Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Buqələmun xisləti və ya “Bəlkə də qaytardılar...”

Buqələmun xisləti və ya “Bəlkə də qaytardılar...”

Buqələmun görmüsünüzmü? Mən görmüşəm və nə onun adını, nə də özünü heç vaxt xoşlamamışam. Buqələmun… Ada bax!

Sürünən heyvanların çoxundan zəhləm gedir. Xüsusilə həm ayağı olub, həm də sürünən heyvan görəndə elə bil mənə söyürlər. Sənin ayağın ola-ola, ayaq üstdə durmaq imkanın ola-ola, niyə axı həm də sürünəsən?! Kişinin bir sifəti olar:ya sürünər, ya da ayaq üstdə durar. Bir ilana fikir ver. Sir-sifətindən zəhər yağsa da bir sifəti var,təkcə sürünür. Bilirsən ki, sürünəndir. Bircə quyruğunu basma. Elə ki, basdın, fırlanıb səni sancacaq...

Hə, buqələmundan danışırdım, ona heç vaxt rəğbətim olmayıb. Çünki rəngini istədiyi vaxt dəyişə bilir. Bir də görürsən bombozdur, eybəcər xırda, göy gözləri tez-tez gah sağa qaçır, gah sola. Boynunu gah bükür, gah uzadır, gah da iyrənc ayaqlarını hara gəldi çırpır. Bir qədər keçir sarı rəngə çalır. Ətrafındakılar da elə bilir bu məxluq da onlardandır. Yanında sərbəst nə gəldi pıçıldaşırlar,yeri gələndə sığal da çəkirlər. O da xoşallanır və guya  yuxuya gedir. Bir də ayılırlar ki, yox ey, yaşıl rəng olub,ağaca dırmaşır...

93-ün o qarışıq, qaynar iyun günlərində vaxtilə şəhər qəzetində mənimlə işləyən bir nəfəri küçədə görəndə donub qaldım. Əyninə əsgər paltarı geyinmiş, gözünə qapqara eynək taxmışdı.Əlini tez-tez sağ ombasının üstündən sallanan “Makarov”un üstünə çəkirdi və yanında dayanan iki-üç cüvəllağı uşağa müxtəlif göstərişlər verirdi: “gedin onun qolunu burun gətirin”, “deyin filankəs çağırır”...

Birdən gözü mənə sataşdı. Bildi ki, bayaqdan onu izləyirəm. Pərt oldu. “Xeyir ola, bu nə görkəmdi?” sualıma bir qədər çaşqınlıqla “surətçiyəm qağa, surətçi” deyə tələsik cavab verib aralanmaq istəyirdi ki, qolundan yapışdım. Dedim “bəs boz qurd, cəbhə, Rasim bəy nə oldu?”.

Rasim Mürsəlov xalq cəbhəsi hakimiyyətə gəlməmiş Gəncədə mitinqlərə rəhbərlik edirdi. Sonralar bu xidmətinə görə Gəncəyə deyil, yaxınlıqdakı Samux rayonuna icra hakimiyyətinin başçısı təyin etmişdilər. Rasim bu “dostuma” demişdi ki, cibindəki partbileti gətir, gözümüzün qabağında yandır, sənə inanım”.Bu məxluq da gətirmişdi. Amma “biletyandırma”prosesi qaranlığa düşdüyündən onu döş cibində gizlətmiş, əvəzində qırmızı rəngə boyadığı üçüncü arvadı ilə olan nigah sənədini yandırmışdı. Sonradan bu “qəhrəmanlığını” orda-burda danışarkən deyirmiş ki, “dəliyəm yandıram, “bəlkə də qaytardılar”...

Sualıma “qağa, qoy başımızı saxlayaq” – deyib əlini bərk-bərk sıxdığım əlimin altına salıb aralamaq istədi və üzümə elə yazıq-yazıq baxdı ki, qollarım qeyri-ixtiyari yanıma düşdü...

...Neçə gündür Yasamaldakı o “Məhsul” stadionu, oraya toplaşanlar, şüar səsləndirənlər, buqələmun, rəhmətlik Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsi, yuxarıda təsvir etdiyim “dostum” gözümüm qabağından çəkilmir. Bilirsiniz nə fikirləşmişəm? Deyirəm nə qədər buqələmun var yığıb doldurasan bu stadionu və özün də yaxınlıqdakı yaşayış binalarından birinin bakonuna çıxasan və oradan bunları izləyəsən. Və həmin anda buqələmunların mitinqinə yox, stadionun yan-yörəsindəki marketlərə gedən müxtəlif partiyaların tanınmış nümayəndələri dəyə bunların gözünə. Görün stadion neçə rəngə düşər!Gah boz, gah sarı, gah yaşıl...

Bax, buqələmundan ona görə zənneyi-zəhləm gedir.Çünki vəziyyətə uyğun rəngini dəyişir.Rəngini dəyişirsə, ona etibarmı etmək olar?! Nəsə elə bilirəm bu məxluq Mirzə Cəlilin “Bəlkə də qaytardılar...” hekayəsindəki o dörd nəfərdir. Mal-mülkü əlindən alınmış o həpəndlərdir, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan buqələmunlardır.

O gün biri “ASAN” xidmətlə bağlı facebook səhifəmdə paylaşdığım “adi bir arayışı, sənədi almaq üçün yaramaz, rüşvətxor bir məmurun qapısı ağzında saatlarla dayanmağımızı nə tez unutduq? Gərək naşükür olmayaq. Müxalif də olsan haqqı danmamalısan...” yazımın altında “bəzən nəinki saatlarla, hətta günlərlə hansısa məmurun qapısında qalırıq, bunu niyə yazmırsınız?Elə bil bu vəzifə onlara dədələrindən qalıb” şərhini vermişdi. Dostluğumda olan bu adamı yaxşı tanıyıram. Bilirəm ki, fəhləlik edib ailəsinə bir tikə halal çörək aparan insandır. Müxalifyönlü insan olsa da buqələmun deyil, rəngini dəyişmir. Şərhinə cavab olaraq yazdım ki, “adını çəkdiyin məmurların heç birinin tezliklə arayış vermək hüququ olmayacaq, onların işini “ASAN” görəcək. Səbr etmək lazımdır. Hər iş birdən baş vermir axı...” O da cavabında bircə kəlmə yazdı ki, “inşallah”. Hiss etdim ki, məni anladı, daha doğrusu mənə inandı.Düzü çox sevindim. Ona əmin oldum ki, heç vaxt “Məhsul»a gedən deyil, boş söhbətlərə vaxt itirəsi deyil. Başlıcası isə buqələmun deyil.

Ən dəhşətli, təhlükəli insan mövqesiz insandır, ətrafında baş verənlərə münasibət bildirməyən məxluqdur, buqələmundur. O öz evində bir gündə rəngini neçə dəfə dəyişir, bir allah bilir. Bilirəm, üç gün əvvəl ölkənin rəhbəri şəhid ailələri ilə görüşərkən və daha bir fərman imzalayarkən o, məcbur olub rəngini yenə dəyişdi. Son iki həftədə üçüncü rəng idi ki, dəyişirdi...

 

Hamlet Qasımov,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti

2 2019 13:43 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə