Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd təsərrüfatının inkişafında gənclərin rolu böyükdür

Kənd təsərrüfatının inkişafında gənclərin rolu böyükdür

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar İnkişaf Könüllülərinin dəstəyi, Heyvandarlıq Elmi Tədqiqat İnstitunun təşkilatçılığı ilə “Kənd Təsərrüfatının inkişafında gənclərin rolu” adlı konfrans keçirilib. Konfransın əsas məqsədi gənclərin aqrar sahəyə, kənd təsərrüfatına marağının artırılması və ölkədə aparılan aqrar islahatlarda gənclərin iştirakının təmin edilməsi olub.

Konfransı giriş sözü ilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru, dosent Mahir Hacıyev açaraq qeyd etmişdir ki, Azərbaycan kənd təsərrüfatının inkişafı ilə bağlı güclü ənənələrə malik olan bir ölkədir. Ulu Öndər Heydər Əliyev hələ 70-80-ci illərdə respublikaya rəhbərlik edərkən Azərbaycan keçmiş ittifaq respublikaları arasında kənd təsərrüfatı güclü inkişaf edən bir ölkəyə çevrilmişdi. Bu gün də dövlət başçısı cənab İlham Əliyev digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını  prioritet istiqamət kimi bəyan edib. Məhz həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda kənd təsərrüfatında mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaranıb.

Millət vəkili Naqif Həmzəyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinin bir çox ölkələr üçün nümunə olduğunu bildirib. Millət vəkili gənclərin cəmiyyətdəki xüsusi rolundan söz açıb, gəncliyin inkişafına hər zaman dövlət tərəfindən göstərilən qayğının gündən-günə artdığını qeyd edib. Naqif Həmzəyev son illər gənclər arasında aqrar sahəyə olan marağı yüksək dəyərləndirib və deyib ki, ölkə Başçısının Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşü zamanı söylədiyi dəyərli fikirlər onların daha  məsuliyyətli olmasına, aqrar sahədəki fəaliyyətlərinə güclü bir təkandır.

“Aqrar İnkişaf Könüllüləri” ictimai hərəkatının rəhbəri Sarvan Cəbrayılzadə çıxış edərək bir qrup gəncin təşəbbüsü ilə yaradılan hərəkatın məqsədindən, fəaliyyətindən danışıb. Qeyd edib ki, bu günün gəncləri aqrar sektorun inkişafına ictimai dəstək verməklə yanaşı aqrar sahədəki problemlərin həll yollarını tapmaq üçün yeni, innovativ texnologiyaların tətbiqindən məharətlə istifadə edir, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməyi bacarırlar.

Aqrar Elm və İnnovasiya Mərkəzi Aqrar Tədqiqatların Tətbiqi Şöbəsinin müdiri Pərviz Cəfərov, Göygöy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın İnkişafgı şöbəsinin müdiri Asəf Ömərov,Göygöl Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Bitki Mühafizə və Texniki Bitkilər Tədqiqat İnstitunun direktoru Vüqar Bəşirov və başqaları çıxış edərək gənclərə göstərilən dövlət dəstəyindən, aqrar sahədə gənclərin rolundan ətraflı danışmışlar.

Konfrans işini “Aqrar sahədə könüllülük proqramı və könüllülərin rolu” mövzusunda panel iclaslarla davam etdirib.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

15 2019 12:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə