Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarlığın inkişafı əhalinin məşğulluğunu yüksəldir

Sahibkarlığın inkişafı əhalinin məşğulluğunu yüksəldir

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda cənab Prezident İlham Əliyevin nitqində bir daha aydın oldu ki, son 15 il ərzində ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf yolu keçmişdir. Bu illər ərzində dünyada baş verən insidentlər, toqquşmalar, qarşıdurmalar, miqrant axını maliyyə və iqtisadi sahədə böhran yaratsa da, ölkəmiz inkişaf tempini qoruyub saxlamış, nəzərdə tutulmuş layihələr həyata vəsiqə almış, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atılmışdır. Söz yox ki, bu hadisələr Azərbaycandan da yan keçməmişdir. Ancaq ölkə başçısının düşünülmüş strategiyası bu maneələrin qarşısını almışdır. 
Regionların sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi möhtərəm Prezidentimizin 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində verdiyi vədlərindən biri idi. O vaxt cənab İlham Əliyev demişdir ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacaq, bölgələrdə olan problemlərin həlli işində öz səylərini əsirgəməyəcək. Xalq bu vədlərə inandı və ona böyük etimad göstərdi. 2004-cü ilin fevral ayında birinci dövlət proqramı qəbul olundu və bununla da xalq bir daha əmin oldu ki, öz seçimində yanılmayıb. Artıq ölkəmizdə sayca üçüncü dövlət proqramı qəbul olunaraq icra edilmiş və bunun da nəticəsində 2 milyona yaxın yeni iş yeri yaradılmış, regionlarda beynəlxalq standartlara uyğun sənaye və istehsal müəssisələri fəaliyyətə başlamış, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olmuşdur. Ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına əlverişli şərait yaradılmışdır. 
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan inkişaf edərək dünya ölkələri sırasında öz layiqli yerini tutub. Qəbul olunan dövlət proqramlarının icrası ölkəmizin bütün regionlarının tarazlı inkişafını təmin edib, əhalinin həyat səviyyəsini xeyli yüksəldib.
Aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaradıb.
Möhtərəm Prezidentimizin ölkənin müxtəlif regionlarında kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə keçirdiyi müşavirələr aqrar sahənin inkişafına öz töhfəsini verib. Qısa müddətdə bütün sahələr üzrə çox yüksək nəticələr əldə edilib. Mənim rəhbərlik etdiyim fermer təsərrüfatı pambıqçılıq və taxılçılıqla məşğuldur. Aqrar sahəyə edilən güzəştlər məhsul istehsalının keyfiyyətinə və artımına təkan verib. Təkcə bir faktı diqqətə çatdırım ki, Saatlı rayonu 2018-ci ilin yekununa görə 30 min 366 ton pambıq təhvil verib. Bu, respublika üzrə birinci göstəricidir. Ötən illərlə müqayisədə pambıq istehsalının 2-3 dəfə artırılması dövlət başçısının aqrar sahənin, həmçinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı və real layihələrin icrası əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına stimul verib. 
Dövlət başçısının konfransda qarşıya qoyduğu vəzifələr məsuliyyətimizi daha da artırıb. Bu il daha böyük ruh yüksəkliyi ilə işləyib ölkə iqtisadiyyatının möhkəmləndirilməsinə öz töhfəmizi verəcəyik. 

 

Sabir BƏDƏLOV,
Saatlı rayonundakı “El gücü” kəndli-fermer təsərrüfatının rəhbəri

13 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin