Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar və dinamik inkişaf Mil düzünə yeni rövnəq verir

İslahatlar və dinamik inkişaf Mil düzünə yeni rövnəq verir

Azərbaycan dövlətinin son 15 ildəki inkişafı, aparılan islahatlar, reallaşdırılan dövlət proqramları və özəl sektorun yüksək səviyyədə dəstəklənməsi bütün bölgələrimizin tərəqqisinə zəmin yaradıb. Həmin tərəqqini sürətləndirən əsas amillərdən biri də Prezident İlham Əliyevin müntəzəm olaraq ölkənin müxtəlif bölgələrinə səfərlər etməsidir. Dövlət başçımızın fevralın 13 - də Beyləqan səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 
Bölgələrin inkişafı ilə bağlı danışarkən söz açılmalı ilk məsələlərdən biri də həm respublika əhəmiyyətli, həm də daxili yolların müasir standartlara cavab verən şəkildə tamamilə yenidən qurulmasıdır. Dövlət başçımız yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində demişdir ki, hazırda kənd yollarının tikintisi geniş vüsət alıb: “Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir”.
Cənab Prezidentin Beyləqan səfəri çərçivəsində də ölkənin avtomobil yollarından birinin -- tamamilə yenidən qurulmuş Mingəçevir – Stansiya, Mingəçevir – Bəhrəmtəpə -- Beyləqan avtomobil yolunun açılış mərasimi keçirildi. Dövlət başçısına məlumat verildi ki, bu yol 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Mingəçevir-Stansiya. Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 14,6 milyon manat ayrılıb. Uzunluğu 20,5 kilometr olan yolun hərəkət hissəsinin eni 6-14 metrdir. 
Maraqlıdır ki, dövlət başçımız Beyləqan Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi mərasimindəki çıxışında da yol məsələsinə xüsusi toxundu: “Bu gün biz yeni yolun açılışını qeyd etdik. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq ki, kənd yollarının təmiri, bərpası, tikintisi daha da geniş vüsət alsın. Bu günə qədər bir neçə layihə icra edilmişdir. Bunlar daha da geniş miqyasda icra edilməlidir”. 
Bilavasitə Mil torpağına, Beyləqan rayonuna gəlincə isə dövlət başçımız xatırlatdı ki, 2016-cı ildə Beyləqan şəhərinin içməli su problemi öz həllini tapdı: “Yəni, rayonun inkişafı ilə bağlı ardıcıl siyasət aparılır. Əlbəttə ki, sosial infrastruktur da burada çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, Beyləqanda 140 çarpayılıq rayon mərkəzi xəstəxanası, bir çox məktəblər tikilmişdir. İndi mənə dedilər ki, Dünyamalılar kəndində yerləşən məktəb uyğunlaşdırılmış binadadır. O məktəbin tikintisi ilə bağlı göstəriş veriləcək. Gözəl Olimpiya Kompleksi yaradılıb, digər sosial obyektlər, Gənclər Mərkəzi fəaliyyət göstərir. Yəni, bir sözlə, rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub-yaradacaq, ümumi işimizə töhfə verəcəklər”.
Bütün bunlar o deməkdir ki, ölkədə həyata keçirilən islahatlar Mil düzünə yeni inkişaf, tərəqqi, rövnəq verir. Bu isə dövlət başçımızın regionların inkişafına ayırdığı diqqət və qayğının nəticəsidir. 

 

Tofiq BAKIXANOV, 
Xalq artisti, professor

15 2019 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə