Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmin zirvələrini fəth edən alim – professor Elşad Əhmədov

Elmin zirvələrini fəth edən alim – professor Elşad Əhmədov

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, biologiya üzrə elmlər doktoru, AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Elşad İlyas oğlu Əhmədov 10 fevral 1969-cu ildə Sabirabad rayonunun Qaratoğay kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olur. 1994-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinin 4-cü kurs tələbəsi olarkən Zoologiya İnstitutunun Protozoologiya şöbəsinin “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasında, baş laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışır. Elmə olan həvəsi və çalışqanlığı nəticəsində 1996-cı ildə parazitologiya ixtisası üzrə Zoologiya İnstitutunun əyani aspiranturasına daxil olur.

E.İ.Əhmədov institutun rəhbərliyinin təklifi ilə parazit-sahib münasibətlərinin biokimyəvi və immunoloji əsaslarını öyrənmək istiqamətində tədqiqatlara başlayır. Tədqiqat işlərinin nəticəsi olaraq 2000-ci ildə “Ev toyuqlarının eimeriozu (E.tenella) və müalicəsində bəzi parazitoloji və zülal mübadiləsi göstəricilərinin öyrənilməsi” mövzusunda namizədlik,  2014-cü ildə parazitologiya ixtisası üzrə “Ev toyuqlarının eimeriozunun (Apicomplexa, Coccidia, Eimeriidae) əsas törədiciləri, onlara qarşı koksidiostatik preparatla birlikdə yerli dərman bitkilərinin tətbiqi və təsir mexanizmi” mövzusunda biologiya üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edir.

2008-2017-ci illərdə “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasının müdiri vəzifəsində işləmiş, 2017-ci ildən isə AMEA Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır. E.İ.Əhmədov 2008-2016-ci illərdə AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərən D.01.071 Dissertasiya Şurasının elmi katibi olmuş, 2017-ci ildə isə həmin şuranın sədri təyin edilmişdir. O, həmçinin “AMEA Zoologiya İnstitutunun” və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri” toplularının  redaksiya heyətinin üzvüdür.

E.İ.Əhmədov AMEA Zoologiya İnstitutunun “Parazit-sahib münasibətlərinin biokimyəvi əsasları” laboratoriyasında işlədiyi müddət ərzində yerinə yetirilən 3 tematik işin (1995-2000, 2001-2005, 2006-2010) əsas icraçısı olmuş, 1 mövzu üzrə  (2011-2016) aparılan iki elmi tədqiqat işinin əsas icraçısı və rəhbəri olmuşdur.

E.İ.Əhmədovun tədqiqatları parazitologiyanın aktual məsələlərindən biri, parazit-sahib münasibətlərinin öyrənilməsinə həsr edilmişdir. Şəxsi tədqiqatları nəticəsində eimeriozlar zamanı zülal mübadiləsində baş verən bəzi biokimyəvi proseslərin mahiyyəti aydınlaşdırılmış, antieymerioz preparatların effektivliyinin qiymətləndirilməsində zülal göstəricilərindən istifadə etməyi təklif etmişdir.

Onun tərəfindən ilk dəfə kompleks parazitoloji və biokimyəvi metodları tətbiq etməklə təbabətdə bu vaxta qədər işlədilməmiş aminturşuların alkil törəmələrinin antieymerioz təsirə malik olduğu müəyyənləşdirilmişdir. Sahib heyvanların orqanizminin biokimyəvi göstəricilərinə, yaşamalarına, çəki artımına, parazitin reproduktivliyinə əsasən amin turşu törəmələrinin quşların eimeriozu ilə mübarizədə perspektiv dərman preparatı ola biləcəyi əsaslandırılmışdır. Qanda ümumi zülalın və bir neçə zülal fraksiyasının miqdarına görə eimeriyalara qarşı işlədilən preparatların effektliyinin qiymətləndirilməsi metodu hazırlanmışdır. Ev toyuqlarının eimeriozu (E.tenella) və onun baykoks və acı yovşan ilə müalicəsi zamanı amin turşu mübadiləsində və fermentlərin fəallığında baş verən dəyişkənliklər müəyyənləşdirilmış, parazit-sahib münasibətlərinin biokimyəvi mahiyyətinin bəzi məsələləri nəzəri cəhətdən əsaslandırılmışdır. İlk dəfə baykoks ilə acı yovşanın kombinasiyasının ev toyuqlarının eimeriozunun müalicəsində istifadə sxemləri və koksidioz əleyhinə dərman bitkilərindən istifadə edilməsi təklif edilmişdir.

Öz taleyini Azərbaycanın elm məbədgahı olan Azərbaycan Elmlər Akademiyası və onun Zoologiya İnstitutu ilə bağlayan E.İ.Əhmədov elmi yaradıcılıqla yanaşı yüksək ixtisaslı elmi kadrların hazırlanmasında yaxından iştirak edir. Onun rəhbərliyi altında 3 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmiş, hazırda 3 fəlsəfə doktoru dissertasiya işi yerinə yetirilir. O, elmi fəaliyyət ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. 2003-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “İnsan və heyvan biologiyası” və “Tibbi-bioloji tədqiqat metodları” fənnlərindən mühazirələr oxumuş, 2014-cü ildən hal-hazıradək isə Azərbaycan Texniki Universitetinin “Biotibbi texnika” kafedrasında dosent vəzifəsində çalışır.

E.İ.Əhmədovun 97 elmi əsəri çapdan çıxmış və 1 patentə müəlliflik şəhadətnaməsi almışdır. O, Respublikada və xarici ölkələrdə keçirilən yerli və beynəlxalq elmi-praktik konfranslarda və seminarlarda iştirak etmiş, dəyərli elmi məqalələri ilə çıxış etmişdir.

2003-cü ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmiş, 2017-ci ildə AMEA-nın professoru seçilmişdir.

Elşad İlyas oğlu Əhmədovun 50 – illik yubileyi münasibəti ilə təbrik edir,  bu şərəfli və çətin yolda ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayırıq.

 

Məsaim Abdullayev,
“Xalq qəzeti”

9 2019 14:01 - ELM
ELM
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə