Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur

Gürgən qəsəbəsi və “Qoşa Qışlaq” yaşayış massivinin yolları yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzun müddət əsaslı şəkildə yenidən qurulmadan və təmir edilmədən istismar olunan Bakı şəhərinin qəsəbədaxili yollarında kompleks tədbirlərin görülməsinə start verilib. Bu barədə AAYDA-nın ictimaiyyətlərlə əlaqələr şöbəsindən bildirilib.

Bu çərçivədə Pirallahı rayonu, Qala-Pirallahı avtomobil yolundan ayrılan Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması işlərinə başlanılıb. Gürgən qəsəbəsində yolun uzunluğu 2 km, Zirə qəsəbəsinin  “Qoşa Qışlaq” yaşayış massivinin yolunun  uzunluğu isə 1.5 km təşkil edir. Hər iki yol 3-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bura 7 metr hərəkət hissə, hər bir istiqamət üzrə 2.5 metr çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edəcək.

Sözügedən yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğu və əksər hissələrinin torpaq əsaslı olduğu üçün yolların örtüyü deformasiyaya uğrayıb, çalalar əmələ gəlib. Bu isə payız-qış aylarında yollar boyu hərəkətdə prolemlərə səbəb olurdu. Hazırda layihə çərçivəsində bu problemlərin aradan qaldırılması üçün köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın və torpaq yatağının  deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli görülən işlərlə bağlı bunları bildirib: "Torpaq yatağının tikintisi işlərinin ardınca əsasın inşası aparılacaq. Bunun üçün lazımi qarışıqlardan layihədə nəzərdə tutulmuş hündürlükdə yol əsasının alt və üst layı inşa ediləcək. Daha sonra isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət iri və xırda dənəli asfalt-beton qarışıqlarından yeni asfalt-beton örtüyü salınacaq, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidiləcək."

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilərək yollar vətəndaşların istifadəsinə veriləcək.

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun  olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Pirallahı rayonu, Gürgən qəsəbəsinin, həmçinin Xəzər rayonu Zirə qəsəbəsinin “Qoşa Qışlaq” yaşayış massivinin yollarının yenidən qurulması ilə sözügedən ərazilərdə yaşayan 3 mindən artıq əhalinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunacaq.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 2019 16:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin