Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda dövlət siyasətinin mahiyyətində insan amili dayanır

Azərbaycanda dövlət siyasətinin mahiyyətində insan amili dayanır

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Bu baxımdan möhtərəm dövlət başçımız İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə imzaladığı 8 fevral 2019-cu il tarixli sərəncam da respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu, eyni zamanda, cənab Prezidentin ölkədə sosial təminata daha çox ehtyacı olanlara sosial qayğısı kimi qiymətləndirilməlidir. 
Son zamanlar Azərbaycanda həyata keçirilən sosial siyasət həm kefiyyət, həm də ünvanlılıq baxımından yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə ­Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşan sosial islahatlar vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılmasına baza yaradır. Minimum əməkhaqqının artırılması ilə bağlı son addım isə məhz bunu bir daha təsdiq edir. Dövlət başçısının sözügedən sərəncamı vətəndaşlarımızın birbaşa gəlirlərinin artması üçün əsaslı baza formalaşdırır ki, bu da inklüziv sosial siyasətin əsas elementlərindən hesab olunur. Xatırlatmaq yerinə düşər ki, ötən il əldə edilən iqtisadi uğurlar da məhz sonuncu artım üçün baza formalaşdırmışdır. Belə ki, 2018-ci ildə baş verən iqtisadi hadisələri və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, bütün bunlar növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırırdı. 
Ümumiyyətlə, fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün əlverişli şərait yaratmışdır ki, bu da özünü cari ilin arxada qalan qısa müddətində göstərməkdədir. 
Yeri gəlmişkən, yaşadığımız ilin ilk ayı ərzində əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində bir neçə mühüm qərar qəbul olunmuşdur. Bu da təsadüfi deyil. Çünki bazar iqtisadiyyatı şəraitində sosial təminata ehtiyacı olan ailələrin rifah halının daha da yüksəldilməsi və onlara hərtərəfli sosial dəstəyin nümayiş etdirilməsi prioritet olaraq qalmaqdadır.
Bu baxımdan, minimum əməkhaqqının 38,5 faiz artırılması Azərbaycanda sosial təminatın daha da gücləndirilməsinin prioritet istiqamət olduğunu bir daha təsdiq edən fakt kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda, son illər minimum əməkhaqqı məbləğində ən yüksək artım olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən dərinləşdirilmiş islahatların kompleks və sistemliyindən də xəbər verir. 
Qeyd edim ki, minimum əməkhaqqının artırılması ilə bağlı qərardan 600 min vətəndaş faydalana biləcək ki, bu da xüsusən aztəminatlı ailələrin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına dəstəkdir. Onu da bildirim ki, minimum əməkhaqqının əvvəlki səviyyəsində, yəni 130 manat, eyni zamanda, minimum əməkhaqqının əvvəlki səviyyəsindən daha çox əməkhaqqı alanların maaşlarında da artım olacaq. 
Minimum əməkhaqqının 180 manat müəyyənləşdirilməsi, həm də o anlama gəlir ki, artıq dövlət və özəl sektorda sözügedən məbləğdən aşağı əməkhaqqı verilməsi qadağan olunacaq və bütün hallarda əməkhaqqı bu məbləğdən yüksək müəyyənləşdiriləcək. Nəzərə alsaq ki, indiyədək bir sıra dövlət, eləcə də özəl xidmət sektorunda əməkhaqqı nisbətən aşağı idi. Ümumiyyətlə, nəticə etibarilə bu qərar əməkhaqlarının artırılması üçün bir baza formalaşdırır. Təbii ki, daha çox dövlət sektorunda çalışanlar əməkhaqqı artımından faydalana biləcəklər. Belə ki, dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz artım olacaq. Şübhəsiz ki, artımlar məbləğdən asılı olaraq əməkhaqlarında özünü göstərəcək. Minimum əməkhaqqının əvvəlki məbləğindən nisbətən çox əməkhaqqı alanların maaşlarında isə son qərardan sonra daha çox artım olacaq. Bu isə ailə büdcəsinə daxil olan gəlirin həcminin artmasına gətirib çıxaracaq. 
Son qərarın özəl sektorda çalışanların gəlirlərinə də birbaşa təsiri olacaq. Bu sahədə də əməkhaqlarının artımı müşahidə ediləcək. Çünki özəl sektorda dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı ilə bağlı yeni məbləğə uyğun olaraq maaş sistemi qurulmalıdır. Bu da özəl sektorda çalışanların əməkhaqqına birbaşa təsir göstərəcək. Cənab Prezident tərəfindən həyata keçirilən bu artım mülkiyyət, istehsal və ya xidmət növündən asılı olmayaraq bütün sektorları əhatə etdiyi üçün faydalananların sayı daha çox olacaq. Bir sözlə, özəl sektorda çalışan 150 min vətəndaşımızın əməkhaqlarında birbaşa artımın olacağı gözlənilir.
Müasir çağırışlara uyğun olaraq, Azərbaycanda əməkhaqqı sistemi inkişaf etmiş dövlətlərdəki analoji sistemlər ilə harmonizasiya təşkil edir. Bu, özünü, eyni zamanda, minimum əmək haqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin mərhələli şəkildə azaldılmasında göstərir. 
Azərbaycan Avropa Şurasının üzvü olan bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını qarşıya əsas məqsəd qoymuşdur. Bu hədəfin mərhələli şəkildə reallaşdırılması gözlənilir. Vəzifə növbəti dövrdə minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin minimumlaşdırılmasından ibarətdir. Təbii ki, bu da orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək və artımlara səbəb olacaq. Bu kontekstdən son qərar isə məhz qarşıya qoyulan məqsədə daha tez nail olunmasına baza yaradır.
Prezidentin imzaladığı son sərəncam, həmçinin əmək bazarında münasibətlərin daha da leqallaşdırılmasına və sağlam təmələ söykənən əmək meyarlarının gücləndirilməsinə əlverişli imkan yaradacaq. Bu, özünü xüsusilə də özəl sektorda əmək münasibətlərinin təkmilləşdirilməsində qabarıq büruzə verəcək. 
Vurğulamaq lazımdır ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetlərinə uyğun olaraq növbəti dövrlərdə də əməkhaqqı və təqaüdlərdə artımlar davam etdiriləcək. Minimum əməkhaqqı artırıldıqdan sonra büdcənin mövcud imkanlarını nəzərə alsaq, maaş və pensiyalarda əlavə olaraq 10 faiz artım mümkündür. Bu, Hesablama Palatasının rəsmi rəyində də qeyd olunmuşdur. 
Təbii ki, hazırda növbəti illərdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması əsas hədəflərdən biridir. Çünki iqtisadiyyatın sabitləşməsi və bütün beynəlxalq maliyyə qurumları tərəfindən 2019-cu il daxil olmaqla növbəti illərdə sürətli iqtisadi artımın proqnozlaşdırılması orta aylıq əməkhaqqı tempini də sürətləndirəcək. Bu, həm dövlət, həm də özəl sektorda özünü büruzə verəcək. Şübhəsiz ki, belə vəziyyət ölkəmizin qarşıdakı illərdə mövqeyinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Bu baxımdan minimum əməkhaqqı məbləğinin artırılması ilə bağlı qərar, həm də sosial təminatın gücləndirilməsi kimi xarakterizə olunmalıdır. Nəticə etibarilə bu, həssas qruplar, xüsusən də aztəminatlı ailələrin gəlirlərində artımlara imkan verəcək. 
Beləliklə, Azərbaycan ­Prezidentinin siyasi iradəsi nəticəsində sosial təminatın daha da yaxşılaşdırılması məqsədi ilə daha bir vacib addım atıldı. Bu, həmçinin sosial qayğının artırılması istiqamətində yeni bir mərhələnin başlanğıcıdır. 

Vüqar BAYRAMOV, 
iqtisadçı ekspert 

9 2019 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin