Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media informasiya məkanındakı dəyişikliklərə çevik reaksiya verməlidir

KİVDF-nin qəzetlərə dövlət yardımının yeni şərtlərini elan etməsi redaksiyaları səmərəli inkişaf relsi üzərinə keçirməyə xidmət edir

Media informasiya məkanındakı dəyişikliklərə çevik reaksiya verməlidir

Müstəqil Azərbaycan dövləti xalqımızın onillər boyu həsrətində olduğu siyasi-mənəvi hüququ gerçəkləşdirib. Ölkəmizdə söz azadlığı kimi bəşəri bir haqq qazanılıb. 

Konstitusiya maddəsi və ayrıca qanunla hər bir vətəndaşın kütləvi yayım vasitələrində sərbəst söz demək, istədiyi məlumatı maneəsiz əldə etmək hüququ təmin edilib. Hər kəsin istədiyi yayım vasitəsini təsis etmək  hüququ da var. Müstəqilliyin ilk dövrlərindən ölkədə 5 minədək çap mediası qurumunun təsis edilməsi və müxtəlif səviyyələrdə fəaliyyət göstərməsi azad söz və demokratik mətbuatla bağlı hüquqların işləkliyinin parlaq göstəricisi kimi bütün dünyada təqdir olunur.
Ötən illərdə Azərbaycan dövləti mətbuatın normal fəaliyyəti üçün  lazım olan tədbirlər kompleksini ardıcıl gerçəkləşdirib. Mükəmməl hüquqi baza var, tarixi məhdudiyyətlər birdəfəlik aradan qaldırılıb, medianın inkişafına əlverişli şərait yaradılıb, ortaya çıxan çətinliklər dövlətin fəal dəstəyi ilə aradan qaldırılır. 10 il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu prosesin çox önəmli bir həlqəsi olub. Media qurumları ayağa durmaqda dövlətdən dəstək istəyib. Dövlət də heç bir siyasi şərt qoymadan mətbuatın maddi-texniki problemlərinin həllinə, onun peşəkarlığının yüksəlməsinə zəruri dəstək mexanizmini işə salıb. 
KİVDF-nin yaradılmasının 10 illiyi ilə bağlı cəmiyyətdə səslənən mülahizələrdə bir daha qeyd edilir ki, belə bir qurumun meydana çıxması həqiqətən, zəruri idi. 1998-ci ildə senzuranın aradan qaldırılması, 1999-cu ildə “KİV haqında” qanunun qəbul edilməsi, 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, “İnformasiya əldə etmək haqqında” qanunun qüvvəyə minməsi, KİV-lərin qeydiyyat qaydalarının sadələşdirilməsi  qəzetlərin sayının sürətlə artmasına gətirib çıxarmışdı. KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşmüş, gəlirləri azalmış, fəaliyyətləri çətinləşmişdi. O zaman ölkənin əsas jurnalist təşkilatı olan Azərbaycan Mətbuat Şurası medianın maliyyələşməsi ilə bağlı dövlət rəhbərliyinə təkliflər verdi. Bu problemi aradan qaldırmaq, müstəqil mətbuatın inkişafını dəstəkləmək üçün 3 aprel 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 
Ötən illər ərzində yüzlərlə gündəlik və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi alıb. Jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi ilə keçirilən fərdi yazı müsabiqələrdən minlərlə jurnalist faydalanıb. Maliyyə yardımından əlavə, redaksiyalara metodiki, konsultativ və təşkilati-texniki dəstək də verilib. 
Lakin zaman dəyişir, hər hansı bir dəstəyin də keyfiyyətcə yaxşılaşmasına ehtiyac duyulur. Bu məqsədlə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklər edildi. Ötən iki həftədə bu qərar cəmiyyətdə qızğın müzakirələr doğurub. Müxtəlif mülahizələr səslənir. Dövlətdən dəstək alan redaksiyalar bu dəyişikliyi normal qarşılasa da, məsələyə o qədər də dəxli olmayan dairələr bu  zəruri addıma istədiyi rəngi verir.
Bu açıqlamalar içərisində Fondun rəhbərliyinin mediada əlavə izahatı kifayət qədər məntiqli və yetərlidir: "Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti ilə bağlı bu şərtlərə yenidən baxıldı.
2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Göründüyü kimi, son 5 ildə – 2014-cü ildən Fondun Müşahidə Şurası KİV-lərə maliyyə yardımı müsabiqəsinin şərtlərində tiraj və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi üçün şərtlərə yenidən baxılması zərurəti yaranmışdı.
Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur".
Göründüyü kimi, bəzi araqarışdıranların dediyi həqiqətə uyğun deyil. Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Müəyyən edilmiş şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması onların fəaliyyətinin effektsizliyi ilə bağlı ola bilər. Dövlət göstərdiyi dəstəyin müqabilində maraqlıdır ki, qəzetlərin yaradıcılıq məhsulları daha rahat və asan formada öz oxucularını tapsın. 
Aydındır ki, KİVDF hansısa qəzetlərin bağlanması və onlarda çalışan yaradıcı-texniki heyətin ixtisara salınmasına deyil, əksinə, onların fəaliyyətinin müasir informasiya texnologiyalarına və virtual informasiya məkanına uyğunlaşdırılmasına, fəaliyyətlərinin daha dolğun və səmərəli olmasına çalışır.
Müzakirələrdə narahatlıq doğuran əsas məqam qurumun KİV-lərin maliyyələşmə ilə bağlı şərtləri dəyişdirməsi, nəticədə, guya, qəzetlərin bir çoxunun fəaliyyətini dayandırmasıdır. KİVDF-nin  isə 2 əsas tələbi var. Birincisi, media ümumən ölkə iqtisadiyyatında yetərincə təmsil olunmalıdır. Medianın iqtisadi sistemdəki rolu artmalıdır. İkincisi, maliyyə dəstəyi artsa, nəzərdə tutulanların icrasına daha səmərəli və sistemli yanaşma mümkün olacaq.
Cəmiyyətdə səslənən nüfuzlu və üstün yanaşma belədir ki, KİVDF-nin maliyyələşmə şərtlərini dəyişdirməsində faciəyə döndəriləcək nəsə yoxdur. Ümumən, qəzetçiliyə yanaşma dəyişməlidir. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli baxmalıdırlar. 
Nəhayət, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin bugünlərdə keçirilmiş iclasında da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra ölkənin media həyatında yaranmış durum müzakirə edildi. AMŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İH üzvləri bildirdilər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır. 
Müzakirədə dövlətdən yardım alan qəzetlərin yeni şərtlərə uyğun fəaliyyətinə əlverişli şərait yaratmaq üçün media bazarının genişləndirilməsi üzərində ayrıca dayanıldı. Bildirilib ki, əvvəllərdə olduğu kimi, qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları digər yerlərdə satışı təşkil olunmalı, o cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda KİVDF-nin yeni şərtləri səviyyəsində fəaliyyətə stimul yaranacaq. Bu isə öz növbəsində səmərəli rəqabət formalaşdıracaq. 
AMŞ-nin iclasındakı müzakirənin yekununda birmənalı olaraq göstərildi ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. 
Müzakirədə son günlər dövlətin mediaya dəstək siyasətinə zidd təmayüllərlə bağlı geniş  fikir mübadiləsi aparıldı, radikal müxalifət dairələrində medianın inkişafına xidmət edən tədbirlərin mahiyyətinin təhrif edilməsinin gerçəkliklə bir araya sığmadığı vurğulandı. Qeyd edildi ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdə olduğu 10 ildə kifayət qədər uğurlu tədbirlər gerçəkləşdirib. Qurumun “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində həm dövlətin mediaya yardım mexanizmi formalaşıb, həm də redaksiyaların maddi-texniki bazası güclənib. 
Doğrudan da, dövlətdən yardım alan qəzet redaksiyalarının fəaliyyətində əmək qanunvericiliyinin şərtlərinə uyğun iş prinsipi yaranıb, həm də dövlət KİV-lərin və jurnalistlərin potensiallarını cəmiyyətin maraq və mənafelərindən irəli gələn məsələlərə səfərbər etməyi bacarıb. Bu, kifayət qədər çoxşaxəli sistemdir və onun gələcəkdə konsepsiyadan irəli gələn digər fəaliyyət istiqamətləri ilə zənginləşməsinə də kəskin ehtiyac duyulmaqdadır. Media rəhbərləri bildirdilər ki, KİV-lərə sırf texniki yardımın göstərilməsinə də ehtiyac var. Bir çox hallarda Azərbaycana qarşı antitəbliğat meylləri ilə mübarizədə medianın texniki resurslarının zəifliyi hiss olunmaqdadır. 
Azərbaycan Mətbuat 
Şurasında aparılan müzakirənin yekununda qeyd edildi ki, ­­
KİVDF-nin qəzet redaksiyalarına dövlət yardımı ilə bağlı yeni şərtlərin işləkliyini artırmaq, redaksiyaların fəaliyyətini  bu tələblər səviyyəsinə qaldırmaq üçün zəruri olan məsələləri həll etmək üçün ölkənin müvafiq qurumları öz köməklərini göstərməlidirlər. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün ­
AMŞ-nin müvafiq olmuş işçi qrupu da  fəaliyyətini gücləndirməlidir.
Hər bir yenilik köhnə şəraitin hansısa maneələrindən imtina edilməsini, fəaliyyətin yeni, daha üstün səviyyəyə qaldırılmasını tələb edir. Bu isə bəzən qeyri-müəyyən anlaşılmazlıq və tərəddüd doğurur. İndiki halda da belədir. Dövlət yardımı eyni qaydada davam edərsə, ələbaxımlığı artırar, səmərəli iş üsullarının seçilməsini və tətbiqini ləngidər. Zəruri hallarda dövlət yardımı bütün dövrlərdə və əksər ölkələrdə hansısa sahə və qurumların fəaliyyətini dirçəltməyə, canlandırmağa, onların işlərini müstəqil və səmərəli şəkildə qurmasına dəstək çevrəsində gerçəkləşdirilib.
Cəmiyyətdə gedən müzakirələrin təhlili, konstruktiv mövqelərin mütləq üstünlüyü bir daha sübut edir ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qarşıdakı dövr üçün qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsi də məhz bu humanist missiyanın yeni mərhələdə daha mükəmməl və səmərəli qurulmasına xidmət edir.

 

Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

13 2019 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin