Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

Azərbaycanda sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

Azərbaycan hökumətinin apardığı daxili siyasətin ən mühüm istiqamətlərindən biri vətəndaşların sosial vəziyyətinin yüksələn xətlə yaxşılaşdırılmasını təmin etməkdir. Ölkə Prezidenti cənab İlham Əliyev hər il bununla əlaqədar imzaladığı sərəncam və fərmanlarla bu xəttin nə qədər dəyişməz və vacib olduğunu diqqətə yönəldir. Bunu dövlət başçısının təkcə ötən il ərzində cəmiyyətin müxtəlif təbəqələrinə aid insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlardan da görə bilərik. Xatırladım ki, qeyd edilən dövrdə dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönümlü xərclərin payına düşüb ki, bu da 2017-ci illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur. 
Prezidentin sərəncamlarına əsasən ötən ilin mart ayından etibarən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bunun üçün dövlət büdcəsində əlavə olaraq 446 milyon manat təminat yaradılıb. 
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ötən ilin icmal və dövlət büdcələrindən bütövlükdə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 150 milyon manat vəsait ayrılıb. 
Həmin dövrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 626 mənzil ayrılıb. Ordumuzda uzun müddət qüsursuz xidmət edən hərbi qulluqçuların mülkiyyətinə isə 394 mənzil verilib, bununla da hərbi qulluqçulara verilən mənzillərin sayı 1284-ə çatdırılıb. 
Azərbaycanda sosial məsələlərin həlli istiqamətində artıq ənənə halını alan qərarların qəbulu hazırda da davam etdirilir. Fevral ayının 8-də Prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası, əhatə dairəsi kifayət qədər genişdir. Bu, ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin mühüm yer tutduğunu bir daha hər kəsə əyani şəkildə göstərdi. 
Bununla bağlı qeyd edim ki, ölkə rəhbəri hər ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılması qayğısına qalır. Möhtərəm Prezident dünya iqtisadi böhranının respublikamızın iqtisadiyyatına da mənfi təsir göstərdiyi 2016-cı il başa çatan kimi, yəni 2017-ci ilin yanvar ayında bir daha bu cür addım atdı. Başqa sözlə, dünya iqtisadi böhranının ölkə iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8 faiz azalmasına baxmayaraq, dövlət başçısı əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxladı. Beləliklə, cənab İlham Əliyev Azərbaycanın üzləşdiyi maliyyə çətinlikləri şəraitində də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin mənafeyini düşündüyünü sübuta yetirdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə rəhbəri eyni addımları keçən ilin əvvəllərində də atdı. 
Prezident İlham Əliyevin son günlər əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, minimum aylıq əməkhaqqının artırılması haqqında müvafiq sərəncamlar imzalaması respublikamızda 2019-cu ildə də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, bütün sosial proqramların uğurla davam etdirilməsinin prioritet istiqamətlər olacağını deməyə əsas verir.
Minimum aylıq əməkhaqqının birdən-birə 38,5 faiz, yəni 50 manat artırılması möhtərəm Prezidentin əhalinin aztəminatlı təbəqəsinə münasibətinin və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. 
Son sərəncamla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Bununla da respublikamızda minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə yüksəldilməsi təmin olunur. 
Minimum əmək haqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım baş verəcək. Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək. 
Minimum əmək haqqının 180 manat səviyyəsində müəyyənləşdirilməsi isə o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq hər hansı bir müəssisə öz işçilərinə bundan az əmək haqqı verə bilməz. Burada, həm də xatırlatmaq yerinə düşər ki, əmək qanunvericiliyinə əsasən, əmək haqqı--müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyənləşdirilən, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi isə qanunla qadağandır.
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Bu da əhalinin sosial məsələlərinin həllində Azərbaycan Prezidentinin göstərdiyi diqqətin yeni bir nümunəsi – müvafiq sərəncamla Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ilə bağlıdır. 
Adıçəkilən qurum ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq. Eyni zamanda, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, elmi-analitik təhlilin nəticələrini aidiyyatı dövlət orqanlarına təqdim edəcəkdir. Bu isə vətəndaşlarımızın sosial problemlərinin vaxtında aşkar olunması və onların operativ həlli istiqamətində atılan önəmli bir addım kimi qiymətləndirilməlidir.

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, 
professor

13 2019 00:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin