Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsiminin bədii-fəlsəfi irsində kamil insan təlimi

Nəsiminin bədii-fəlsəfi irsində kamil insan təlimi

Böyük mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatı tarixində fəlsəfi şeirin özülünü qoymuş, bədii sözü ­forma və məzmunca zənginləşdirmiş ustad sənətkar, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən ustad ədibdir. Nəsimi yaradıcılığı nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına, eləcə də ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

 

Nəsimi öz əsərlərini Yaxın və Orta Şərqdə geniş yayılmış üç dildə: ərəb, fars və Azərbaycan dillərində yaradan ilk böyük söz ustasıdır. O, bu dillərdə divanlarını ərsəyə gətirmişdir. Müxtəlif dillərdə yazıb-yaratmaq qabiliyyəti şairə öz mütərəqqi fikirlərini geniş təbliğ etmək imkanı yaratmış, xalqlar arasında mədəni əlaqələrin və ədəbi mühitin inkişafında mühüm rol oynamışdır. Ötən 7 əsr dönə-dönə sübut etmişdir ki, Nəsimi öz yaradıcılığı ilə bütün bəşəriyyəti düşündürən mövzu və ideyalara öz söz möhürünü vurmuş nəhəng ədəbi sima, bu dəyərlər yolunda canından belə keçmiş gerçək qəhrəmandır. 
2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin ölümünün 600-cü ildönümümünün bəşəri bir tarix kimi yad edilməsi, bu il isə böyük ədəbi klassikimizin anadan olmasının 650 illiyinin ölkəmizdə və beynəlxalq aləmdə daha geniş və təntənə ilə qeyd edilməsinin qərara alınması dünya ədəbiyyatı xəzinəsini zənginləşdirmiş Azərbaycan şairinin irsinin əbədiyaşarlığının, şəxsiyyətinin ölməzliyinin göstəricisidir. Prezident İlham Əliyevin şairin növbəti yubileyi şərəfinə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi xalqımızın və dövlətimizin öz dahi oğluna verdiyi layiqli qiyməti bütün dünyaya nümayiş etdirir.
Nəsimi insanların qəlbini, onların mənəvi dünyasını misilsiz ustalıqla bədii-fəlsəfi araşdırmadan keçirmiş, nəticədə, insanı kainatın ən kamil varlığı kimi ulu Yaradanın mahiyyətinə yaxınlaşdırmış təlimin poetik formulunu yaratmışdır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri mükəmməl və gerçəkliyə uyğundur. “Bulunmaz” rədifli qəzəlində şair hünər sahibi olmaq, xalqa əməllə xidmət etmək kimi bəşəri ideyaya öz təfsirini belə verir:

Hər bihünər insafı yox, uş mənsəbi tutdu, 
Sahib hünərə mənsəbü idrar bulunmaz, 
Xəlqin əməli azdı, könül yıxıcı ögüş, 
Bir xəstə könül yapıcı memar bulunmaz.

Nəsimi belə hesab edirdi ki, nəfsi öldürmək kamil insana məxsus ən böyük bir mənəvi qəhrəmanlıqdır: “Nəfsə qalib gəlmək Xeybər qalasını almaqdan çətindir”. Nəfs düşkünü olan insan isə adi bir heyvandan seçilmir. Eşq yolunu tutan öz ruhuna qida verən, könlündə ilahi nuru gəzdirən, idealını arayıb axtaran insandır. İkilik pərdəsini aradan qaldıran insan sirləri duya bilər, gizli aləmi anlamaqla haqqa qovuşar.
Nəsimi ideal bir biçimdə insanın bəşəri keyfiyyətlərini incələyir, mənalandırır, poetik səviyyəyə yüksəldir. Nəsimiyə görə, “mən” zirvədir, elə bir gözəllikdir ki, əgər insan özünü dərk edərsə, o ülviyyətə yüksələr. Şairin fikrincə, insan bütöv bir aləmdir, külli kainatdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, yaradıcılığı boyu insanı özünü dərk etməyə çağırmışdır. Nəsiminin “Bəhrüləsrar” adlı fəlsəfi qəsidəsi bu baxımdan xüsusi seçilir. Bu əsər dərin fəlsəfi məzmunu ilə bərabər, həm də önəmli nəsihət və çağırışlarla zəngindir. Bu mənzumədə şair insanı özünü anlamağa, həyat və ölüm haqqında düşünməyə, xəyyamanə bir ruh ilə dünyanın başdan-başa acı və şirinliklərlə dolu olduğunu dərk etməyə səsləyir. Nəsimi anladır ki, ömrünü sərvət qazanmağa sərf edənlər əzab və gərəksiz yükdən başqa heç bir şeyə sahib ola bilməzlər: 
Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qor tək ərir hər an günəşdən, şölədən
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək
Aqil insan zər üçün öz ömrünü verməz hədər.

Nəsimi yaradıcılığı zaman-zaman işıqlı ideyalar qaynağı kimi müasir sayılmış, yeni nəsillərin mükəmməl tərbiyəsində mənəvi zənginlik mənbəyinə çevrilmişdir. Bu gün gənc nəslin tərbiyəsində Nəsimi yaradıcılığı yenə kamil insan formulunu diqtə edir. Bu mənəvi yüksəliş təlimi zəmanəmizdə də ideal insan şərəfinə heyranedici bir himn kimi səslənir. Belə bir gözəllik və qüdrət yalnız özünü tanımış, bəşərin mahiyyətinə varmış kamil insanlara xasdır. Nəsiminin əsərlərində əksini tapmış özünü tanımaq yolları, yetkinliyə çatmaq bacarığı, üstün dəyərləri üzə çıxarmaq və onlara yön vermək üsulları çağdaş elmi-pedaqoji düşüncənin əsas ideyaları ilə çox uzlaşır.

 


Prezident İlham Əliyevin şairin növbəti yubileyi şərəfinə 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi xalqımızın və dövlətimizin öz dahi oğluna verdiyi layiqli qiyməti bütün dünyaya nümayiş etdirir.



Böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, ədalət ideyalarının dönməz carçılarından biri olmuş Nəsiminin zəngin bədii-fəlsəfi irsi insanlığa dəyişdirici, saflaşdırıcı gücü bugün də önəmli və təsirlidir. Şairin dərin humanizmini qlobal-bəşəri mahiyyətə yüksəldən poetik məharəti, dilinin şirinliyi və axıçılığı, heyrətamiz şeiriyyət ahəngi, şühhəsiz və ilk növbədə, Nəsiminin milli özünəməxsusluğuna əlavə rövnəq verdiyi doğma xalqına bizim günlərdə də mənəvi zənginlik gətirir, soydaşlarımızın estetik zövqünün yüksəlməsinə xidmət edir. 
Yaşadığı dövrün xalq dilinin üslub-qrammatik imkanlarından yaradıcı şəkildə bəhrələnmək və yazılı ədəbi dilin formalaşmasına təsiri araşdırmaq baxımından da Nəsimi şeiri misilsiz bir qaynaqdır. Nəsimi dilinin mükəmməlliyi, ən incə mətləbləri ifadə etmək qüdrəti belə bir dilin, ən azı, özünədək min illik bir inkişaf keçdiyinin mötəbər təsdiqidir. Bu baxımdan Nəsimi şeirində rəqibi dəqiq və tutarlı cavablandırmaq məharəti görün necə incəliklə ifadə edilmişdir:
Rəqib məndən sorur: nəndir sənin yar?
Rəfiqimdir, həbibimdir – nəm olsun!

Nəsimi yaradıcılığında dini-fəlsəfi mövzunu dünyəvi ideya axtarışları üzvi surətdə tamamlayır. Gerçəkliyi əks etdirən şeirlərdə səmimiyyət və təbiilik daha qabarıqdır. Belə poetik nümunələr xəlqiliyi, dil-ifadə və üslub gözəlliyi ilə fərqlənir. İnsan səadəti, onun ruhi sərbəstliyi, mənəvi azadlığı həmin şeirlərin aparıcı xəttini təşkil edir. Şəxsiyyətin doğru yolda olması, daxili bütövlüyü, haqqa tapınması Nəsiminin estetik axtarışlarında başlıca hədəfdir: 
Qanı bir əhdi peyman bütün yar,
Qanı bir qövlü gerçək, doğru dildir.
Qanı, həqqi bilən bir gercək ər kim,
Ola doğru anın dilində göftar?

Nəsimi irsinin qorunması və öyrənilməsi istiqamətində ölkəmizdə zəruri işlərin önəmli bir hissəsi uğurla gerçəkləşdirilmişdir. Bu yöndə işlərin davamına dövlət səviyyəsində çox böyük diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamı görkəmli şairin ədəbiyyat və ictimai fikir tariximizdə tutduğu önəmli mövqeyi bir daha təsdiq edir. 
Həmin sərəncamda Nəsimi irsinin tarixi əhəmiyyəti və çağdaş dəyəri çox yüksək dəyərləndirilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir”. 
Ölkə Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi isə şairə onun Vətənində 6 əsr sonra qurulmuş müstəqil dövlətin ümummilli səviyyədə verdiyi dəyərin, xalqımızın öz dahi oğluna bəslədiyi ehtiramın ən yüksək ifadəsidir. 

Ruhəngiz ƏLİYEVA,
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

15 2019 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə