Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlər həyəcan təbili çalırlar

Qlobal istiləşmə ağır fəsadlar törədə bilər

Alimlər həyəcan təbili çalırlar

Son üç əsrdə Yer kürəsində iqlimin dəyişməsi ilə əlaqədar bir sıra anomal proseslər müşahidə olunmaqda davam edir. Bura müxtəlif kateqoriyalı katastrofik yağıntıları, istiləri və digər təbiət hadisələrini daxil edə bilərik. Xüsusilə son illər aparılan elmi tədqiqatlar və müşahidələr göstərir ki, planetimizin Şimal və Cənub qütbləri qlobal istiləşmənin təsirinə ən çox məruz qalan ərazilərdir. 
Kanada, Böyük Britaniya, Almaniya, ABŞ və Yeni Zelandiyadan olan Beynəlxalq Alimlər Qrupunun gəldiyi qənaətə görə, XXI əsrdə Yer kürəsində iqlimin dəyişməsi daha da kəskin və gözlənilməz olacaq. Belə ki, qarşıdakı illərdə planetimizin temperaturu gözlənilməz dərəcədə artacaq ki, bu da öz növbəsində Yer kürəsinin müxtəlif bölgələrində flora və faunanın böyük hissəsinin tamamilə məhvinə səbəb olacaq. 
Alimlər belə qənaətə gəliblər ki, müasir dünyada baş verən sənaye inqilabı, zavod, fabrik, müxtəlif sənaye üsulu ilə çalışan və istixana effekti yaradan müəssisələr bu prosesin sürətlənməsində mühüm rol oynayır. Bundan başqa, kömürlə işləyən müəssisələr, atom elektrik stansiyaları (AES)  qlobal istiləşmənin intensivləşməsinə böyük təsir göstərir. 
Alimlər 2065-2075-ci illərdə dünya okeanının səviyyəsinin sürətlə yüksəlməsini proqnozlaşdırırlar.  
Tədqiqatçılar qeyd edirlər ki, əsrin 80-ci illərinə kimi okeanlarda qolfstrim cərəyanları zəifləyəcək, Arktika, Şərqi Kanada və Mərkəzi Amerikada temperatur yüksələcək, Avropanın şimalında və Atlantikada planetin digər rayonları ilə müqayisədə temperatur kəskin şəkildə soyuq olacaq.
Sakit okeanda suyun səviyyəsinin qalxacağı təqdirdə, buz təbəqəsi ilə örtülü olan Antarktidaya yaxın regionlarda, əksinə, suyun səviyyəsində azalma müşahidə olunacaq.
Əgər əsrin sonunadək həlledici tədbirlər görülməzsə, Himalay buzlaqlarının üçdəbiri əriyəcək və bu regionda məskunlaşan 1,6 milyard insan üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Bütün bunlar göstərir ki, qlobal iqlim dəyişikliyi inkişaf etməkdə olan ölkələrə daha güclü təsir edəcək.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

12 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin