Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclər Prezidentə minnətdarlıq edirlər

Gənclər Prezidentə minnətdarlıq edirlər

Ölkəmizdə uğurla davam etdirilən islahatlar siyasəti ictimai həyatımızın bütün sahələrində olduğu kimi, sosial sahədə də ciddi irəliləyişlərə zəmin yaradır. Minimum əmək haqqının və pensiyaların artırılması ölkə əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu qərarlar insanların maddi rifah halının və güzəranının yaxşılaşdırılmasını dövlətimizin daim diqqətdə saxladığını, dövlət siyasətinin mərkəzində məhz insan amilinin dayandığını bir daha sübut edir.

Dövlət başçısının son fərman və sərəncamları isə təhsil alan gənclərin maddi təminatının yaxşılaşdırılmasına xidmət edir. Ümumiyyətlə, dövlətimizin gənclər siyasəti cəmiyyət həyatının hər bir sahəsində gənclərin layiqincə təmsil olunmasına, ölkəmizin gələcək inkişafının təmin edilməsində onların daha fəal iştirakına yönəldilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublika gənclərinin bu yaxınlarda keçirilmiş toplantısındakı çıxışının əsas ideyasını da məhz bu məsələ təşkil edir. Həmin çıxışında cənab Prezident demişdi: “Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.” Dövlətimizin başçısı bu məqsədin həyata keçirilməsi üçün gəncliyin öz potensialından, yaradıcılıq imkanlarından, yeni ideya və təşəbbüslərindən geniş istifadə edilməsini, dövlət həyatının müxtəlif sahələrində, o cümlədən idarəçilik işlərində gənc vətəndaşların iştirakının gücləndirilməsini vacib sayır. Son aylarda cənab Prezidentin həyata keçirdiyi kadr siyasəti onun gənclərlə bağlı planlarının ciddiliyini, bu istiqamətdə yeni mərhələnin başlandığını təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli fərman və sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan bakalavr, magistrant və doktorantların təqaüdlərinin artırılması dövlətimizin gənclərə diqqət və qayğısının daha bir təzahürüdür. Dövlətimizin gənclərin təhsilinə nə dərəcədə mühüm əhəmiyyət verdiyini anlamaq üçün diqqəti gənclər toplantısında cənab Prezidentin səsləndirdiyi daha bir fikrə yönəltmək istərdik: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır.”
Dövlət başçısının imzaladığı mühüm sənədlərə gənclərimizin münasibətini öyrənmək üçün ali məktəb sisteminin müxtəlif pillələrində təhsil alan gənclərə müraciət etdik.
Vüqar Kərimov – Azərbaycan Dövlət Pedaqoji Universiteti riyaziyyat və informatika fakültəsinin doktorantı: 
– Ölkəmizin dünyanın qabaqcıl dövlətləri sırasına çıxması ilk növbədə biz gənclərin müasir tələblərə cavab verən mükəmməl təhsil alaraq yüksək ixtisas qazanmağımızdan asılıdır. Bunu nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev respublika gənclərinin toplantısında demişdir: “Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar.”
Dövlət başçımızın uzaqgörənliklə dediyi kimi, müasir dünyada ölkələrin tərəqqisi onların yüksək texnologiyalara nə dərəcədə mükəmməl yiyələnmələrindən çox asılıdır. Mən də bu sahədə təhsil alan gənclərdən biri kimi çalışıram ki, ixtisasıma yüksək tələblər səviyyəsində yiyələnərək gələcəkdə öz elmi araşdırmalarımla millətimə, Vətənimə fayda verə bilim.
Bütün sahələrdə insanın fəaliyyətinin səmərəsi həm də onun işinin, əməyinin necə stimullaşdırılmasından asılıdır. Bu mənada dövlət rəhbərimizin təhsil alan gənclərin təqaüdlərinin artırılması barədə sərəncamı bizi çox ruhlandırır. Mən universitetimizin gənc tədqiqatçıları adından cənab Prezidentə dərin minnətdarlığımızı bildirir və əmin etmək istəyirəm ki, Azərbaycanın bütün gəncləri onun yüksək etimadını doğrultmaq üçün əllərindən gələni edəcək, ali məktəb auditoriyasından tutmuş döyüş səngərinə qədər hər yerdə Vətənə nümunəvi xidmət göstərəcəklər. 
Xəzər Qarayev – Azərbaycan Dövlət İqtisad Universiteti ərzaq mallarının ekspertizası və marketinqi fakültəsinin magistrantı:
 – Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı bizi ürəkdən sevindirir. Bu münasibətə görə Azərbaycan gəncliyinin qəlbi daim dövlət başçımıza minnətdarlıq hissi ilə döyünür.
Bu günlərdə möhtərəm Prezidentimizin Real televiziyasına verdiyi müsahibədə gənclərlə bağlı səmimi sözlərini, tövsiyələrini diqqətlə dinlədim. Dövlət başçımız deyir ki, gənclər bilikli, savadlı olmalıdrlar, çünki hər bir ölkənin inkişafı vətəndaşların intellektual səviyyəsindən asılıdır. Bizim borcumuz isə bu tövsiyələri öz işimizlə, milli-mənəvi köklərimizə bağlılığımızla reallaşdırmaqdan ibarətdir.
Prezidentin bu günlərdə imzaladığı sərəncam dövlətimizin Azərbaycan gəncliyinə göstərdiyi etimad və qayğının yeni nümunəsidir. Biz tələbə gənclər həmin sərəncamı sevinclə qarşıladıq və çalışacağıq ki, bu etimada təhsildə qazanacağımız daha yüksək nəticələrlə cavab verək.
Mehriban Piriyeva – Azərbaycan Dövlət Pedaqoji Universiteti ibtidai təhsil fakültəsinin II kurs tələbəsi: 
– Gənc vətəndaşa verilən ən yüksək dəyər Vətənin, cəmiyyətin gələcəyi üçün onun gərəkliliyinin etiraf edilməsidir. Bu mənada dövlətimizin başçısı cənab İlham Əliyevin bütün müsahibə və çıxışlarında Azərbaycan gənclərinin fəaliyyətinə yüksək qiymət verməsi, etimadını bildirməsi ürəyimizi qürur hissi ilə doldurur. Biz bu yüksək qiymətə həmişə layiq olmağa çalışırıq. Cənab Prezidentin tələbələrin təqaüdünün artırılması haqqında sərəncamı bizi bir daha əmin etdi ki, dövlət başçımız təhsil alan gəncləri unutmur, bizim yaxşı vətəndaş və mütəxəssis kimi yetişməyimiz onu daim düşündürür.
Mən ADPU-nun ibtidai təhsil fakültəsində oxuyuram. Arzum gələcəkdə bacarıqlı müəllim kimi millətimizin balalarına savad öyrətmək, onları Vətənimizin, xalqımızın adına layiq tərbiyə etməkdir. Məncə, cənab Prezidentin respublika gənclərinin bu yaxınlarda keçirilmiş toplantısında dediyi sözlər hər bir Azərbaycan gənci, xüsusən gənc müəllimlər üçün həyat amalına çevrilməlidir: “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.”

 

Hazırladı: 
İ.ABBASOV, 
“Xalq qəzeti”

16 2019 00:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin