Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini: "Azərbaycan və Meksika 2019-cu ildə əməkdaşlığı daha da inkişaf etdirəcək"

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini:

"Birləşmiş Meksika Ştatları ilə Azərbaycan arasındakı 12 min kilometrdən artıq böyük məsafə ikitərəfli əməkdaşlığa mane olmur, əksinə, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır". Bu açıqlamanı Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rodriqo Labardini Beynəlxalq Avrasiya Mətbuat Fondunun xarici dillərdə yayımlanan “Eurasia diary” saytına verdiyi müsahibəsində bildirib. Saytın redaksiyamıza ünvanladığı mətn belə davam edir:

--Səfir qeyd edib ki, Meksika Azərbaycanla əməkdaşlığın çox vacib olduğunu düşünür: “Azərbaycan Qafqazda ən böyük ölkədir, bölgənin ÜDM-nin 75 faizi, əhalinin isə 60 faizi Azərbaycanın payına düşür. Azərbaycan yalnız Şərq və Qərb arasında körpü deyil, həmçinin, Xəzər dənizi və Mərkəzi Asiya regionuna açılan qapıdır.

Meksikanın Azərbaycanda səfirliyi 2014-cü ildə açılmış və 2015-ci ildən etibarən ikitərəfli münasibətlər inkişaf etdirilmiş və güclənmişdir. Ölkələrimiz arasında ticarət 8 dəfə artaraq 2018-ci ildə 25 milyon ABŞ dollarına çatıb. Turizm sənayesi 4 dəfə artıb. 2017-ci ildə Meksika və Azərbaycan arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması şübhəsiz ki, bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açdı".

Rodriqo Labardini müsahibəsində 2019-cu ildə iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi üçün böyük potensial olduğunu ifadə edib:

--Meksikanı Azərbaycanda daha yaxşı tanıtmaq çox vacibdir. Biz Meksikadan meyvə, şirniyyat, tekila, pivə və s. kimi məhsullar gətirmək niyyətindəyik. Aprel ayının sonunda biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək məqsədilə Meksikadan tekila istehsalçılarının ticarət missiyasını bura gətirməyə çalışacağıq. Biz həmçinin, alıcıların müxtəlif Meksika sousları, çili, çili qatılmış şirniyyat, şokolad, tekila, pivə və s. tapa bilməsi üçün bəzi supermarketlərdə Meksika guşəsi yaratmağı planlaşdırırıq.

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

16 2019 18:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin