Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Tovuzda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Q.Paşayeva Tovuzda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Tovuza səfəri çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva  Tovuzun Düz Qırıqlı, Bozalqanlı, Düz Cırdaxan, Abulbəyli, Qaraxanlı, Cəlilli, Cilovdarlı, Əlimərdanlı, Əyyublu, Qədirli, Xatınlı kəndlərində  şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb. Adıçəkilən kəndlərin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə  Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı deyib.

"Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır",--deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz",-- deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan deputat  Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş,  bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi haqqında, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilməsi haqqında fərmanları, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. “Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib.

Şəhid ailələri cənab Prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildiriblər. Q.Paşayeva  hər bir şəhid ailəsini, Qarabağ müharibəsi əlilini və veteranını ayrılıqda da dinləyib, onları maraqlandıran və narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Q.Paşayeva eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin Tovuz bölməsinin rəhbəri və üzvləri ilə görüşüb, geniş fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İB tərəfindən millət vəkili Q.Paşayevaya Milli Ordunun 100 illiyi şərəfinə təsis etdikləri xatirə medalı və Birliyin Fəxri üzvlüyü barədə vəsiqə təqdim edilib. Xatirə medalına və Fəxri üzvlük barədə vəsiqəyə görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva ona göstərilən etimadı bundan sonra doğrultmağa çalışacağını deyib. Görüşdə təşkilat tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 12:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin