Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyada erkən parlament seçkiləri keçiriləcək

İspaniyada erkən parlament seçkiləri keçiriləcək

İspaniya son dörd ildə üçüncü dəfə erkən parlament seçkilərinə hazırlaşır. Belə ki, bu il aprelin 28-də ölkədə növbədənkənar seçkilər keçiriləcək. Məlumatı “Anadolu” agentliyi Madriddə nəşr olunan “El Pais” qəzetinə istinadən yayıb. 
İki gün əvvəl başçılıq etdiyi hökumətin son səkkiz ayda gördüyü işlər barədə hesabat verən Baş nazir Pedro Sançes bəyan edib ki, 28 apreldə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, erkən seçkilərə İspaniya parlamentinin aşağı palatasının 2019-cu maliyyə ili üzrə hökumətin büdcə layihəsini rədd etməsi səbəb olub. 
Hökumətin büdcə layihəsinə qarşı katalonlar, mərkəz-sağçılar və mühafizəkarlar çıxıblar. Mühafizəkar Xalq Partiyasının lideri Pablo Kasado deyib ki, büdcə səsverməsinin nəticəsini Baş nazir P.Sançesin hökumətinə qarşı faktiki etimad səsverməsi kimi qiymətləndirmək lazımdır.
Bu arada məlum olub ki, İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş 12 lideri ilə bağlı məhkəmə prosesinə başlayıb. Onlar hökumətə qarşı üsyana cəhddə və hakimiyyətdən sui-istifadə etməkdə günahlandırılırlar. Həbs olunanlar ittihamla razılaşmır və istintaqın siyasi motivlər əsasında aparıldığını iddia edirlər. 
Kataloniya hökuməti isə vilayətin İspaniyadan ayrılaraq müstəqil olması istiqamətində cəhdlərini davam etdirir. Kataloniyanın hazırkı rəhbəri Kim Torra vilayətin İspaniyadan ayırılması üzrə kampaniyanı bərpa edəcəyini bildirir. 
Kataloniya rəsmi Madridin vilayətə daha geniş səlahiyyətlər verilməsi ilə bağlı referendum keçirmək təklifini qəbul etməyib. Beləliklə, İspaniyanın ictimai-siyasi həyatının yaxın aylar ərzində daha da gərginləşəcəyi gözlənilir. 

M.HACIXANLI,
“Xalq qəzeti” 

17 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin