Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında yeni layihələr imzalanıb

ƏƏSMN ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında yeni layihələr imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondu arasında “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihələrinin imzalanması mərasimi olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Proqram müşaviri Leyla Fathi, BMT Əhali Fondunun Proqram müşavirləri Bəhicə Əliyeva,  Nərminə Məlikova  və b. iştirak edib.

S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına da xüsusi önəm verildiyini deyib.

Nazir vurğulayıb ki, hazırda imzalanan iki layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət kəsb edir. Belə ki, “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı  işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi, əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi bu prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək.

Q.İsakzai BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini vurğulayıb. O, imzalanan yeni layihələrin də  bu istiqamətdə mühüm addımlar olduğunu, həmin layihələrin sosial sahədə önəmli nəticələrin əldə olunmasında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.

Layihələr imzalandıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu arasında əməkdaşlığın mövcud vəziyyətinə, yeni layihələr çərçivəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə