Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir

Konstitusiya Məhkəməsi  gənc hüquqşünasları  könüllü fəaliyyətə dəvət edir

Gəncliyin milli ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün olduqca önəmlidir. Müasir cəmiyyətin aparıcı təbəqəsi gənclər olduğundan inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Öz gələcəyini düşünən hər bir cəmiyyət daim gənclərə qayğı göstərir. Bununla da cəmiyyət özünün gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. 
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev demokratik islahatlara və insan hüquqlarının qorunmasına hər zaman önəm verib, ictimai-siyasi, mədəni həyatın müxtəlif sahələrində sistemli islahatlar apararaq bütün bu proseslərdə gənclərin roluna xüsusi diqqət yetirib. Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri hər zaman həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri hesab edib.
1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gəncləri Günü təsis edilib. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ulu öndər tərəfindən müəyyən edilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Könüllülük fəaliyyəti haqqında” Qanun qəbul olunub, minlərlə gənc müxtəlif təşkilatlarda, o cümlədən “ASAN könüllülər” şəbəkəsində fəaliyyətə cəlb olunmaqla cəmiyyətimizin fəal üzvlərinə çevrilib. “ASAN könüllüləri” Təşkilatı yarandığı gündən respublikada aparılan gənclər siyasətinin ən böyük dəstəkçilərindən biri olub.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev könüllülüyün çox nəcib iş olduğunu və hər bir gəncin öz dövlətinə bağlılığını göstərdiyini, bu institutun Azərbaycanda daha da sürətlə formalaşacağını xüsusi vurğulayıb.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında məhz gənc əməkdaşlar çoxluq təşkil edirlər. Bilikli hüquqşünaslar gördükləri işləri ilə Məhkəmənin fəaliyyətinə böyük töhfə verirlər.
Konstitusiya Məhkəməsi ölkənin gənc hüquqşünasları arasında Konstitusiya biliklərinin artırılmasına önəm verir. Konstitusiya Məhkəməsinin könüllülərlə birgə işbirliyi dövlətin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin tərkib hissəsidir. 2008-ci ildən etibarən Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycanın müxtəlif regionlarında ali və orta məktəblərin tələbələri və yuxarı sinif şagirdləri arasında mütəmadi olaraq Konstitusiya Gününə həsr edilmiş hüquq olimpiadaları keçirilir. Son illər bu cür hüquq olimpiadaları geniş vüsət alaraq, daha məzmunlu və əhatəli şəkildə təşkil olunub. Artıq neçə ildir ki, Konstitusiya Məhkəməsinə təcrübəyə gələn tələbələr məhkəmənin Plenum iclaslarında və görüşlərdə iştirak edir, bilik və bacarıqlarını artırır, təkmilləşdirirlər.
Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi ölkənin müxtəlif ali təhsil müəssisələrinin hüquq və digər fakültələrində təhsil alan, hüquq sahəsində əldə etdikləri nəzəri bilikləri təcrübədə həyata keçirmək istəyən tələbələri mütəmadi olaraq dəvət edir. Könüllülər üçün məhkəmənin fəaliyyəti ilə tanış olma, ayrı-ayrı şöbələrində təcrübə keçmə, hakimlərin iş təcrübəsini öyrənmə imkanı yaradılır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən qərarlarla tanış olmaq, həmçinin Plenumun iclaslarında iştirak etmək üçün lazımi şərait yaradılır.
Gənclər məhkəmədə əldə etdikləri təcrübədən gələcək fəaliyyətlərində də istifadə edə biləcəklər.
Bu ildən etibarən könüllülərin məhkəmədə daha da fəal iştirakı və bununla bağlı təcrübə işlərinin genişləndirilməsi nəzərdə tutulur. Könüllülər, həmçinin vətəndaşların qəbulunda bilavasitə iştirak edə biləcəklər. Konstitusiya Məhkəməsinə müraciət edən vətəndaşların qəbulunda könüllülər üçün fərdi şikayətlər vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə daha yaxından tanış olmalarına imkan yaradılacaq.
Bununla əlaqədar, hüquqşünaslıq ixtisasları üzrə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinin sonuncu kurslarında, habelə magistratura səviyyələrində təhsil alan gənclər Konstitusiya Məhkəməsinə könüllü fəaliyyətə dəvət edilir.
Konstitusiya Məhkəməsinə gəlmək istəyənlər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə Məhkəmənin internet səhifəsindən www.constcourt.gov.az onlayn müraciət edə və yaxud [email protected] elektron ünvana məktub yaza bilərlər.
Əlavə məlumat üçün Konstitusiya Məhkəməsi Aparatının Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin (012) 492-99-73, (012) 492-26-12 telefon nömrələrinə zəng etmək olar.

16 2019 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin