Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Əlillərin məşğulluğuna diqqət artırılmalıdır

Qənirə Paşayeva: Əlillərin məşğulluğuna diqqət artırılmalıdır

Milli Məclisin plenar iclasında deputat Qənirə Paşayeva son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq proqramı çərçivəsində gördüyü müsbət dəyişikliklərindən söz açıb və deyib: “Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqamətində ciddi dönüş yaratmaq üçün hesab edirəm ki, qanunun qurumlar tərəfindən icrasını təmin etmək üçün mexanizmləri sərtləşdirməliyik, qanunlara  müəyyən əlavə və dəyişikliklər etmək lazımdır. Əlilləri işlə təmin etməyən müəssisə və qurumlara qarşı  qanunlarda əlavə və dəyişikliklər etməklə sərt tədbirlərin -- cərimə, cəza və məsuliyyət mexanizmlərinin gücləndirilməsi vacibdir.  AŞPA-nın qış sessiyasında Avropa Şurası üzv dövlətləri məkanında əlillərin işlə təminatı məsələsi xüsusi müzakirə olunub və üzv ölkələrə çağırışlar edilib. Nəzərə alsaq ki, ölkəmizdə əlillərin sayının artmasında ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirmiş Qarabağ əlillərinin, köçkünlük həyatının ağırlığı nəticəsində sağlamlığını itirmiş insanlarımızın sayı ciddi rol oynayır, onlar da daxil olmaqla əlillərin işlə təminatı bizim üçün vacib məsələdir və bu məsələ ilə bağlı qanunvericilik bazanın daha da gücləndirilməsi, qəbul edilən qərarların yerinə yetirilmə mexanizminin sərtləşdirilməsi vacibdir."

 Q.Paşayeva qəbul edilən qanunların icrasına nəzarətin gücləndirilməsi məsələsinin vacibliyini xüsusi vurğulayıb, qeyd edib ki, qanunla nəzərdə tutulan maarifləndirmə işlərinin həyata keçməsi zəifdir. Ona görə də, Milli Məclisdə KİV rəhbərlərinin iştirakı ilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi məqsədilə dinləmələrin, müzakirələrin keçirilməsi faydalı olar. O, həmçinin  onlayn media haqqında qanunun qəbul edilməsinin vacibliyini də qeyd edib .

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 11:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə