Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XOCALI SOYQIRIMINA HÜQUQİ BAXIŞ

Tarix unudulmur

XOCALI SOYQIRIMINA HÜQUQİ BAXIŞ

Bəşəriyyət müstəmləkəçilik, ərazilərin işğalı və təbii sərvətlər uğrunda qanlı mübarizə tarixində doğma Vətəninin yerli sakinlərinin – aborigenlərin əsrlər boyu kütləvi surətdə və amansızcasına öldürülməsinə və soyqırımı siyasətinə məruz qalmasına dair çoxsaylı faktların şahididir. Hətta bu gün demokratiyadan və insan hüquqlarından ağızdolusu danışan, ətrafdakılara “dərs verməyi” sevən siyasi liderlərin fəaliyyət göstərdikləri, bir sıra böyük və qədim dövlətlərin tarixi, belə utancverici səhifələrlə “zəngindir”. Dünyada hegemonluğu ələ keçirmək, jandarm rolunu oynamaq istəyən bir sıra böyük dövlətlərin iddiaları, bu gün də bitib-tükənmək bilmir. Elə buna görə də keçən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəlsə də, işğalçı ordular və onların rəhbərləri dünya birliyi qarşısında, haqq-ədalət qarşısında diz çökdü, məğlub oldu. 
Nəticədə, beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək, insan hüquq və azadlıqlarını qoruya bilən və dünya dövlətlərinin iradəsini ifadə edən beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət yarandı. Bu məqsədlə 1945-ci il iyun ayının 26-da San-Fransiskoda Birləşmiş Millətlər Konfransının yekun iclasında yeni bir təşkilatın – Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi təsdiq olundu. BMT-nin Nizamnaməsi 1945-ci il oktyabrın 24-dən qüvvəyə mindi. 
BMT-nin Baş Məclisi 11 dekabr 1946-cı il tarixli 96 saylı Qətnaməsində soyqırımının beynəlxalq hüquq normalarını pozduğunu, xeyirxah bəşəriyyətin ruhuna və məqsədlərinə zidd olduğunu, sivil dünyanın onu pis bir əməl kimi səciyyələndirdiyini və qəbul etdiyini nəzərə alaraq, belə əməllərin cinayət kimi qiymətləndirilməsini zəruri hesab etdi. Buna görə də tarixdə ilk dəfə olaraq 1948-ci ilin 9 dekabrında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edildi. Həmin konvensiya 1951-ci il yanvarın 12-də qüvvəyə mindi və bu gün də öz qüvvəsini saxlamaqdadır.

 

Beynəlxalq hüquqda “genosid”, yunan dilində “genos” – nəsil, kök, soy mənasını verən sözlə, latın dilində “öldürürəm” mənasını verən “caedo” sözlərinin birləşməsi nəticəsində yaranıb “Genosid” termini – Azərbaycan dilində “soyqırımı” mənasını verməklə, ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən, Avropa yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilməyə başlanıldı. Bu siyasətin sonrakı mərhələlərində, ilk dəfə olaraq beynəlxalq hüquqda, insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə bir nəsil kimi kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri “soyqırımı” hesab edildi. 
Nəticədə 9 dekabr 1948-ci ildə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edildi. Konvensiyanın 2-ci maddəsinə görə, milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırımı” hesab edilir. Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və belə əməllərə görə cəzalandırılırlar.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildi. Bundan sonra ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ilk dəfə olaraq ölkəmiz 31 may 1996-cı il tarixli Qanunla BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasına qoşuldu. 26 mart 1998-ci il tarixli fərmanla, ölkəmizdə hər il martın 31-i “Azərbaycanlıların Soyqırım Günü” kimi qeyd edilir. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-da saat 17:00 radələrində Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi keçirilir. Bakı şəhərinin Xocalı prospektində Xocalı soyqırımı qurbanlarının şərəfinə qoyulmuş abidə hər il müqəddəs anım yerinə çevrilir. İnsan dənizi bu abidənin önünə axışır. 
Müstəqillik illərində qəbul edilən Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə olan cinayətlər”ə görə məsuliyyət nəzərdə tutan VII bölməsinin “Sülh və insanlıq əleyhinə olan cinayətlər” adlanan VI fəslinin 103-cü maddəsi “Soyqırım”ına, 104-cü maddəsi “Soyqırımının törədilməsinə təhrik etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutur.
Bu tərkiblər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə ilk dəfə olaraq daxil edilsə də, milli qanunvercilikdə bu cinayətlərə görə cəzanın sonradan – 30 dekabr 1999-cu il tarixli Qanunla müəyyən edilməsi cinayətkarların cəzalandırılması üçün heç bir maneə yaratmır. Beynəlxalq hüququn üstünlüyünü qəbul edən Azərbaycan Respublikasında, törədildiyi zaman cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv tətbiq edilməsi tamamilə qanuni hesab edilmişdir. Belə ki, sülh və insanlıq əleyhinə olan cinayətlərə, soyqırımına və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan qanunun qüvvəsinin geriyə şamil olunması haqqında 5 dekabr 2006-cı il tarixli Konstitusiya Qanunu bunu tamamilə mümkün hesab edir. Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsinə, soyqırımı əməllərinə görə məsuliyyət müəyyən edən cinayət hüquq-normaları – cinayət tərkibləri 30 dekabr 1999-cu il tarixli Qanunla daxil edilsə də, əslində, millətimizə qarşı soyqırımı cinayətlərinin tarixi yüz ildən artıq bir dövrü əhatə edir. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda 1905-1907, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə azərbaycanlılara qarşı sistemli şəkildə soyqırımı cinayətlərinin törədildiyi xüsusi olaraq vurğulanmışdır. 
Tarixən “Şərq məsələsi”nin tərkib hissəsi kimi formalaşan “Erməni məsələ-si”nin ideoloqları zaman-zaman milli ədavəti qızışdırmış, milli münaqişələr salmış, tarixən türk və müsəlman xalqlarına məxsus olan ərazilərin işğalı hesabına “Böyük Ermənistan” yaratmaq arzusunda olmuşlar. Daşnakların bu niyyəti faşist ideologiyasına çox oxşardır. Belə ki, özlərini “ali irq” kimi təqdim edən alman faşistləri də “Generalplan Ost” planına əsasən, “aşağı irq” hesab etdikləri slavyanların yaşadıqları SSRİ-nin və Şərqi Avropanın bəzi ərazilərinin etnik təmizlənməsi və işğalı hesabına “alman xalqının həyati məkanı”nı yaratmaq arzusunda olduqları kimi, erməni faşistləri də “dənizdən-dənizə Böyük Ermənistan” təşkil etmək arzusu ilə daim türk-Azərbaycan xalqlarına qarşı düşmənçilik siyasəti yeritmişlər. Bu da onların “erməni faşistləri” kimi səciyyələndirilməsinin kifayət qədər əsaslı olduğunu bir daha təsdiq edir. Beynəlxalq güclərin, beynəlxalq kəşfiyyatın və erməni təşkilatlarının birgə səyi ilə 1988-ci ilin fevral ayından başlayaraq, vaxtilə Azərbaycan Respublikasının tərkibində fəaliyyət göstərən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində milli münaqişələr yenidən qızışdırıldı, Ermənistandan və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən azərbaycanlılar milli, etnik və dini mənsubiyyətinə görə qovuldu, öldürüldü və ən qəddar cinayətlərə məruz qaldılar. Etiraf edək ki, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə törədilən Xocalı soyqırımı bütün bu cinayətlər içərisində, xüsusilə ağır ictimai təhlükəliliyi və dəhşətli nəticələri ilə erməni faşizminin iç üzünü açmaq baxımından çox səciyyəvidir.
Keçmiş SSR İttifaqının Zaqafqaziyada yerləşən 4-cü ordusunun 23-cü diviziyasının 366-cı motoatıcı alayının (alay komandiri Zarviqorov Yuri Yuriyeviçdir) tərkibində milliyyətcə erməni olan, erməni qadınlarla evlənmiş, yaxud da erməni millətçiləri tərəfindən ələ alınmış çoxsaylı hərbçi xidmət edirdi. Alayın ikinci motoatıcı tağımının komandiri, mayor Seyran Muşeqoviç Ohanyanın özü (uzun müddət Ermənistanın müdafiə naziri olmuşdur), üçüncü motoatıcı tağımının komandiri, mayor Yevgeni Akeksandroviç Nabokixinin isə həyat yoldaşı milliyyətcə erməni idilər. Birinci tağımın qərargah komandiri, milliyətcə erməni olan Valeri İsaakoviç Citciyanın, topçu tağımının komandiri isə kapitan Q.Liqodexiya idi. Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə 366-cı alayın tabe olduğu Zaqafqaziya hərbi dairəsi komandanın müavini, general-leytenant Q.Ohanovun da milliyyətcə erməni olması mövqelərin real vəziyyəti haqqında tam təsəvvür yaratmağa imkan verir. Beləliklə, sovet döyüş silahları ilə yaxşı təchiz olunmuş 366-cı motoatıcı alayın “Dağlıq Qarabağ separatçı qüvvələri”nin qərargah rəisi Arkadi Tomasyanın, “müdafiə naziri” Serj Sarkisyanın (Ermənistan Respublikasının keçmiş prezidenti), həmin vaxt Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndində yerləşən həbsxananın rəisi Serjik Koçaryanın, hərbi qulluqçular Slavik Artunyanın, Andrey İşxanyanın, Sergey Beqlaryanın, Movses Akopyanın, Qriqori Kisebekyanın, Vacik Mirzoyanın, Vacaqan Ayriyanın, Aleksandr Ayrapetyanın, Karo Petrosyanın, Seyran Tumasyanın, Valerik Qriqoryanın və digərlərinin bilavasitə iştirak etdikləri hərbi qüvvələr, Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın və digər erməni liderlərinin təşkilatçılığı və rəhbərliyi ilə Xocalı şəhərində azərbaycanlılara və axıska türklərinə qarşı soyqırımı cinayəti həyata keçirdilər. 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə separatçı erməni hərbi birləşmələri 366-cı alayın şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı silahlı hücuma keçdilər. Yeddi min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhərin əhalisi yalnız azərbaycanlı, türk və müsəlman olması əlamətlərinə görə kütləvi surətdə qətlə yetirildilər. Müharibə qanunları tamamilə pozularaq dinc əhaliyə – qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız üsullardan istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış, 613 nəfər, o cümədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca olmaqla xüsusi qəddarlıqla qətlə yetirilmiş, 8 ailənin həyatına tamamilə son qoyulmuş, 27 ailənin yalnız bir üzvü qalmış, 239 ailənin başçısı məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər əsir götürülmüş, o cümlədən onlardan 150 nəfərin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olmuşdur. 1992-ci il aprelin 1-nə olan məlumata görə Xocalı hadisəsi nəticəsində Azərbaycan dövlətinə və xalqına 5 milyard rubl dəyərində maddi zərər vurulmuşdur.
Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələnmiş, hamilə qadınların qarınları yarılaraq bətnində olan azərbaycanlı uşaqlar süngüyə keçirilmiş, başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, körpələrin və yaşlıların gözləri çıxarılmış, diri-diri torpağa basdırılmış, əhalinin bir qismi ac-susuz və yaralı vəziyyətlərdə soyuqda saxlanılmış və onlara insanlığa yaraşmayan işgəncələr verilmişdi. Azərbaycanlı döyüşçülər erməni qəbirləri üzərində “qurban” kəsilmiş, alçaldılmış və təhqir edilmişlər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilmişdir. Xocalıda azərbaycanlılara qarşı törədilmiş əməllərdə sülh və insanlıq əleyhinə olan və müharibə cinayətlərinin – Azərbaycan Respublikası CM-in 103 (soyqırımı), 104 (soyqırımının törədilməsinə təhriketmə), 105 (əhalini məhvetmə), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 115 (müharibə qanun-larını və ədaləti pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququ pozma), 117 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 118 (hərbi soyğunçuluq) və başqa maddələrində nəzərdə tutulan ağır cinayət əməllərinin tərkibi vardır.
Ötən dövr ərzində aparılan gərgin və böyük zəhmət tələb edən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin – bəşəriyyətə qarşı ən ağır cinayət əməllərinin törədilməsi Azərbaycan Respublikası Milli Məclisinin deputat-istintaq komissiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun xüsusi istintaq qrupunun topladığı çoxsaylı materiallarla – ifadələrlə və üzləşmələrlə, sənədlərlə, maddi sübutlarla, videoçəkilişlərlə, məhkəmə ekspertizasının rəyləri ilə mübahisəsiz və tamamilə sübuta yetirilmişdir. Buna görə də ölkənin prokurorluq orqanları MDB-yə məxsus olan 366-cı motoatıcı alayın komandiri Y.Y.Zarviqorovun, alayın 1-ci batalyonun qərargah rəisi V.İ.Çitçyanın, alayın kəşfiyyat rəisi V.Q.Ayriyanın, 1-ci batalyonun 2-ci rotasının komandiri M.Q.Akopyanın, Xankəndindəki 11-ci alayın komandiri P.Q.Abramyanın, 366-cı alayın rabitə rotasının komandiri Q.A.Kisebkyanın, 5-ci rotanın komandiri S.V.Arutyunyanın, 1-ci təchizat tağımının komandiri A.A.İşxanyanın, 2-ci batalyonun tağım komandiri S.Y.Beqlaryanın, təmir rotasının tağım komandiri A.B.Danielyanın, alayın zabitləri V.A.Qarmaşın, A.V.Smaqinin, O.V.Balyazinin, 1-ci rotanın baş texniki A.V.Beqlaryanın, alayın giziri A.A.Ayrapetyanın, 2-ci rotanın çavuşu V.Q.Mirzoyanın, 3-cü rotanın çavuşu V.Q.Ayrapetyanın, Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi A.A.Abramyanın, Əsgəran rayon DİŞ-in rəisləri M.A.Qukasyanın, və K.L.Aqacanyanın, Əsgəran rayon DİŞ-in rəis müavini Ş.S.Barseqyanın, Əsgəran rayon DİŞ-in yanğın təhlükəsizliyi bölməsinin rəisi K.V.Petrosyanın, Xankəndi şəhər həbsxanasının rəisi Ş.S.Koçaryanın, Əsgəran rayon DİŞ-in müfəttişi S.S.Ayriyanın, Əsgəran rayon DİŞ-in əməkdaşları E.E.Qriqoryanın, A.R.Qriqoryanın, Həsənabad kənd sovxozunun əməkdaşları O.N.Akopyanın, V.S.Qriqoryanın, G.G.Babayanın, Xasq kəndindən sürücü S.A.Tumasyanın, Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən erməni xalq cəbhəsinin sədri V.M.Balasanyanın, Xankəndi şəhəri 2718 saylı avtomobil dəstəsinin rəisi M.M.Mirzoyanın, əvvəllər Xocalıda yaşamış B.G.Babayanın, C.X.Qriqoryanın, Əsgəran rayonunun Daşbulaq kənd sakinləri A.Q.Manqasaryanın, H.A.Kaqramanyanın, Əsgəran rayonunda iaşə xidmətinin müdiri Y.G.İşxanyanın törətdikləri cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. Bütün bunlara görə də respublikanın prokurorluq orqanları qeyd edilən həmin şəxslərin, müvafiq qaydada Azərbaycan Respublikası CM-nın 103, 104, 105, 107, 112, 113, 115, 116, 117, 118 və digər maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqqında qərar çıxarmışdı. 
Onların törətdikləri əməllərin xüsusilə ağır ictimai təhlükəliliyi və qaçıb gizləndikləri nəzərə alınaraq, haqlarında məhkəmənin qərarı ilə həbs-qətiimkan tədbiri seçilmiş və beynəlxalq axtarış elan edilmişdir. Sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətdiklərinə görə haqlarında həbsli axtarış elan edilmiş həmin şəxslər barəsində toplanmış sənədlər beynəlxalq axtarışın həyata keçirilməsi məqsədi ilə İnterpolun Azərbaycandakı Milli Bürosuna göndərilmişdir. 

(ardı var)

 

Bəhram ZAHİDOV, 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, hüquq elmləri doktoru, professor

 

 

17 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin