Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan amili prioritet məsələdir

İnsan amili prioritet məsələdir

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının məbləğinin 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi barədə imzaladığı sərəncam bir daha təsdiqlədi ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, insan amili dövlət siyasətinin prioritetini təşkil edir. Xəbər verildiyi kimi, minimum əməkhaqqının artımı təqribən 600 minədək insanı əhatə edəcək. Dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30, özəl sektorda işləyən 150 min nəfərin qazancında isə 25 faiz artım olacaq.
Hazırda ölkəmizdə minimum əməkhaqqının 130 manat məbləğində olduğunu nəzərə alsaq, dövlət başçısının bu sərəncamı yoxsulluq səviyyəsinin minimuma enəcəyinə müsbət təsir göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən ildə 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.
Son 15 ildə ölkəmizin inkişaf sürəti, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər xalq tərəfindən rəğbətlə qaşılanır. Bu müddət rəzində ölkəmizdə əməkhaqları 7, minimum əməkhaqları isə 6,5 dəfə artırılıb. 
Minimum əməkhaqqının artırılması qarşıya qoyulan hədəflərdən biri idi. Həm inkişaf proqramlarında, həm də yol xəritələrində qarşıya qoyulan hədəflərdən biri yaşayış minimumu ilə minimum əməkhaqqının eyniləşdirilməsidir. Artıq bu məsələ, demək olar ki, öz həllini tapdı. Xatırladaq ki, 2019-cu il üçün yaşayış minimumu 183 manat müəyyənləşdirilib. 
Ölkəmizin iqtisadi qüdrətinin getdikcə möhkəmləndirilməsi gələcəkdə minimum əməkhaqqının məbləğinin daha da artırılmasına təkan verəcək. Bu, həm də işçilərin daha aşağı əməkhaqqı ilə rəsmiləşdirilməsinə imkan verməyəcək. Bir sıra müəssisələrdə yarımştat adı ilə işə götürülənlərə çox aşağı əməkhaqqı təklif olunurdu. Minimum əməkhaqqının artırılmasının müsbət cəhətlərindən biri də odur ki, 180 manatdan aşağı əməkhaqqı ola bilməz.
Göründüyü kimi, dövlət baçısının düşünülmüş siyasi kursunun əsasını əhalinin həyat səviyyəsinin getdikcə yüksəldilməsi təşkil edir.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı, 
Yeni Azərbaycan Partiyası 
Nizami rayon təşkilatının sədri

 

9 2019 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin