Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Milli Məclisdə gənclərlə bağlı fikirlərini bildirib

Q.Paşayeva Milli Məclisdə gənclərlə bağlı fikirlərini bildirib

Milli Məclisin iclasında gənclərlə bağlı önəmli dəyişiklikləri nəzərdə tutan “Gənclər siyasəti haqqında" Qanunda dəyişiklik edilməsi layihəsini birinci oxunuşda dəstəklədiyini bildirən deputat Qənirə Paşayeva bildirib ki, bu qanun layihəsində istedadlı, təhsilli gənclərlə bərabər, həyatının müəyyən mərhələsində səhv yola düşmüş, zərərli vərdişlərə alışmış gənclər və ya bunun qarşısını alan tədbirlər nəzərdə tutulur.

Q.Paşayeva bildirib ki, bu qanun çox vacibdir və tütünə, narkomaniyaya, qumar oyunlarına aludə olan gənclərin sayının artmamasına öz təsirini göstərəcək. Eyni zamanda bu zərərli vərdişlərdən gənclərin xilas edilməsinə yönələn addımlar nəzərdə tutulub.

“Mən də hesab edirəm ki, bu qanun layihəsində nəzərdə tutulan vacib müddəaların həyata keçirilməsinə müvafiq qurumlar daha da fəal olmalıdır və ciddi nəzarət etməlidir və həmin qurumların məsuliyyət məsələsi də bu sənəddə öz əksini tapmalıdır. Bu qanun layihəsində qeyd edilən 18 yaşına çatmayan şəxslərə tütün məhsullarının satışının qadağan edilməsi digər qanunvericilik aktlarımızda da nəzərdə tutulsa da, çox təəssüf ki, buna riayət edilmir. Məsələn, qanunla siqaret satılan köşklərin məktəblərdən hansı məsafədə olması ilə bağlı qanunvericilikdə müəyyən tələblərin olmasına baxmayaraq, hələ də bir sıra məktəblərin yaxınlığında həmin köşkləri görmək mümkündür. Bu kimi hallara son qoyulmalıdır. Eyni zamanda bu qanunda 18 yaşına çatmayan şəxslərin idman-mərc oyunları ilə məşğul olmasının qadağan edilməsi nəzərdə tutulub, bu sahəyə nəzarət edən qurumların daha məsuliyyətli olmalarına ehtiyac var, bu kimi hallara imkan verməməlidirlər. Bu qanunun bölgələrdə icrasına da böyük ehtiyac var. Bu qanunda cənab Prezidentin gənclərlə görüşündə verdiyi çox önəmli mesajların öz əksini tapdığı, gənclərimizin məşğulluq, asudə vaxtlarının səmərəli keçirmələri, gənc alimlərimizin iş və məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulduğu üçün bu qanun layihəsini dəstəkləyirəm”,-- deyə Q.Paşayeva fikirlərini bitirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:48 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə