Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdablılar ötən il bütün sahələrdə uğur qazanmışlar

Zərdablılar ötən il bütün sahələrdə uğur qazanmışlar

Zərdab Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulmuşdur. Toplantıda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində əksini tapmış müddəalardan irəli gələn vəzifələr müzakirə edilmiş, rayonda cari ilin önəmli hədəfləri müəyyənləşdirilmişdir.

 

Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin hökumətin 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında qarşıya qoyduğu vəzifələri, verdiyi tapşırıqları ətraflı şərh etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları, digər önəmli layihələr ölkənin digər bölgələri kimi Zərdab rayonunu da sosial-iqtisadi yüksəlişin yeni mərhələsinə gətirib çıxarmışdır. Bu ildən gerçəkləşdirilən dördüncü regional proqramda da rayonun indiki inkişaf tələbatı dolğun əksini tapmış, zəruri problemlərin həlli əsas götürülmüşdür. 
Ötən ilin başlıca sosial-iqtisadi yekunları barədə hesabat məruzəsini rayon fəallarının müzakirəsinə təqdim edən RİH başçısı bildirmişdir ki, 2018-ci ildə ölkəmizin uğurlu və sürətli inkişaf tempi rayon üçün də səciyyəvi olmuşdur. Bəzi sahələrdə ölkə miqyasında öncül göstəricilər əldə edilmişdir.
Lütvəli Babayev qeyd etmişdir ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 131 milyon 161 min manatlıq məhsul istehsal edilmişdir. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 816 min manat və ya 21,1 faiz çoxdur. Məhsul və xidmətlərin 68 milyon 653 min manatı (52,3 faiz) kənd təsərrüfatının, 29 milyon 874 min manatı tikintinin (22,8 faiz), 26 milyon 188 min manatı ticarətin (19,9 faiz), 4 milyon 551 min manatı sənayenin (3,5 faiz), 1 milyon 367 min manatı nəqliyyatın 
(1 faiz), 616 min manatı poçt və rabitə xidmətlərinin (0,5 faiz) payına düşmüşdür. Əhaliyə 81 milyon 839 min manatlıq istehlak malları satılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 3,9 faiz çoxdur. Pullu xidmətlərin həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 15 milyon 937 min manat təşkil etmişdir. 
Keçən il rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində ciddi irəliləyişə nail olunmuşdur. 2018-ci ilin məhsulu üçün 18 min 653 hektarda taxıl əkilmiş və 60 min 150 ton məhsul istehsal olunmuşdur. Bu, rayonun tarixində ən yüksək göstərici olmaqla əvvəlki illə müqayisədə 1328 ton çoxdur. Ümumi məhsuldarlıq 32,2 sentner, adambaşına düşən taxıl 1,3 ton olmuşdur. Taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatında ötən il 799 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 38,7 sentner təşkil etmişdir.
Ötən mövsümdə 5 min tona yaxın pambıq tədarük olunmuşdur ki, bu da əvvəlki ildəkindən 800 ton çoxdur. 2 min 514 tondan çox pambıq maşınla yığılmışdır. Məhsuldarlıq 15,4 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 2,5 sentner çoxdur. Rayonda 4 min ton qəbul gücü olan yeni pambıq qəbulu məntəqəsi tikilmiş və payızda ilk məhsul qəbuluna başlanılmışdır. Pambıq istehsalçılarına təhvil verdikləri pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 418,9 min manat, ümumiyyətlə, torpaq mülkiyyətçilərinə 1 milyon 825 min 660 manat subsidiya verilmişdir.
Məruzəçi iftixarla qeyd etmişdir ki, zərdablılar 2018-ci ildə 54 tonadək barama tədarük edərək respublikada artıq ikinci dəfə ən yüksək göstəriciyə nail olmuşlar. Rayon üzrə proqnoz tapşırığa 103,6 faiz əməl edilmişdir. Keçən il 204 hektardan 939,4 ton çəltik, 201 hektardan 3 min 870 ton kartof, 182,6 hektardan 2 min 929 ton tərəvəz, 200 hektardan 6 min 622 ton bostan məhsulu götürülmüşdür. 106 hektardan 501 ton çuğundur istehsal olunmuşdur. 503,1 hektarda qarğıdalı əkilmiş, 2 min 902,8 ton məhsul götürülmüşdür. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof 55 ton, tərəvəz 144 ton, bostan məhsulları 314 ton, qarğıdalı 1408 ton, çuğundur 143 ton, çəltik 151 ton artmışdır. 1,5 hektarda Abşeron zəfəranı yetişdirilmiş, 1,5 kiloqram məhsul toplanmışdır. 
Hazırda rayonda iri malın sayı 54 min 724 başa, qoyun-keçilər 113 min 707 başa çatmışdır. Ötən il 43 min 749 sentner ət, 319 min 570 sentner süd, 8 milyon 76 min ədəd yumurta, 1793 sentner yun istehsal edilərək proqnoz tapşırıqlara artıqlaması ilə əməl olunmuşdur. Arı ailələrinin sayı 1289-a çatdırılmışdır ki, bu da 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.
Məruzəçi bildirmişdir ki, RİH-in operativ rəhbərliyi və həyata keçirdiyi zəruri tədbirlər nəticəsində humanitar sahələr və xidmət təşkilatları da ötən il ahəngdar fəaliyyət göstərmiş, qarşıya qoyulmuş vəzifələr lazımi səviyyədə icra edilmişdir.
Müzakirələrdə çıxış edənlər ayrı-ayrı sahələrin fəaliyyəti barədə məlumat vermiş, həllivacib məsələlərdən söz açmışlar. 
Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev yığıncaqda çıxış etmiş, 2019-cu ildə ölkənin və rayonun qarşısında duran vəzifələrdən söz açmış, zərdablılara cari ildə də yüksək nailiyyətlər arzu etmişdir.
Ümumrayon toplantısında qəbul edilmiş qərarda bu ilin başlıca hədəfləri və onları gerçəkləşdirmək yolları əksini tapmışdır.

 

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 23:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Aprel 2019 | 22:11
And və əməl

Ən son xəbərləri səhifəmizdən də izləyin