Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq – iqtidar birliyinin növbəti təcəssümü

Xalq – iqtidar birliyinin növbəti təcəssümü

Gəncə Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən diyardır, gözəl bir şəhərdir. Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini Şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə ­xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.
Heydər ƏLİYEV
Ümummilli lider


 

Ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk iqamətgahı, sığınacağı, paytaxtı olmuş Gəncə şəhəri 1993-cü ilin yayından etibarən dövlət rəsmilərimizin daim üz tutduğu müqəddəs ünvana çevrilmişdir. Ulu öndər Heydər Əliyev 1993-cü ilin qanlı-qadalı iyun günlərindəki səfəri də daxil olmaqla, beş dəfə Gəncədə olmuşdur. 
Bu zaman xüsusilə qabardılmalı bir məqam var. Belə ki, ümummilli lider Gəncəyə müstəqillik dövründə baş tutan ilk səfərində qan tökülməsinin, qardaş qırğınının qarşısını almaq üçün getmişdisə, son səfəri zamanı -- 2002-ci il sentyabrın 12-də orada beynəlxalq standartlara cavab verən, müasir avadanlıq və qurğularla təchiz olunmuş Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdi. 
Təkcə Gəncəni deyil, bütövlükdə respublikamızı dünya miqyasında inkişaf etmiş ölkə kimi tanıdan Prezident İlham Əliyev isə prezidentliyi dövründə 15 dəfə Gəncədə olmuş, çoxsaylı obyektlərin açılışında və ya təməlqoyma mərasimində iştirak etmişdir. Dövlət başçımız təkcə 2017-ci ilin noyabr ayındakı Gəncə səfəri zamanı “Grand Qafqaz” ticarət kompleksinin açılışında iştirak etmiş,“Gəncə Mall” yeni ticarət mərkəzinə baş çəkmiş, İsmət Qayıbov adına orta məktəbin binasında aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuş, Gəncə Dövlət Filarmoniyasının yeni binasının və Azərbaycan Dövlət Aqrar Universitetinin inşa olunan yataqxana kompleksinin açılışlarında iştirak etmişdir. Yəni Gəncədə şəhər həyatının elə bir sahəsi yoxdur ki, dövlət başçımız onunla maraqlanmasın. Bütün bunlar ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən olan Gəncənin Azərbaycan dövləti üçün nə qədər önəm, əhəmiyyət kəsb etdiyinin göstəricisidir.
Bəs Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncə səfərini xarakterizə edərkən nələrə xüsusi diqqət yetirməliyik? Qeyd etməliyik ki, bu, Şərq müdriklərinin insanların arzu və istəklərini eşitmək üçün tez-tez xalqın arasına çıxmaq ənənəsinin davamıdır. Bu, Qərb demokratiyasının idarəetmə prosesində xalqın təklif və rəylərindən istifadə etmək təcrübəsinin ölkəmizdə tətbiq edilməsinin daha bir nümunəsidir. Bu, ulu öndər Heydər Əliyevin həm ötən əsrin 70-80-ci illərində, həm də 1993-cü ilin yayından – möhtəşəm qayıdışdan sonra daim xalqın səsini eşitmək üçün bölgələrə üz tutmaq təcrübəsinin təntənəsidir. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Gəncədəki “Xan bağı”nda şəhər sakinləri ilə görüşündən hazırlanmış televiziya materialına baxarkən nəzərə çarpan ilk məqam ölkəmizdə aparılan islahatların və inkişaf tendensiyasının Gəncənin görkəmini nə dərəcədə dəyişməsi oldu. Qeyd edildi ki, Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik Yaşıl Teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.
Qeyd edilməli ikinci məqam burada son dəfə beş il qabaq olmuş Birinci vitse-prezidentin yenidən gəncəlilərlə görüşməyin məmnunluğunu dilə gətirməsi idi: “Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam... Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. “Xan bağı” da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum. Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır”.
Üçüncü məqam sakinlərin şəhərdə aparılan tikinti-quruculuq, abadlıq işlərini, yeni iş yerlərinin yaradılmasını, hərtərəfli inkişafı yada salaraq, dövlət başçımızın ünvanına xoş sözlər səsləndirməsi idi. Məsələn, sakinlərdən biri Birinci vitse-prezidentə xitabən dedi: “Mən cənab Prezidentə təşəkkür etmək istəyirəm. Uzun müddət idi ki, evlərimizin damları yararsız hala düşmüşdü. İndi çox gözəl damlar düzəldilir. Allah Prezidentimizin canını sağ eləsin. Gözəl asfalt yollarımız, müasir məktəblərimiz, poliklinikalarımız var. Bütün bunlarla fəxr edirik. Məktəblərimiz, universitetimiz çox gözəldir. Bilirsiniz ki, Gəncə Dövlət Universiteti qərb zonasında ən böyük universitetdir. Orada ulu öndərimizin gözəl guşəsi var”.
Dördüncü məqam. Birinci vitse-prezident Gəncəyə sakinlərin arzu-istəklərini eşitməklə yanaşı, onların problemlərini də öyrənməyə getmişdi. Öyrəndi və məlum oldu ki, şəhərdə uşaq bağçaları ilə bağlı problemlər var və həmin problemləri özü də dilə gətirdi: “Məktəblərlə bağlı məsələlərlə sıx məşğul oluram. Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə bu sahədə ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq”. 
Beşinci məqam: Birinci vitse-prezidentin Gəncə səfəri zamanı dövlətimizin gənclər siyasətinin çoxsaylı uğurlarından biri dilə gətirildi. Gəncəli gənc dedi ki, mən Prezidentin gənclərin xaricdə təhsili ilə bağlı fərmanına əsasən Almaniyanın Fray Universitetində təhsil almışam, fəlsəfə doktoruyam: “Çox təqdirəlayiq haldır ki, ölkəmizdə gənclərə çox böyük dəstək var, önəm verilir. Hazırda Gəncədəki Aqrar Universitetin elm şöbəsində çalışıram. Bizim rektorumuz da gənclərə çox önəm verir. Mən özüm də şadam ki, xaricdə doktorantura üzrə təhsil alıb gəlmişəm və çox böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Buna görə bir gənc kimi Prezidentimizə, Sizə çox təşəkkürümü bildirirəm, çox minnətdaram. Çox xoşdur ki, Sizinlə görüşüb ürək sözlərimi deyə bildim”.
Xatırladaq ki, fevralın 14-də Gəncə şəhərinə gələn Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öncə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra “İmamzadə” dini kompleksini ziyarət ediblər. Daha sonra Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olub, 32 nömrəli körpələr evi-uşaq bağçasına, digər bir uşaq bağçasına, uşaq evinə, habelə görkəmli ədib Mir Cəlal Paşayevin ev-muzeyinə baş çəkiblər. Qeyd edilib ki, Mir Cəlal Paşayev muzey kompleksində mütəmadi olaraq şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüşlər, konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri, ekskursiyalar və digər ədəbi-bədii tədbirlər keçirilir. Muzey fəaliyyətə başladığı gündən şəhər əhalisinin, tələbə və şagirdlərin ziyarətgahına çevrilib.
Mehriban Əliyeva şəhər sakinlərinə söz verib ki, Gəncəyə tez-tez gələcək: “Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram”. 

 

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

16 2019 00:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin