Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub

Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub

Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov MDB Dövlət Başçıları Şurası yanında Beynəlmiləl Hərbçilərin İşi üzrə Komitənin təsis etdiyi “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub. 
Bu yüksək mükafata sovet qoşunlarının 1989-cu ildə Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ərəfəsində layiq görülən Əfrahim Təhməzov indiyədək SSRİ-nin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley medalı, o cümlədən “Əfqan xalqından təşəkkür”, “Beynəlmiləl döyüşçü”, “İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalları, eləcə də SSRİ Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib. 
Qeyd edək ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib.
Azərbaycanlı döyüşçü, jurnalist-hüquqşünas, Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü Əfrahim Təhməzov 1979-1981-ci illərdə Əfqanıstanda keçirilən bir çox hərbi əməliyyatların iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə gələrək döyüş əməliyyatları zamanı müxtəlif bədən xəsarətləri alıb. 
Ümummilli lider, xalqımızın xilaskar oğlu Heydər Əliyev 1993-cü il noyabrın 2-də televiziya vasitəsilə xalqa müraciət edərək Azərbaycan Respublikasının bütün vətəndaşlarını həmrəyliyə, birliyə dəvət edən zaman həmin çağırışa qoşulan, Vətəninə, xalqına bağlı olan minlərlə veteran döyüşçü kimi Əfrahim Təhməzov da Dağlıq Qarabağ uğrunda döyüşlərdə iştirak edib.  
Hazırda ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək, dövlətimizin milli maraqlarının müdafiəsi istiqamətində müxtəlif mövzularda KİV-lərdə çıxışlar edir.
Keçmiş döyüşçü, ehtiyatda olan ədliyyə polkovniki bu barədə deyib: “Azərbaycan torpaqlarının bir hissəsi hələ də təcavüzkar Ermənistanın işğalı altındadır. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Aparıcı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar icra olunmur, Ermənistan məkrli siyasətindən və iddialarından əl çəkmir. Lakin Ermənistan və onların havadarları birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan gec-tez ərazi bütövlüyünü bərpa edəcək. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir. 
Ümummilli lider Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü ­uğurlu daxili və xarici siyasət hər bir vətəndaşımızda sabaha inam və əminlik hissi, işğal altındakı torpaqlarımızın azad olunmasına zəmin yaradır. Məhz dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin mayında Günnüt əməliyyatında yüksək döyüş qabiliyyəti nümayiş etdirdi. 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq əmr verəcəyi andan etibarən silaha sarılmağa, işğal olunmuş torpaqlarımızı canımız və qanımız bahasına azad etməyə hazırıq”. 

AZƏRTAC

16 2019 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin