Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin təxribat – pozuculuq əməlləri öz düşərgələrində də pislənilir

Radikal müxalifətin təxribat – pozuculuq əməlləri öz düşərgələrində də pislənilir

Azərbaycanda uğurla aparılan siyasi, hüquqi islahatlarla və demokratikləşmə prosesi ilə bağlı atılan addımlar ölkəmizin beynəlxalq reytinqini artırır. Fundamental azadlıqların təmin edilməsi dövlət siyasətinin prioritetini təşkil edir. Son günlər həyata keçirilən yeni struktur islahatları, dövlət idarəçiliyindəki yeniləşmə xalq tərəfindən rəğbətlə qarşılanır. Bu uğurları gözü götürməyənlərin ara qarışdırmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri və onların antiazərbaycan dairələrin verdiyi qrantların müqabilində xəyanətkarlıq etmələri başadüşüləndur. 
Bu gün Azərbaycanda bütün fundamental azadlıqların təmin edilməsi beynəlxalq ekspertlər, həmçinin tanınmış ictimai-siyasi xadimlər tərəfindən də yüksək dəyərləndirilir. Ölkəmizdə müstəqil mətbuat, azad internet mövcuddur. Əhalinin 80 faizi fəal internet istifadəçisidir. Sərbəst toplaşmaq, din azadlığı tam şəkildə təmin olunub. Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır. Bu uğurlardan sonra “Milli Şura” adlı quruma toplaşan bir qrup xəyanətkarın mitinq və aksiya keçirməsinə tutarlı səbəb varmı? Təbii ki, yoxdur!
Dövlət heç vaxt mitinq və digər aksiyaların keçirilməsinə mane olmayıb. Əksinə, belə toplantıların keçirilməsi üçün şəhərin mərkəzində, gediş-gəliş üçün əlverişli yerdə meydan da ayrılıb. Mitinqlər “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunla tənzimlənir. Bu qanun Avropa standartlarının tələblərinə tam cavab verir. Venesiya Komissiyasının ekspertləri, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da bu qanuna müsbət rəy veriblər. Sonradan qanuna edilmiş əlavə və dəyişikliklər də yüksək dəyərləndirilib. Ekspertlər də təsdiqləyiblər ki, qanuna edilən əlavə və dəyişikliklər kifayət qədər mükəmməldir. Təəssüf ki, radikal müxalifət təmsilçiləri mitinq və aksiyaları “öz qanunları” ilə keçirməyə cəhd edirlər. 
Xaricdəki antiazərbaycan dairələr tərəfindən idarə olunan radikal müxalifət nümayəndələri və onlara rəhbərlik edənlər iddialarını reallaşdırmaq üçün min bir fitnə-fəsadla Azərbaycanda qarşıdurma yaratmağa cəhd edir, respublikamızın hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə çalışırlar. Bu insanlar normal, sivil qaydada mitinq keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Onlar hələ də 1990-cı illərin dağıdıcılıq, qaragüruhçuluq ab-havası ilə yaşayırlar.
Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar şəxslərin siyasətçi obrazına girərək, meydana çıxıb özünü müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməzdir. Bu hegemonluğu müxalifət partiyalarının funksionerləri də qəbul etmirlər. Onun bu diktatorluğu digər müxalif partiyaların rəhbərləri üçün aşağılayıcı faktordur.
Bu il yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatların keçirdikləri mitinq və bir gün sonra – ayın 20-də Şəhidlər xiyabanında ictimai-siyasi sabitliyi pozmaq, şəhidlərimizin ruhuna hörmətsizlik bir daha ­onların antimilli mövqeyini ortaya qoydu. Radikal müxalifət başçılarının və funksionerlərinin heç bir fakta söykənməyən arqumentsiz və mənasız çıxışları bir daha göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir, 25 ildən bəri dediklərini yenə də təkrarlayırlar. Onların əlaltıları bu gün Avropada antiazərbaycan şəbəkəsi yaradaraq, millətimizin adına ləkə vururlar.
Azərbaycanın inkişafından, dünya birliyinə sürətli inteqrasiyasından qıcıqlanan və ciddi təşviş keçirən antiazərbaycan qüvvələrin verdiyi sifarişlərin intensivliyinin artması radikal müxalifəti, Avropada onun-bunun hesabına yaşayanları bir qədər də azğınlaşdırıb. Lakin unutmamalıdırlar ki, onların bütün cəhdləri iflasa uğrayacaq. Azərbaycan ictimaiyyətinin ən geniş təbəqələrinin nümayəndələri, vətənpərvər insanlar, ziyalılar, konstruktiv müxalifət ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyənlərin qanunazidd hərəkətlərindən hiddətlənir və qətiyyətlə etirazlarını bildirirlər. Xalq böyük səs çoxluğu ilə seçdiyi Prezidentin ətrafında sıx birləşərək yalnız ona inanır və ona güvənir.

 

Məlahət İBRAHİMQIZI, 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

11 2019 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin