Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerik: Yeni zirvələrə doğru

Lerik: Yeni zirvələrə doğru

Talış dağlarının qoynuna sığınmış Lerikin hər bir guşəsi rəssam tablosuna bənzəyir. Bu gözəl diyar ölkəmizin cənub dağlarının tacıdır. Turistlər qışın oğlan çağında da Lerikdə dincələ bilirlər. Burada Yer kürəsindəki 11 iqlim qurşağından 8-i mövcuddur.
Rayonda inkişaf meylləri ilbəil sürətlənir. Elə 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında da bu barədə ətraflı söhbət açılıb. İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun geniş məruzəsi dinlənilib. Natiq bildirib ki, ötən il Lerik üçün çox uğurlu bir il sayıla bilər. Prezident İlham Əliyevin oktyabrın 15-də rayona növbəti tarixi səfəri yerli iqtisadiyyatın yenilənməsi, infrastrukturun qurulması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyıb. Səfər zamanı dövlət başçısının yeni layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, proqram xarakterli çıxışı, həmçinin rayonun gələcək inkişafı ilə bağlı imzaladığı sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını təsdiqləyib. 
Məruzəçi bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi uğurla icra edilib. Azərbaycan Prezidentinin 2018-ci ilin birinci yarımilliyində imzaladığı sərəncamlara müvafiq olaraq “Azərsu” ASC-yə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması üçün əlavə olaraq 1 milyon manat, Geskon, Sors, Molalan və Şingədulan kəndlərinə su xətlərinin çəkilməsi üçün isə daha 1 milyon manat vəsait ayrılmışdır. Hazırda “Azərsu” ASC-nin sifarişi ilə tikinti işləri davam etdirilir.
Dövlət başçısı Lerikdə 16,5 MVT-lıq modul elektrik stansiyasının, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik, 2 mərtəbəli uşaq bağçasının, Bayraq muzeyinin, ­Piran–Hamarat–Vijaker avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında da iştirak edib. Leriklilər həmin səfərin ən xoş təəssüratlarını yaşayırlar. 
Prezidentin 15 oktyabr 2018-ci il tarixli sərəncamına əsasən, Lerik şəhərində 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb. Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşmüş 30 fərdi yaşayış evinin tikintisi davam etdirilib. Digər sərəncamlarla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsaitlər ayrılıb və hazırda həmin yolun tikintisində işlər sürətlə davam etdirilir. Eyni zamanda ölkə başçısının tapşırığı ilə 26 kilometrlik Lerik–Qosmalıan–Kəlvəz, 36 kilometrlik Noda–Şingədulan–Xanagah, 27 kilometrlik Piran–Hamarat-Vıjaker avtomobil yolları inşa olunub. 
Prezidentin tapşırığına əsasən rayonda yaşayan aztəminatlı ailələrin üzvlərindən 185 nəfəri müqavilə əsasında, 1 il müddətinə şəhərdə aparılan abadlıq-təmizlik işlərinə cəlb edilib.
Rayon üzrə 2018-ci ildə şəhərdaxili küçələrdə böyük həcmdə asfaltlama işi görülüb. Həmçinin şəhərin bütün küçələrində suaxarlar, kanallar inşa edilib və sel sularının axıdılmasına şərait yaradılıb. Küçə, meydan və parklarda müasir işıqlandırma dirəkləri quraşdırılıb. Prezidentin sərəncamına uyğun olaraq Noda kəndində 50 yerlik uşaq bağçasının, Sivəkəran kəndində 20, Kirəvud, Zövnə, Vamazğon kəndlərində 40, Vov, Vılıq kəndlərində 80, Küsəkəran, Kaqoy, Conu kəndlərində 56, Monidigah kəndində 96 və Orand kəndində isə 180 uşaq yerlik məktəblərin tikintisi davam etdirilir. Cəngəmiran, Conu və Pirasora kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulur.
Lerikdə aqrar sahə də inkişafdadır. Rayonun 19 kənd inzibati ərazi dairəsi üzrə hektarlarca sahədə “Virciniya” və “İmmuna” tütün sortları əkilib. Piran, Cəngəmiran və Livədirqə ərazilərində tütünqurutma məntəqələrinin tikilməsinə hazırlıq gedir. Çayçılığın bərpası üçün rayonun Vizəzəmin və Tikəband ərazilərində 100 hektardan yuxarı məhsuldar torpaq sahələri var. Ötən ilin yazında İDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə rayonun Divağac və Cəngəmiran kəndlərində 3 hektar sahədə meyvə bağları salınıb və  təmənnasız olaraq kənd sakinlərinə təhkim olunub.
İl ərzində iki dəfə səyyar “ASAN xidmət”in əməkdaşları müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslarla Lerikə gələrək rayon sakinlərinə operativ xidmət göstəriblər. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin təmsilçiləri də əhaliyə xidmətin səviyyəsini artırmaqdan ötrü ciddi səylər göstəriblər. 
Məruzə ətrafında müzakirələrdən sonra Milli Məclisin deputatı İqbal Məmmədov və Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək ölkəmizin, o cümlədən Lerikin inkişafı ilə bağlı mülahizələr söyləyiblər. Qarşıda duran vəzifələr diqqətə çatdırılıb. 
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin