Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb

Sahibkarların “Azərişıq” ASC-yə müraciətlərinin sayı artıb

Yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN Kommunal” və KOB evləri vasitəsilə “Azərişıq” ASC-yə 239 müraciət daxil olub. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu, heç də səbəbsiz deyil. Belə ki, ötən ilin dekabr ayının 25-də Azərbaycan Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və sənədə əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib.

Bununla yanaşı, yanvar ayında 3280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla, həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa, yanvar ayında “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlər sırasına iki xidmət də əlavə olunub. “Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması” xidmətləri də əlavə olunmaqla “Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə 20766 müraciət daxil olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

8 2019 14:02 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə