Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Bələdiyyələrin fəaliyyəti mətbuatda az işıqlandırılır

Q.Paşayeva: Bələdiyyələrin fəaliyyəti mətbuatda az işıqlandırılır

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"nin Milli Məclisdə müzakirəsi zamanı deputat Qənirə Paşayeva bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarı kimi bir neçə önəmli məsələlərə toxunmaq istədiyini bildirdi:

"İllik məruzədə qeyd edilir ki, mədən vergi ödəyicilərinin, mehmanxana, sanatoriya, kurort və turizm xidmətləri göstərən şəxslərin uçotdan yayınmasına yol verilir. Bu isə bələdiyyə orqanlarının maliyyələşməsinə öz ciddi təsirini göstərir. Yerli özünü idarəetmə orqanlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu sahəyə diqqət yetirilməlidir. Sənəddə vurğulandığı kimi, qanunla nəzarət mexanizminin yaradılması və bu ödənişin müəyyən edilməsi və hesablanması qaydasının təkmilləşməsinə ciddi ehtiyac var və hesab  edirəm ki, bu məsələ ilə bağlı müvafiq komitələrdə və Milli Məclisdə müzakirəyə çıxarılaraq bələdiyyələrin büdcə gəlirlərinə öz müsbət təsirini göstərə bilən mexanizmlərin və qaydaların yaradılması vacibdir. Məruzədən də göründüyü kimi,  bələdiyyələrimizdə təşəbbüskarlıq və peşəkar kadrlar məsələsi kimi ciddi problemlər vardır”.

Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verildiyini, lakin məruzədən göründüyü kimi, bu müddət ərzində yalnız 50-yə yaxın  kommersiya qurumu yaradıldığını, onların da əksəriyyətinin fəaliyyət göstərmədiyini, bəzilərindən isə bələdiyyələrin büdcəsinə mənfəət  daxil olmadığını diqqətə çatdırdı: “Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri və üzvləri  daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar. Dövlətimizin bələdiyyələr üçün yaratdığı imkanlardan istifadə etmələrinə ehtiyac var. Məruzədə qeyd edilir ki, bələdiyyələr bir sıra sosial-iqtisadi problemlərin həllində iştirak edirlər, lakin bu barədə ictimaiyyətə geniş şəkildə məlumatlar verilmir”.

Q.Paşayeva  jurnalistləri bələdiyyələrin fəaliyyətini daha tez-tez və geniş işıqlandırmağa çağırdı, bildirdi ki, bu məsələdə bələdiyyələrin özləri də aktivlik göstərməli, saytları fəal olmalıdır. Bələdiyyələrin Milli Assosiasiyası dövlət büdcəsindən maliyyələşən telekanallarda bələdiyyələrin fəaliyyət ilə bağlı hər həftə bir verilişin keçirilməsinə nail olmalıdırlar. 

Deputat, həmçinin bələdiyyələrin  sosial şəbəkələrdən az istifadə etdiklərini, bunun da onların fəaliyyətinin cəmiyyətə çatdırılmasına öz təsirini göstərdiyini vurğuladı:  “Qardaş Türkiyədə hər bir bələdiyyənin və  bələdiyyə sədrinin, sosial şəbəkələrdə, misal üçün “Facebook” və "twitter"də  səhifələri var. Bunun üçün hər hansı əlavə vəsait lazım deyil, ancaq bələdiyyələr üçün cəmiyyətə lazımı məlumatların ötürülməsində önəmli platformadır. Ona görə də bizim bələdiyyələr sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar."

Qəbiristanlıqların saxlanması, istifadəsi və s. ilə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsi barədə qanuna dəyişikliklərin 2017-ci ilin sonunda edilməsinə baxmayaraq, hələ də bu istiqamətdə məsələlərin tam başa çatmadığını deyən  Q.Paşayeva bu işlərin sürətlənməsinin vacib olduğunu  qeyd edib. Çıxışının sonunda Tovuzdan-- seçiciləri və şəhid ailələri ilə görüşdən qayıtdığını bildirən deputat, "Tovuzda keçirdiyim görüşlərdə şəhid ailələrinin cənab Prezidentə  təşəkkürlərini, hər zaman Ali Baş Komandanın arxasında olduqlarını bildirmələrini diqqətə çatdırmaq istərdim," --  deyib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə