Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BSTA-nın Avropa Regional Sosial Təminat Forumu Bakıda keçiriləcək

BSTA-nın  Avropa Regional Sosial Təminat Forumu Bakıda keçiriləcək

Cari ilin may ayında Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçiriləcək. Foruma hazırlıq işlərinin yerinə yetirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Təşkilat Komitəsi yaradılıb, tədbirlər planı təsdiq edilib.

Bununla bağlı keçirilən iclasda Təşkilat Komitəsinin sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli 1927-ci ildə Beynəlxalq Əmək Təşkilatının himayəsi ilə yaradılan BSTA-nın 158 dövlətin sosial təminat sahəsi üzrə 330 qurumunu özündə birləşdirdiyini qeyd edib. O, Assosiasiyanın sosial təminat sahəsində mütərəqqi təşəbbüs və standartların inkişafını və təşviqini, bu sahədə beynəlxalq əməkdaşlığı, fəal təcrübə mübadilələrini həyata keçirmək məqsədinə xidmət etdiyini deyib.

M.Kərimli ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun BSTA-nın tamhüquqlu üzvü olduğunu, müxtəlif illərdə Təşkilatın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü və təşkilatın büro üzvü seçildiyini diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin daha bir göstəricisi olaraq, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun cari ilin may ayında Bakı şəhərində təşkil edilməsi qərara alınıb.

Bildirilib ki, forumun işində BSTA-nın yüksək vəzifəli rəsmilərinin, həmçinin xarici ölkələrin aidiyyəti qurumlarının rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.

İclasda Avropa Regional Sosial Təminat Forumuna hazırlıq məsələləri ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr, görüləcək işlər müəyyən edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2019 11:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə