Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağalar Bayramov 65 – Ramiz Qusarçaylı – 60

Poeziya qardaşlarının qoşa yubileyi

Ağalar Bayramov 65 – Ramiz Qusarçaylı – 60

Həssas oxucu söhbətin nədən getdiyini bu rubrika və başlıqdan,  yəqin ki, dərhal anladı. Bəli, söhbət adları tez-tez yanaşı eşidilən, ürəkləri eyni sevgi ahəngi ilə vuran iki tanınmış ziyalımızdan-- çağdaş poeziyamızdan şeir xiridarlarının zövq və tələbatına yaşıl bir yol salmış mahir qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun və populyar məfkurə şairi, Prezident təqaüdçüsü Ramiz Qusarçaylının bu il 60 yaşa çatmalarından gedir.

Azərbycan poeziyasının ən gözəl nümunələrindən ibarət əhatəli və nadir bir poeziya teatrı yaratmış Ağalar Bayramovun “sinə dəftəri”ndə məslək və zövq ortağı Ramiz Qusarçaylının seçmə seirləri ayrıca yer tutur. Yeri düşəndə Ağalar deyir: “Ramiz mənim ən saf, incə düyğu-düşüncələrimi misralara çevirir. Sanki o, məni  coşdurmaq və başqalarını da özümə qoşmaq üçün yazır”. Ramiz isə Ağaların ifasını belə dəyərləndirir: “Ağalar mənim ən həssas, özüm qədər doğma bir oxucumdur. Şeirlərimi onun dilindən eşidəndə elə bilirəm ki, bunları mən yox, Ağalar yazıb”.

Bu könül ortaqlığı, qəlb genişlıyi hər iki poeziya fədaisini seiriyyət göylərində qoşa qanad kimi  eyni səmtli uçuşun, sənətin polad yolunda yanaşı rels kimi bir yönlü gedişin əkiz yolçusuna  çevirib. Buna görə də sənət qardaşları ömürlərinin və yaradıcılıqlarının növbəti hesabat ünvanını da ortaqlaşdırıblar:

“8 fevral, 17: 30, Rəşid Behbudov adına Mahnı Teatrı”.

Bu, o deməkdir ki, dostlar eyni məramdan qaynaqlanan yaradıcılıq uğurlarını 65 və 60 yaşın yüksəkliyində poeziyasevərlərə birnüvəli- ikiqütblü sənət kimi təqdim edirlər. Bu birgə məclis ölkəmizin yubileylər tarixində ilk və tək belə hadisədir. Təbrik edir, milli şeirimizin əkiz qardaşlarına, ayrılmaz dostlarına uzun ömür, ortaq yaradıcılıqda yeni uğurlar arzulayırıq!

Yüksək sənəti, məfkurə yaradıcılığını dəyərləndirən soydaşlarımız “Poeziya qardaşlarının qoşa yubileyi”nə dəvətlidirlər.

 

Tahir AYDINOĞLU,
Əməkdar jurnalist,
“Xalq qəzeti”

7 2019 16:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə