Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: 2019-cu ildən islahatlarımızın yeni mərhələsi başlayır

Prezident İlham ƏLİYEV: 2019-cu ildən islahatlarımızın yeni mərhələsi başlayır

Azərbaycan Prezidenti İlham Əliyev Real televiziyasına müsahibəsində ölkəmizdə bu ildən etibarən islahatların yeni mərhələsinin başlandığını diqqətə çatdırıb: “Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi”.

Azərbaycan Prezidenti, həmçinin qeyd edib ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, respublikada mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. 
Ölkə rəhbəri bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı islahatların bundan sonra da davam etdirilməsi zəruriliyinə toxunub. Bildirib ki, Azərbaycan daha güclü olmalıdır. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində müsbət nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb: “Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. 
Elə bu baxımdan da hazırda iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunda rəqabətqabiliyyətli, eyni zamanda, ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks islahatlar həyata keçirilir.
Sənaye sahəsində biznesin stimullaşdırılması və istehsalda məşğulluğun artırılması məqsədilə sənaye zonaları yaradılır, sənaye parklarında və məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. 
Azərbaycan bütün bu islahatları uğurla reallaşdırmaqla dördüncü sənaye inqilabının fəal iştirakçısına çevrilir. Prezident İlham Əliyevin bu yaxınlarda Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşü və həmin görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməlinin qoyulması da ölkəmizin dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığından xəbər verir.

 

Yeri gəlmişkən, dövlətimizin başçısı görüşdə bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak edəcək. Keçən il respublikamızda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu vacib layihədə yaxşı tərəfdaş olacağını da əminliklə diqqətə çatdırdı. 
Respublikamızda sənaye islahatlarının uğurla gerçəkləşdirilməsi ilə bağlı bəzi məqamlara nəzər salaq. Xatırladaq ki, hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi artıq öz töhfəsini verib. Belə ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi təqdim olunub ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yerinin açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına bugünə kimi təxminən 2,6 milyard ABŞ dolları həcmində investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Bu il sənaye parklarında bir sıra yeni müəssisələrin işə salınması da gözlənilir. Hazırda Pirallahı Sənaye Parkında investisiya dəyəri 100 milyon ABŞ dollarından çox olan əczaçılıq, şpris və uşaq bezlərinin istehsalı müəssisələrinin yaradılması işləri görülür. 
Cari ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılan şpris müəssisəsi daxili tələbatı ödəməklə yanaşı, əlavə ixrac imkanları da yaradacaq. Bu dövrdə, həmçinin Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC tərəfindən dərman vasitələrinin qablaşdırılmasına başlanması da nəzərdə tutulur.
Ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezident və 2 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələrdə təkrar emal istiqaməti əsas götürüləcək. 
Adıçəkilən parkın hazırda 15 rezidenti var. Onlardan 7-si fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 37,3 milyon manat investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Rezidentlərdən biri süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği isə 4 milyon manatdır və 150 nəfər daimi işlə təmin olunub. Müəssisənin illik istehsal gücü 348 tondur. İstehsal sahəsində daimi iş yerləri açılıb. Burada istehsal olunan məhsulların ixracı da nəzərdə tutulub.
Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin əksəriyyəti üçün “təkrar emal” məhsulu, xammal yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınır.
Cari il ölkənin energetika sektorunda da mühüm yeniliklər gözlənilir. Bununla bağlı öncə xatırladaq ki, əvvəllər özünü elektrik enerjisi ilə təmin edə bilməyən respublikamız hazırda daxili tələbatı ödəməklə bərabər, ixrac potensialını da artırır. 
Keçən il Azərbaycanın elektrik enerjisinin ixracı 1 milyard 447,7 milyon kilovat/saat olmaqla 2017-ci illə (1,28 milyard kilovat/saat) müqayisədə 165,2 milyon kilovat/saat çoxalıb. İxrac olunan 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb.
Ümumilikdə ötən il Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci il ilə müqayisədə 14,2 faiz artıb. 2018-ci ildə Azərbaycandan ixrac olunan elektrik enerjisinin dəyəri təxminən 66 milyon ABŞ dolları təşkil edib. Ötənilki ixracın dəyəri 2017-ci illə müqayisədə 16 milyon dollaradək artıb.
Yeri gəlmişkən, ölkənin sənaye potensialı və əhalinin sayının çoxalması, eləcə də kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması elektrik enerjisinin istehsalının artırılmasını və yeni stansiyaların tikilməsini zəruri edir. Cari ildə 400 meqavat gücündə olan “Şimal 2” elektrik stansiyasının açılışı gözlənilir. 
Ümumilikdə görüləcək işlər çərçivəsində ölkədə əlavə 1500 meqavat elektrik enerjisi istehsal ediləcək. Bu artımla həm daxili tələbat ödənəcək, həm də ixracı artırmaqla ölkəyə əlavə valyutanın gətirilməsi mümkün olacaq.
İslahatlar kənd təsərrüfatında da uğurla həyata keçirilir. Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə aqrar sektorun inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin qurulması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyini təmin edilməsinə, əhalinin etibarlı kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşmasına, yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.
Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib. 
Respublikada uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Prezident İlham Əliyevin “Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır” strateji xəttinə uyğun olaraq aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, kənd təsərrüfatının inkişafında mühüm rol oynayan infrastruktur layihələrinin - Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarlarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, gerçəkləşdirilən meliorativ tədbirlər bu sahənin inkişafını sürətləndirib. 
Hazırda Azərbaycanda qeyri-neft sektorunun önəmli bir sahəsi olan kənd təsərrüfatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar bölmə sürətlə inkişaf edir. Ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır. İxracda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı getdikcə yüksəlir.
Aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib. Bu tapşırıqlar mövcud resurslardan səmərəli yararlanmaq, məhsuldarlığı artırmaq və ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. 
Müəyyənləşən vəzifələrə uyğun olaraq fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi əsas götürülür. Sevindirici haldır ki, dövlətin göstərdiyi diqqət nəticəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu nəticələr əldə olunur. Ölkədə əhalinin ərzaqla özünü təminetmə səviyyəsi yüksəlir. Ət və süd məhsulları ilə özünü təminetmə artıq 90 faizə çatır. Bütün növ tərəvəz və meyvə üzrə bu göstərici 100 faizdən çoxdur. 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Biz kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görmüşük. Təkcə keçən il 5800 texnika alınıb. Əvvəlki illərdə bəzən 9 min, 8 min texnika alınıb. Biz texnika parkımızı böyük dərəcədə təzələmişik. İstər taxılçılıqda, istər pambıqçılıqda və digər sahələrdə ən qabaqcıl şirkətlərin texnikası alınır. Ona görə biz bu sahədə işlərimizi davam etdirəcəyik”.
Kəndlilərin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Mən bilmirəm bu qədər dəstək göstərən ikinci belə ölkə varmı? Gübrə 70 faiz, yanacaq 50 faiz dövlətin hesabına, texnika dövlət tərəfindən alınaraq güzəştli şərtlərlə verilir, subsidiyalar, infrastruktur layihələri. İndi 100 min hektar torpağın dövriyyəyə cəlb olunması, suvarma suyu ilə təmin edilməsi, yolların çəkilməsi – bütün bunlar güzəştli kreditlər hesabınadır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir. Amma biz daha böyük nəticələr gözləyirik. Yəni, verilən dövlət dəstəyi real nəticələrdə öz əksini tapmır. O dəstək müqabilində daha da böyük istehsal, daha da inkişaf etmiş kənd təsərrüfatı olmalı idi”.
Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən vacib şərtlərdən biri aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olmaqdır. Ancaq bu yolla torpaqdan daha çox məhsul götürmək, ekosistemi qorumaq, daha keyfiyyətli qida əldə etmək mümkündür. Ümumiyyətlə, innovasiyaların tətbiqi ilə istehsalat xərclərini 20-30 faiz azaltmaq, məhsuldarlığı isə 20-30 faiz artırmaq olar ki, bu da istehsal edilən məhsulun maya dəyərinin 50 faizədək ucuzlaşması deməkdir.
Kənd təsərrüfatının innovativ meyarlara uyğun qurulması məqsədilə son illərdə müasir emal müəssisələri, quşçuluq və heyvandarlıq kompleksləri, aqroparklar yaradılıb. Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları üçün əksər rayonlarda iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilib.
Bu gün kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet istiqamət elan edilib. Çünki aqrar sektor dayanıqlı inkişafın təmin olunmasında, iqtisadiyyatın şaxələndirilməsində, yoxsulluğun azaldılmasında, ən əsası isə sosial problemlərin həllində və ərzaq təminatında xüsusi rol oynayır. Məhz bu amillərə görə ölkə başçısı aqrar sahəyə həssaslıqla yanaşır, kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin