Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi elitanın parlaq nümayəndəsi

Akademik Arif Paşayev – 85

Elmi elitanın parlaq nümayəndəsi

Müasir dövrümüzün parlaq ziyalılarından biri olan Arif Paşayevin 85 yaşı tamam oldu. Ömrünün müdriklik zirvəsində olan akademik A.Paşayev çoxşaxəli elmi fəaliyyəti ilə Azərbaycan elmini zənginləşdirməkdə və yeni nəsil alimlərin yetişməsində böyük rol oynamaqdadır. Elm sahəsindəki nailiyyətlərinə görə bir sıra yüksək mükafatlara layiq görülən Arif Paşayev, akademik Akif Əlizadənin təbirincə desək, həm də elmi elitanın qabaqcıl düşüncə səviyyəsinin təcəssümüdür.

Böyük filosof Konfutsi deyirdi ki, hər kəsin xarakteri onun taleyini müəyyən edir. Xarakterin formalaşmasında da insanın böyüdüyü və tərbiyə aldığı mühit müstəsna rol oynayır. Akademik Arif Paşayev 1934-cü il fevralın 15-də Bakı şəhərində Azərbaycanın tanınmış yazıçısı, görkəmli pedaqoq və ədəbiyyat xadimi, çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas – nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutmuş Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illərinin də dövrün böyük, adlı-sanlı tanınmış şəxsiyyətlərinin əhatəsində keçməsi Arif Paşayevin şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdır. 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Akademik Arif Paşayev – intellektual və mənəvi səma zirvəsində” adlı məqaləsində bununla bağlı yazır: “Ot kökü üstə bitər, – deyiblər. Akademik Arif Paşayev Mir Cəlal müəllimin övladı olaraq bu ailənin mənəvi və intellektual ənənələrini ləyaqətlə davam etdirmişdir. Mir Cəlal müəllimin qürurla və uzaqgörənliklə söylədiyi "Mənim ən böyük əsərim ailəmdir" – fikri bu ailənin timsalında öz parlaq təsdiqini tapmışdır. Məhz belə bir şəxsiyyətin tərbiyəsinin nəticəsidir ki, Arif Paşayev insanlara münasibətdə yüksək mədəniyyət, təmənnasızlıq və xeyirxahlıq ənənəsini yaşatmış, onun fəaliyyətinin əsas prioritetlərini elm, təhsil və yüksək mənəvi dəyərlərə sadiqlik təşkil etmişdir”. Məhz belə bir genişmiqyaslı münbit mühit akademik Arif Paşayevin dünyagörüşünün formalaşmasında əvəzsiz rol oynamışdır. 
Ali təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda alan Arif Paşayevin ilk iş yeri Bakı Dövlət Universiteti və ilk vəzifəsi laborant olmuşdu. Azərbaycan MEA Fizika İnstitutunda 1959-cu ildən elmi fəaliyyətə başlayan Arif Paşayev həmin vaxtda yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. 
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Elmlər Akademiyası sistemində ilk dəfə olaraq yüksək həssaslığa malik qurğu yaradılması məhz Arif Paşayevin adı ilə bağlıdır. O, yüksək və ifrat yüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatlarının fiziki əsaslarının yaradıcısı hesab edilir. 1960-cı ildə keçmiş Sovetlər İttifaqının aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun (QİREDMET) aspiranturasına qəbul olan gənc A.Paşayev 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi katibi vəzifəsinə təyin edilmişdir. Elə həmin ildə "Yüksək və ifrat yüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Arif Paşayev 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsindəki nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 
Böyük fransız riyaziyyatçısı və filosofu Rene Dekart yazırdı ki, insan haqqında onun istedadına görə yox, bu istedaddan necə faydalandığına görə mühakimə yürütmək olar. Akademik Arif Paşayev elmi fəaliyyəti və əldə etdiyi elmi-pedaqoji uğurları ilə çox isdedadlı alim və şəxsiyyət olduğunu sübut etmişdir. O, elmi araşdırmalarında yarımkeçiricilərdə elektrik, fotoelektrik və digər xassələri kontaktsız tədqiq etmək metodunu işləyib hazırlamışdır. Bu ixtiraların və elmi işlərin nəticəsi olaraq, alim tərəfindən təklif edilən cihazların kütləvi istehsalına başlanılmış və həmin işlərə Arif Paşayevin özü rəhbərlik etmişdir. 
O,1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. Akademik Arif Paşayev 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə Biblioqrafiya 35 istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi almışdır. A.Paşayev fizika sahəsində əldə etdiyi nailiyyətlərinə görə 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. Elm sahəsindəki yüksək xidmətlərinə görə 2004-cü ildə “Şöhrət” ordeni, 2009-cu ildə isə “Şərəf” ordeni ilə təltif edilmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Arif Paşayev “İstiqlal” ordeninə layiq görülmüşdür. 
Akademik Arif Paşayev uzun müddətdir ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olan Milli Aviasiya Akademiyasının rektorudur. Məhz onun gərgin əməyi sayəsində Milli Aviasiya Akademiyasının maddi-texniki bazası təkmilləşdirilmiş, təhsil ocağında yeni tədris korpusları tikilmiş, müasir tələblərə cavab verən laboratoriyalar qurulmuş, akademiyada yeni ixtisaslar açılmışdır. Milli aviasiya kadrlarının hazırlanmasında akademiyanın və onun rektoru akademik Arif Paşayevin böyük xidməti var. 
Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Bütün bunların nəticəsində akademiya Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə “Mülki Aviasiya ali təhsil müəssisəsi” sertifikatına layiq görülmüş və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilmişdir. Bundan başqa, Milli Aviasiya Akademiyası “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) regional tədris mərkəzi statusunu almışdır. 
Akademik Arif Paşayev təhsil sahəsindəki nümunəvi xidmətlərinə və aviasiya mütəxəssislərinin hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə görə 2008-ci ildə Beynəlxalq Aviasiya Komitəsinin "Qızıl medal"ına layiq görülmüşdür. Xüsusilə qeyd olunmalıdır ki, dünyada ilk dəfə akademik Arif Paşayevin rəhbərliyi ilə işlənib hazırlanmış "Təyyarə salonlarının dezinfeksiyası üçün ozonlaşdırma üsulu və qurğusu"na İsveçrədə PCT Beynəlxalq Patent Təşkilatının patenti verilmişdir. Bundan başqa, Azərbaycan MEA-nın həqiqi üzvü olan Arif Paşayev, eyni zamanda, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının akademiki, bir sıra universitetlərin fəxri doktoru və professorudur. O, həmçinin Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, Azərbaycan MEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədridir.
Ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlimini və yüksək vətənpərvərlik ruhunda tərbiyəsini həmişə diqqətdə saxlayan akademik Arif Paşayev həm də qayğıkeş ata və sevimli babadır. Akademik Akif Əlizadə bununla bağlı yazır: “O özü kimi vətənpərvər, humanist ruhlu övladlar və nəvələr tərbiyə etmişdir və onlar da müxtəlif sahələrdə Vətənə layiqincə xidmət edirlər”. Hörmətli akademik Arif Paşayevin övladları Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva cəmiyyətin sosial-mədəni həyatında, elmin, təhsilin inkişafında yaxından iştirak edirlər. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva milli mədəniyyətimizin təbliğində, xeyriyyəçilik fəaliyyətində, o cümlədən idmanın inkişafında böyük uğurlara imza atır. Akademikin böyük qızı Nərgiz xanım Paşayeva Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. AMEA-nın həqiqi üzvü olan Nərgiz xanım Paşayeva İngiltərə –Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəridir. 
Akademik Arif Paşayevi ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmin və təhsilin daha da inkişaf etdirilməsinə yönəlmiş dəyərli fəaliyyətində uğurlar arzulayırıq.

“Xalq qəzeti”

16 2019 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin