Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Pakistan Xocalı Soyqırımını tanıyan ilk ölkələrdəndir və qəbul etdiyi qətnamələr ədalətin bərpasına yönəlib

Səfir: Pakistan Xocalı Soyqırımını tanıyan ilk ölkələrdəndir və qəbul etdiyi qətnamələr ədalətin bərpasına yönəlib

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə dünyada və Pakistan ərazisi üzrə geniş yayımlan dövlət televiziya kanalı olan PTV kanalının “Diplomatic Enclave” proqramının qonağı olub.

Azərbaycanın Pakistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, aparıcının suallarını cavablandıran səfir Əli Əlizadə Azərbaycan diplomatiyasının bu il 100 illik yubileyini qeyd etdiyini bildirərək, istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra daim dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü, müstəqil, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin formalaşmasına səbəb olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycanla Pakistan arasında bərqərar olmuş dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin bir göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, Azərbaycanın hər zaman Pakistanı bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən səfir Əli Əlizadə işğalçı Ermənistanın davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini, 26 fevral tarixində 27-ci ildönümü tamam olacaq Xocalı Soyqırımının bunun bariz nümunəsi olduğunu, bir gecədə qədim Xocalının yerlə-yeksan edildiyini bildirib. Səfir Pakistanın Xocalı Soyqırımını tanıyan ilk ölkələrdən olmasını və Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.

Azərbaycanın idaəetmə quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında da aparıcının suallarını cavablandıran Əli Əlizadə Dağlıq Qarabağ münaqişəsinin nəticələrinə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə baxmayaraq, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət, həyata keçirilən islahatlar nəticəsində  Azərbaycanın sürətlə inkişaf etdiyini, iqtisadiyyatın neftdən asılılığını minimuma endirməyi bacardığını və qeyri-neft sektorunda iqtisadi artım tempini təmin etdiyini ifadə edib.

Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədə potensial və imkanlar haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu, iki ölkə arasında birbaşa hava reyslərinin açılacağı təqdirdə gediş-gəlişin daha da artacağını söyləyib.

Humanitar və sosial sahədə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, bu işlər nəticəsində Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu bildirən proqramın aparıcısının fikirlərini təsdiqləyərək bu işlərin davam etdiyini bildirib.

 

"Xalq qəzeti"

11 2019 12:23 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə