Ən son xəbərlər
Azərbaycanın meyvə və tərəvəz məhsulları 6-8 fevral tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən “Fruit Logistica 2019” beynəlxalq meyvə və tərəvəz sərgisində nümayiş olunub.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə meyvə və tərəvəz istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib. Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” vahid ölkə stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda deyilir ki, sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb, ilkin razılaşmalar əldə olunub. “Gilan FMCG” şirkəti Almaniyaya pomidor ixracına dair müqavilə imzalayıb.
“Mars FK” İngiltərəyə nar ixracına, “Balxurma” şirkəti qurudulmuş xurmanın Almaniyaya, “D Fruits” şirkəti isə istehsal etdiyi məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair ilkin razılıq ediblər.
“Binə Agro” şirkəti isə məhsullarının Rusiyaya və Sudana ixracına, Hollandiya şirkətləri ilə Azərbaycanda birgə məhsul istehsalına dair danışıqlar aparıb.
Samirə Əliyeva,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə