Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir

Prezident İlham Əliyev bundan sonra da ordumuzun ən müasir silahlar və texnika ilə təchiz olunacağını bildirib

Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir

Peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu baxımdan, işğal altında olan ərazilərimizin öz gücümüzə azad edilməsi üçün nizami ordunun formalaşdırılması zəruri məsələlərdən idi. Dövlətimizin başçısı bu vəzifəni həyata keçirdiyi siyasətin prioritetinə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılması sahəsində qətiyyətli addım oldu. Qısa müddətdə müxtəlif növ atıcı silahlar və döyüş vasitələri, artilleriya qurğuları, zirehli texnika, o cümlədən müxtəlif aviasiya bombaları, pilotsuz uçan aparatlar, atıcı silahlar üçün döyüş ləvazimatları, kiçik kalibrli avtomat tapançalar, optik cihazlar, müasir raket quraşdırıcıları və digər məhsullar – gizlənmə dəsti, qranatomyot, minaların və NATO standartlarına cavab verən tapançaların istehsalına başlandı. Hazırda Azərbaycanda 1200 növə yaxın müdafiə təyinatlı məmulatlar istehsal olunur. Silahlı Qüvvələrimiz qısa müddətdə nizami ordu kimi formalaşmağa başladı. Döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlər ordu quruculuğunda böyük rol oynadı. 

2019-cu ildə Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC-nin yaradılması ilə bağlı imzaladığı fərman Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məhsullarla təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Ölkədə hərbi xərclərin artırılması, hərbçilərin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.
Azərbaycan xalqını və dövlətini daim narahat edən Dağlıq Qarabağ problemi, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olması, bir milyondan artıq soydaşımızın ata-baba yurdlarından didərgin salınmasıdır. Bu problemin aradan qaldırılması istiqamətində mühüm işlər həyata keçirilir. Silahlı Qüvvələrin möhkəmləndirilməsi də dövlətin prioritet sahələrindən ən zərurisidir. Ordumuz müasir silah və texnika ilə təchiz olunur, şəxsi heyətin sosial bazasının möhkəmləndirilməsi məqsədilə yeni hərbi hissələr yaradılır, şəhərciklər, xidməti mənzillər tikilərək əsgər, gizir və zabitlərin istifadəsinə verilir. Daha bir hərbi hissə Beyləqan rayonu ərazisində inşa olunub. 
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev fevralın 13-də Beyləqan rayonuna səfəri zamanı Müdafiə Nazirliyinin bu rayon ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, inşasına 2017-ci ildən başlanılmış və 13 hektar ərazini əhatə edən “N” saylı hərbi hissədə artıq tikinti işlərinin birinci mərhələsi başa çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. 
Müasir tələblər səviyyəsində qurulmuş hərbi şəhərcikdə inzibati, xidməti, yaşayış, texniki binalar inşa olunub, qurğular yerləşdirilib. Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşdirilməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Ailəli hərbi qulluqçuların yerləşdirilməsi də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə birmərtəbəli dörd xidməti yaşayış binasında 32-si üçotaqlı, 16-sı ikiotaqlı olmaqla 48 mənzilin tikintisi davam etdirilir. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sıra meydanı da salınıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu. İlk məqamda diqqəti cəlb edən yaylım atəşli reaktiv sistem -SMERÇ kompleksi oldu. Bu hərbi texnika reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinə, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub. Məlumat verildi ki, 122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib. 220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin tağım - dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub.
152 millimetrlik 2A36 topu da diqqəti cəlb edib. Bu top vasitəsilə düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini sıradan çıxarmaq və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq mümkündür. Hərbi hissə ilə tanışlıq zamanı 130 millimetrlik M46 topu, 120 millimetrlik “Nizə” minaatanı, tank əleyhinə idarə olunan raket kompleksi “Xrizantema-S”, Tank əleyhinə raket kompleksi “SPİKE-LR”, “SPİKE-ER” qurğusu, “Orbiter-2B” pilotsuz uçuş aparatı, “R-010SC” komanda-qərargah maşını, “R-010SC” radioidarəetmə məntəqəsi barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, nümayiş olunan hərbi texnikalar vasitəsilə düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq, həmçinin düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək mümkündür.
“SPİKE-ER” qurğusu isə döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşan, 400 metrdən 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün raket buraxıcı ­sistemdir. 
Bu texnikalar, ­sutkanın istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq, hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Tank əleyhinə raket kompleksi düşmənin 200 metrdən 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül çöl müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə də dəqiq atəş açmaq imkanı yaradır, həmçinin hava kəşfiyyatını aparmaq, istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək, kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, haubitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin olunub. 
“N” saylı hərbi hissədə yaradılan şəraitlə tanışlıq zamanı məlum oldu ki, şəxsi heyətə ixtisaslı tibbi yardımın göstərilməsi məqsədilə ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş tibb məntəqəsi, qarovul məntəqəsi, yemək zalından, yeməkbişirmə, ərzaq və təsərrüfat otaqlarından, ərzaq və soyuducu anbarlardan ibarət yeməkxana binası inşa olunub. Ərazidə gündəlik 720 kiloqram paltar yumaq, qurutmaq və ütüləmək imkanına malik hamamxana-camaşırxana-qazanxana kompleksi yaradılıb. Hərbi hissədə avtomobil və xüsusi texnikanın yerləşdirilməsi üçün park da salınıb.
Prezident İlham Əliyev yeməkxanada yaradılan şəraitlə də maraqlandı, hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi. Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbçilərlə bir yerdə nahar etməsi əsgər və zabitlərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəldir. Onlar arxalarında Ali Baş Komandanın, dövlətin qayğısını hiss edirlər. 
Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrdə aparılan yenidənqurma işləri ilə şəxsən tanışlığı və təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasında böyük rol oynayır, hərbçilərimizi işğal altındakı torpaqlarımızın azad edilməsi yolunda hər an savaşa qalxmağa ruhlandırır.
2016-cı ildə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsinin azad olunması, Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamağa imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin ələ keçirilməsi, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Günnüt kəndinin 26 ildən sonra ordumuzun nəzarəti altına alınması və bunun da nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağın işğaldan azad edilməsi, ümumilikdə 11 min hektara yaxın ərazinin nəzarət altına alınması ordumuzun düşmənə hər an layiqli müqavimət göstərmək əzmindən xəbər verir. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

15 2019 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə