Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Poeziya qardaşlarının qoşa yubileyi

Ağalar Bayramov – 65, Ramiz Qusarçaylı – 60

Poeziya qardaşlarının qoşa yubileyi

Həssas oxucu söhbətin nədən getdiyini bu rubrika və başlıqdan, yəqin ki, dərhal anladı. Bəli, söhbət adları tez-tez yanaşı eşidilən, ürəkləri eyni sevgi ahəngi ilə vuran iki tanınmış ziyalımızdan – çağdaş poeziyamızdan şeir xiridarlarının zövq və tələbatına yaşıl bir yol salmış mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun və populyar məfkurə şairi, Prezident təqaüdçüsü Ramiz Qusarçaylının 60 yaşa çatmalarından gedir.

Azərbycan poeziyasının ən gözəl nümunələrindən ibarət əhatəli və nadir bir poeziya teatrı yaratmış Ağalar Bayramovun “sinə dəftəri”ndə məslək və zövq ortağı Ramiz Qusarçaylının seçmə seirləri ayrıca yer tutur. Yeri düşəndə Ağalar deyir: “Ramiz mənim ən saf, incə düyğu-düşüncələrimi misralara çevirir. Sanki, o, məni coşdurmaq və başqalarını da özümə qoşmaq üçün yazır”. Ramiz isə Ağaların ifasını, bir qayda olaraq, belə dəyərləndirir: “Ağalar mənim ən həssas, özüm qədər doğma bir oxucumdur. Şeirlərimi onun dilindən eşidəndə elə bilirəm ki, bunları mən yox, Ağalar yazıb”.
Bu könül ortaqlığı, qəlb genişlıyi hər iki poeziya fədaisini seiriyyət göylərində qoşa qanad kimi eyni səmtli uçuşun, sənətin polad yolunda yanaşı rels kimi bir yönlü gedişin əkiz yolçusuna çevirib. Buna görə də sənət qardaşları ömürlərinin və yaradıcılıqlarının növbəti hesabat ünvanını da ortaqlaşdırdılar. Ortaq məslək və məramlı yaradıcılığı ilə bir-birini forma və məzmunca tamamlayan hər iki sənətkar bugünlərdə dostlarını-yaxınlarını, ölkənin poetik söz xiridarlarını Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən birgə yubiley məclisinə dəvət etmişdilər.
Bu xəbər qısa müddətdə Ağalar Bayramovun və Ramiz Qusarşaylının çoxsaylı pərəstişkarlarına da yetişib nəzərdə tutulduğundan, az qala, ikiqat çox milli məfkurə fəalını, yüksək zövqlü şeirsevəri ünlü sənət ocağının o qədər də böyük olmayan divarları arasına səsləyib gətirmişdi. Ölkənin bir çox qurumlarını əhatə edən, müxtəlif peşə və sənət sahibi olan insanları bu ünvana bir düyğu-düşüncə toplamışdı: ürəkdən sevdikləri, məfkurəvi yaradıcılıqlarından bol-bol mənəvi qida aldıqları, qəlbən zənginləşdikləri hər iki ustad sənətkarın şərəfinə qurulmuş təntənəyə qovuşmaq, bu yüksək məqamın şahidi olmaq, ən xoş arzu-istəklərini onlara üzbəüz çatdırmaq.
Gur meydana bənzər bu qələbəlikdə Milli Məclisin deputatları, yüksək vəzifəli rəsmilər, tanınmış ziyalılar, şair və yazıçılar, incəsənət nümayəndələri, jurnalistlər məşhurluqlarına görə xüsüsi seçilirdilər. Hamının oturmasına yer çatmadığından öz yerlərini cavanlar yaşlılara, kişilər qadınlara verirdi. Yerdə qalanların bir hissəsi başqa tədbirlər zamanı, adətən, boş qalan lojalara qalxır, xeyli adam isə keçidlərdə ayaqüstə durmaqla, dəhlizdə dayanıb məclisi açıq qapılardan izləməklə də kifayətlənirdi.
Mərasimə toplaşanları hər iki yubilyar adından salamlayan Ramiz Qusarçaylı özünün 60, dostu Ağaların 65 olmaqla ikisinin birlikdə 125 illik ömür hesabatına toplaşanları səmimi salamladı, hamıya dərin razılığını bildirdi. O vurğuladı ki, hər kəsi buraya yüksək duyğu-düşüncələr gətirdiyindən məclisin məqsədi də hamının qədərincə zövq alması, bir yerdə sevinib-şadlanmasıdır. 
Elə belə də oldu. Şairin yubiliyar dostunu da səhnəyə dəvət etməsi salonda gur, davamlı alqışlar doğurdu. Hamı ayaq üstə əl çalır, təbrik peplikaları ilə bu təntənəli anları bir az da coşdurdu. Ağalar Bayramov da bu axşamın milli şerimizin, məfkurəvi poeziyanın şərəfinə düşünüldüyünü söylədi, yüksək sənətin qədirbilənlərinə minnətdarlığını çatdırdı. “Elə sənin yubileyin mənim, mənim yubileyim sənin yubileyindir”-- deyən məslək və sənət dostları aparıcılığı da özləri etdilər.
Ədəbiyyatımızın və incəsənətimizin istedadlı nümayəndələrinin əlamətdar məclislərində nüfuzlu sözü ilə seçilən, bu axşam da giriş sözü demək üçün səhnəyə dəvət edilən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışına Ramiz Qusarçaylının salonda xoş ovqat doğurmuş “iki dostun bir yerdə 125 illik yubileyi” mənalandırmasından başladı:
– Bu axşam bu möhtəşəm salonda iki sənət adamının– çağdaş poeziyamızın və ədəbi qiraətin çox sevilən, çox da tanınan nümayəndələri – Prezident təqaüdçüsü Ramiz Qusarçaylının və mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun mədəni həyatımızda ilk belə hadisə olan birgə yubiley mərasimi keçirilir. Onlar öz doğmaları, dostları, sənət pərəstişkarları ilə birlikdə 125 yaşlarını qeyd edirlər. Daha doğrusu, bir-birinə qovuşub ortaqlaşmış 125 illik həyatlarının, qoşa yaradıcılıqlarının birgə hesabatlarını verirlər. Bu 125 yaşdan Ağalar Bayramovun payına 65, Ramiz Qusarçaylıya isə 60 il düşür.
Yubilyarların bənzərsiz yaradıcılıqlarını qısaca səciyyələndirən akademik bildirdi ki, Ramiz Qusarçaylının poeziyasında Vətəni tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur. Görkəmli söz ustalarımız onun yaradıcılığına yüksək dəyər veriblər. Hələ ilk şeir kitabı çapdan çıxanda Xalq şairi Osman Sarıvəlli gənc şair barədə yazmışdı ki, Ramiz ürəyinə yaxın hissləri, görüb-götürdüyü hadisələri qələmə alır, fikrini obrazlı ifadələrlə, poetik detallarla verməyə çalışır. Ustadının bu etimadını yüksək səviyyədə doğruldan Ramizin özü bu gün bir ustaddır. 
Ramiz Qusarçaylının şeirləri öz poetik intonasiyası, bədii təsvir vasitələrinin orijinallığı ilə də diqqəti cəlb edir. O, bugünkü şeirimizdə ənənəyə çox sadiq qalan, lakin təzə söz deməyi də bacaran şairlərimizdəndir. Poeziyamızın çoxrəngli, çoxsəsli mənzərəsində Ramiz Qusarçaylının şeirləri ahənginə, ictimai məzmununa görə dərhal seçilir. Elə götürək onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirini. Bu şeir Səməd Vurğunun xalqımızın poetik pasportu sayılan “Azərbaycan” şeiri ilə bir sırada durmaq qüdrətindədir, çağdaş poeziyamızın ən gözəl siyasi lirika nümunələrindəndir.
Ağalar Bayramov haqqında isə onu demək vacibdir ki, o, xalqını, dövlətini bütün varlığı ilə sevən bir sənətkardır. O, yaradıcılığını geniş miqyasda bu sevginin ifadə olunmasına, 50 milyonluq soydaşlarımıza çatdırılmasına həsr etmişdir. Ağalar ürəyəyatımlı səsi ilə şeirlərə, sanki, yeni nəfəs verir. Neçə-neçə ədəbi dühanın, görkəmli şair və yazıçıların əsərləri onun səsi ilə sevilib, ölməzlik qazanıb və insanların yaddaşında dərin izlər buraxıb. Onun repertuarında məslək ortağı Ramiz Qusarçaylının şeirləri isə ayrıca yer tutur. 
Uzun illərdir ki, Ağalar Bayramov professional bədii qiraətlə məşguldur. Teleradio yayımlarının saysız-hesabsız ədəbi-bədii verilişlərində və şeir məclislərində, sevimli şairlərimizin yubileylərində və görüşlərində, kütləvi el şənliklərində və dövlət tədbirlərində o, davamlı olaraq poeziyamızın canlı ifasına, danışan dilinə çevrilib. Audio-videyazılarda və sosial şəbəkə yayımlarında çıxışları ən çox izlənən sənətçilərdən biridir. Bütün bunlara görə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla Ağalar Bayramova Əməkdar artist adı verilmişdir. İnanırıq ki, xalqın çox sevdiyi sənətkar bir gün Xalq artisti adına da layiq görüləcək.
Milli Məclisin deputatı, şair Musa Urud iki sənətkarın birgə yubiley məclisini söz bayramı kimi dəyərləndirərək bildirdi ki, Ramiz Qusarçaylı və Ağalar Bayramov fikir, əqidə qardaşlarıdır. Məhz bu doğmalığın nəticəsidir ki, Ramiz Qusarçaylının yazdıqları Ağalar Bayramovun ifasında yeni rəng çalarları qazanır. Onun Aprel döyüşlərinə həsr etdiyi “Toy” şeiri buna gözəl misaldır.
Milli Məclisin deputatı, poziya həvəskarı Qənirə Paşayeva isə qeyd etdi ki, Ağalar müəllim neçə illərdir öz əzəmətli səsi ilə Qarabağ dərdimizi, Xocalı yaramızı əks etdirən bədii nümunələri böyük yanğı ilə təqdim edir. Səngərlərdəki oğullar onun səsindən güc alırlar. Ramiz Qusarçaylı isə Xalq şairi Osman Sarıvəllinin 17 yaşında ona verdiyi “Qusarçaylı” təxəllüsünü yurd sevgisi ilə doğrultmuşdur. Onun şeirləri cəmiyyətdə vətəndaşlıq duyğularını yüksəldir. 
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi İsrafil Qurbanov bildirdi ki, Ağalar Bayramovun nadir sənəti hamımıza dilimizin ğözəlliyi və şirinliyini, azərbaycanlı olduğumuzu anladır. Ramiz Qusarçaylının isə yaşadığı Qubanın bənzərsiz mənzərələrini poetik lövhələrə çevirməsi onun həssas və zəkalı bir şair olduğunu göstərir. Ramizin şeirləri, sanki, sözlə yox, rənglə qələmə alınıb. 
Hər iki sənətkarı Azərbaycan Yazıçılar Birliyi adından səmimi təbrik edən tanınmış şair Əjdər Ol, eyni zamanda, ən yaxın sənət və məslək dostları olan Ağalar Bayramova və Ramiz Qusrçaylıya yaradıcılıqlarının yetkin çağında ayrı-ayrılıqda və birgə yaradıcılıqlarında daha böyük uğurlar arzuladı.
Ramiz Qusarçaylının çalışdığı “Azərmətbuatyayımı” ASC-nin kollektivi adından qurumun sədr müavini İlham Ələsgərov, Ağalar Bayramovun doğulduğu torpağın ictimaiyyəti adından Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Bayramov, respublika ziyalıları adından filoloq professor Buludxan Xəlilov, xanəndə, Xalq artisti Alim Qasımov və başqaları hər iki yubilyarı təbrik etdilər, onlara xalqımızın xoş arzularını çatsırdılar.
Məclisdə yubilyarlara rəssamların çəkdiyi portretlər, xatirə hədiyyələri, fəxri fərman və təbriknamələr təqdim edildi.
Mərasim boyu çıxışları müşayiət edən tanınmış aşıq Ədalət Dəlidağlı, xanəndə Nuriyyə Hüseynova və digər sənətçilər yubilyarları ən yaxşı ifaları ilə təbrik etdilər. Nuriyyə Hüseynova öz çıxışına keçid olaraq bildirdi ki, sənət dostu Ağalar Bayramovun ifasında Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri onu bu mətnə bir mahnı həsr etməyə həvəsləndirib.
Yubiley gecəsi məhz Ramiz Qusarçaylının dövlət bayrağını dalğalandırması fonunda Ağalar Bayramovun “Azərbaycan bayrağı” şeirini xüsusi bir coşqunluqla səsləndirməsi ilə sona çatdı. Bir hissəsi səhnəyə qalxıb bu ifaya qoşulan iştirakçılar və ayağa qalxmış salon təkrarsız bir mənzərə yaratdılar:

Sənsən Azadlıq eşqim, sənsən Hürr, – deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı! Azərbaycan bayrağı!

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 

 

17 2019 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin