Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə səfərbərlik və çağırışla bağlı çevik və şəffaf mexanizm yaradılıb

Ölkəmizdə səfərbərlik və çağırışla bağlı çevik və şəffaf mexanizm yaradılıb

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü tamam olur. Ötən müddətdə Xidmətin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə səfərbərlik və çağırışla bağlı çevik və şəffaf mexanizm yaradılıb. 

Dövlət Xidməti, ilk növbədə, gənclərin orduya mümkün qədər hazırlıqlı getməsi üçün zəruri tədbirlər həyata keçirməklə bərabər, əhali, xüsusən gənclər və ehtiyat qüvvələrlə daim təmas qura bilib. Bu isə müharibə vəziyyətində olan respublikamız üçün önəmli bir məsələdir. 
Qeyd etməliyəm ki, ölkəmizdə səfərbərlik və hərbi xidmətə çağırış işinin canlanması, bu sahədə davamlı islahatların reallaşdırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2012-ci ilin fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da, şübhəsiz ki, ulu öndərin siyasətinin davam etdirilməsində növbəti parlaq mərhələ olub.
Fəaliyyətinin 7 ili ərzində bu qurum ölkə vətəndaşlarının hərbi xidmətə çağırışı, Silahlı Qüvvələrin yeni çağırışçılarla komplektləşdirilməsi ilə yanaşı, gənc nəslin vətənpərvərlik tərbiyəsi və orduda xidmətə hazırlığı yönündə də təqdirəlayiq nəticələr əldə edib. 
Hazırda dövlət başçısının siyasətinə, tapşırıqlarına uyğun olaraq, Xidmət rəisi, general-leytenant Arzu Rəhimov davamlı qaydada paytaxtda, eləcə də bölgələrdə vətəndaşları qəbul edib dinləyir və qarşıya qoyulan vəzifələrin reallaşdırılması, mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirir. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırda elə bir sistem qurulub ki, vətəndaşlar elektron qaydada lazımi məlumatları əldə edə bilirlər. Çağırış və səfərbərlik sisteminin tam modernləşdirilməsi də bunun bariz ifadəsidir. 
Dövlət Xidmətinin fəaliyyətindəki ən vacib cəhətlərdən biri kimi çağırışçıların xidmətə yola salınması və qarşılanmasını xüsusi vurğulamaq istərdim. Belə ki, Xidmət rəhbərliyinin təşəbbüs və təşkilatçılığı sayəsində bu proseslər ictimai təsisatların iştirakı il böyük ruh yüksəkliyi şəraitində gerçəkləşdirilir. 
İctimai sektorun nümayəndəsi kimi əminliklə bildirim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir mühüm uğuru da vətəndaş cəmiyyəti qurumları ilə, ölkədəki hərbyönümlü QHT-lərlə, ehtiyatda olan hərbçilərlə səmərəli ünsiyyət yarada bilməsidir. Belə ki, Xidmətin keçirdiyi müvafiq tədbirlərdə onların iştirakı təmin olunur, əlamətdar günlərdə birgə görüşlər təşkil edilir. Eyni zamanda, media ilə münasibətlər müasir əsasda, sivil qaydada qurulur və bu yolla da qurumun fəaliyyətinə ictimai nəzarətə əlverişli şərait yaradılır.
Dövlət Xidmətinin qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq şəraitində müntəzəm keçirdiyi “Vətənin müdafiəsinə hazıram!” devizi ilə silsilə tədbirlər, yaradıcılıq müsabiqələri, sərgilər bu baxımdan dəyərli nümunədir. Bununla bərabər, gənc nəsillə, çağırışçılarla, həmçinin, hərbi xidmətini başa vurub qayıtmış vətəndaşlarla yaradılan əlaqələr də Azərbaycan cəmiyyətində hərbi vətənpərvərlik ruhunun güclənməsinə ciddi töhfələr verir.

 

Emin HƏSƏNLİ, 
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, politoloq 

13 2019 00:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin