Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradıldı

Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyevin  “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) işçi qrupu yaradılıb. 

İşçi qrupun görəcəyi işlərə dair iş planı təsdiq edilib. Planda nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması, övladlığagötürmə prosesinin mərkəzləşdirilmiş vahid elektron uçotunun və idarəetmə sisteminin qurulmasının təmin edilməsi üçün funksional tələblərin hazırlanması yer alıb. “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə” qaydaların və övladlığagötürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və s. kimi işlər də plana daxildir.

İşçi qrupu plana əsasən, eyni zamanda, yaradılacaq altsistemə inteqrasiya olunacaq qurumların informasiya sistemlərinin və ehtiyatlarının siyahısına, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdıran dəstəkləyici tədbirlərə və mexanizmlərə dair təkliflər hazırlayacaq. Övladlığagötürmə sahəsində islahatlar və görüləcək tədbirlər barədə ictimaiyyətin ardıcıl və geniş məlumatlandırılması da təmin ediləcək.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, işçi qrupun ilk iclasında altsistemin yaradılması, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin təşkili, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və s. ilə bağlı görüləcək işlər müzakirə olunub, təkliflər səsləndirilib. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 12:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə