Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni sərəncam 180 manatdan çox maaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək

Yeni sərəncam 180 manatdan  çox maaş alanların da əməkhaqqına müsbət təsir göstərəcək

Prezidentin 8 fevral 2019-cu il tarixli sərəncamı təkcə 180 manata qədər olan əməkhaqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan maaşlarda da artıma imkan verəcək. 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib. Nazir bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxırsa, digər pillələr üzrə bundan yuxarı olan əməkhaqlarında da müəyyən faizlərdə də artım baş verir. Nəticədə həmin 450 min şəxsin əməkhaqlarında 30 faiz artım olacaq.
S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əməkhaqqı 180 manat müəyyən olunduğuna görə həmin sektorda əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayının daha yüksək olacağı gözlənilir.
Ümumilikdə, dövlət və özəl sektorda maaş artımının 600 mindən çox işçini əhatə edəcəyi də bildirilir. 
Nazir minimum əməkhaqqı artımının işçilərin təkcə bu gün üçün maaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin gələcək sosial təminatlarına müsbət təsir edəcəyini vurğulayıb. 

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

11 2019 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin