlət başçısı bildirmişdir ki, keçən il 118 min yeni iş yeri yaradılıb. İnsanların işlə təmin olunması daimi proses olmalıdır və bu, əhalinin rifahının yaxşılaşması deməkdir. Sahibkarlara iş yerlərini ixtisar etməmələrini tövsiyə edərək bildirib ki, müasir dövrdə texnologiyalara daha çox üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir: “Biz bu reallıqla hesablaşmalı, eyni zamanda, Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır”. 
2018-ci il dekabrın 13-də bir qrup şəxs 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət etmişdi. Araşdırma nəticəsində müraciət edənlərin haqlı olduğunu aydınlaşdıran Birinci vitse-prezident məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verdi.
Cənab Prezident də məhz bunu nəzərdə tutub konfransda bildirmişdir ki, aparılan struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Vurğulamışdır ki, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır. Son illərdə həyata keçirilən özünüməşğulluq proqramı coğrafiya baxımından daha da genişləndiriləcək və bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Dövlət başçısının məqsədi budur ki, yeni daimi iş yerləri açılana qədər əhalinin aztəminatlı təbəqəsi maddi cəhətdən sıxıntı çəkməsin və hələlik iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin etsinlər.
Sosial siyasətin tərkib hissəsi və bir qolu olan səhiyyədəki islahatların məqsədi ölkəmizin vətəndaşlarının sağlamlığına çalışmaqdır. Bir neçə ildir ki, dünyanın çox az ölkələrində həyata keçirilən genişmiqyaslı layihə – insanların kütləvi şəkildə yaşadıqları ərazidə yerləşən poliklinikalarda tibbi müayinədən keçməsi təşkil edilir. Hər il bu layihədən 5 milyondan çox insan yararlanır. Bu, çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə gözəl nümunə göstərir. Dövlət başçısının sosialyönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi də ötən il uğurla həyata keçirilmişdir. Yeni səhiyyə obyektlərinin tikilməsi, bərpaya ehtiyacı olanların əsaslı təmir olunduqdan sonra müasir avadanlıqla təchiz edilib xalqın istifadəsinə verilməsi bu sahədə əldə edilən uğurlardandır. Ötən ilin sonunda Elmi Tədqiqat Bərpa İnstitutunun əsaslı təmirdən sonra və bu ilin əvvəlində Qobustanda yeni inşa olunan xəstəxananın əhalinin istifadəsinə verilməsi dediklərimizin təsdiqidir.
2018-ci ildə tək Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu deyil, eyni zamanda, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon mərkəzi xəstəxanaları da əsaslı təmir-tikintidən sonra müasir tibbi avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir. Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri hazırda başa çatmış və açılışa hazırdır. Maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, tibb müəssisələrinin yüksək ixtisaslı kadrlarla təminatı sahəsində də nazirlik tərəfindən müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə şərait yaradıb.
Əminliklə deyə bilərik ki, ölkəmizdə sosial sahədə aparılan islahatların, həyata keçirilən layihələrin, reallaşdırılan proqramların hədəfi insan amili, onun sağlamlığı və firavanlığıdır.

 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

 

 

17 2019 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə