Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 25 Bakı şəhəri, 24 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarının təsdiq edilməsi haqqında” 2000-ci il 23 avqust tarixli 148 nömrəli, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 avqust tarixli 230 nömrəli Fərmanının 1.3-cü və 1.5-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 avqust tarixli 148 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 652; 2005, № 8, maddə 782, № 12, maddə 1228; 2006, № 2, maddə 203; 2008, № 8, maddə 787; 2013, № 5, maddə 577; 2014, № 10, maddə 1314; 2016, № 11, maddə 1936; 2018, № 3, maddə 627) ilə təsdiq edilmiş 41 nömrəli forma yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 682; 2002, № 3, maddə 145; 2003, № 6, maddə 342; 2005, № 8, maddə 782; 2006, № 10, maddə 903; 2008, № 2, maddə 106; 2010, № 3, maddə 264, № 12, maddə 1123; 2014, № 10, maddə 1315; 2016, № 9, maddə 1585; 2017, № 12 (II kitab), maddə 2544; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 dekabr tarixli 539 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin.
2.1. 1-ci və 19-cu hissələrin “b)”, 26-cı hissənin “c)”, 29-cu hissənin “a)” abzasları ləğv edilsin;
2.2. 2-ci hissə üzrə:
2.2.1. “a)” və “b)” abzasları aşağıdakı redaksiyada verilsin:
“a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli;
 b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış;”;
2.2.2. aşağıdakı məzmunda “c)” abzası əlavə edilsin: 
“c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;”;
2.3. V bölməsinin adından və 11-ci hissənin birinci abzasından “mübahisə doğurmayan” sözləri çıxarılsın;
2.4. 13-cü hissə aşağıdakı redaksiyada verilsin:
“13. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçi tərəfindən yaşayış sahəsinə görə, yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödənilmədikdə.
İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:
a) yaşayış sahəsinə və yaşayış sahəsinin saxlanması və təmirinə görə dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyə tərəfindən təsdiq edilmiş haqqın ödənilməməsi barədə qəbzin surəti:
b) borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.”;
2.5. aşağıdakı məzmunda 13-1-ci hissə əlavə edilsin:
“13-1. Kommunal xidmətlərə görə - məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər.
İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur:
yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə;
yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan müvafiq kommunal xidmətin göstərilməsi barədə müqavilə və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.
Borclu barəsində bu Siyahının 13-1-ci hissəsində göstərilən tələblər üzrə müvafiq sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi barəsində yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı.”;
2.6. 15-ci hissə üzrə:
2.6.1. birinci abzasdan “, kommunal” sözü çıxarılsın;
2.6.2. “b” abzasından “icarəçi yazılı surətdə xəbərdar edildikdən sonra” sözləri çıxarılsın;
2.7. 17-ci hissənin ikinci abzasının ikinci cümləsindən “ev sahibinə və ya icarəçiyə yazılı xəbərdarlıq təqdim edildikdən sonra” sözləri çıxarılsın;
2.8. 21-ci hissənin “b” abzasından “və onu ödəmə müddətləri haqqında borcluya göndərilmiş bildirişin tələbkar tərəfindən təsdiq olunmuş surəti” sözləri çıxarılsın;
2.9. 27-ci və 28-ci hissələrin ikinci abzasları və 30-cu hissənin ikinci cümləsi çıxarılsın;
2.10. XX bölmə aşağıdakı redaksiyada verilsin:
“XX. Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin göstərilməsinə görə borcun alınması
40. Lisenziyalaşdırılan telekommunikasiya xidmətinə görə müvafiq təşkilatın borcu müəyyən edən sənədləri.
İcra qeydi almaq üçün borclunun ödəməli olduğu məbləğə dair hesabın surəti təqdim edilir.”;
2.11. aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən edilmiş sənədlərlə icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) bu Siyahı ilə müəyyən edilmiş icra qeydinin aparılması üçün digər sənədlərə əlavə olunmalıdır.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693; 2001, № 11, maddə 722; 2002, № 3, maddə 148, № 7, maddə 455, № 10, maddə 635; 2003, № 10, maddə 629; 2005, № 4, maddə 386, № 6, maddə 534, № 8, maddə 782, № 10, maddə 977, № 11, maddə 1061, № 12, maddələr 1228, 1231; 2006, № 3, maddə 297, № 8, maddə 731, № 9, maddə 830, № 10, maddə 902, № 11, maddə 994; 2008, № 2, maddə 108, № 4, maddə 316, № 8, maddə 787; 2009, № 2, maddə 148, № 10, maddələr 846, 849, № 12, maddə 1079; 2010, № 6, maddə 555; 2011, № 10, maddə 971; 2012, № 3, maddə 263, № 5, maddələr 489, 495, № 7, maddə 777, № 11, maddə 1206, № 12, maddə 1354; 2013, № 4, maddə 444, № 5, maddə 578; 2014, № 1, maddə 74, № 5, maddələr 552, 589, № 6, maddə 746, № 8, maddə 1019, № 12, maddə 1685; 2015, № 12, maddə 1580; 2016, № 3, maddə 611, № 4, maddələr 777, 814, № 6, maddə 1226, № 8, maddə 1449, № 11, maddə 1937; 2017, № 1, maddə 135, № 3, maddə 493, № 6, maddə 1245, № 7, maddə 1491, № 9, maddə 1721, № 10, maddə 1883, № 12 (II kitab), maddə 2545; 2018, № 2, maddə 347, № 3, maddə 628, № 4, maddə 789, № 5, maddə 1122, № 6, maddələr 1360, 1367, № 9, maddə 1929, № 10, maddə 2166) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:
3.1. 7-ci hissənin on ikinci abzası üzrə:
3.1.1. üçüncü cümləyə “saxlanılmaqla” sözündən sonra “(“Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən sənədlər isə müvafiq qaydada)” sözləri əlavə edilsin;
3.1.2. dördüncü cümləyə “qaytarılması” sözündən sonra “(“Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilən sənədlər nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
3.2. 23-cü hissə üzrə:
3.2.1. birinci abzasın ikinci cümləsi ikinci abzas hesab edilsin;
3.2.2. ikinci abzas müvafiq olaraq üçüncü abzas hesab edilsin;
3.3. 29-cu hissəyə aşağıdakı məzmunda otuzuncu abzas əlavə edilsin:
“Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət elektron imza əsasında həyata keçirildiyindən, bu müraciətlər üzrə 7-ci qrafada “elektron imzası məlumdur“ məzmununda qeyd aparılır.”;
3.4. 31-ci hissə aşağıdakı redaksiyada verilsin:
“31. Əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin, vərəsəlik hüququ haqqında şəhadətnamənin və sairin notariusda saxlanılan nüsxəsinə əlavə olunur.
Sənədlərin əsli (məsələn, doğum, nikah, ölüm haqqında şəhadətnamələr) onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır. Surətlər əlaqədar şəxslər tərəfindən təqdim olunur və ya onların xahişi ilə notariusun işçisi tərəfindən hazırlanır və tarix göstərilməklə notarius tərəfindən “Əsli ilə düzdür” sözləri yazılır, imzalanır və şəxsi gerbli möhürlə təsdiq edilir. Bu halda surət təsdiqinə görə dövlət rüsumu və haqq alınmır.
Əsasında notariat hərəkəti aparılmış və “Elektron notariat” informasiya sistemi vasitəsilə təqdim edilmiş elektron sənədlərin saxlanılması aşağıdakı qaydada həyata keçirilir:
notariat hərəkətinin aparılması üçün “Elektron notariat” informasiya sistemində yaradılmış fərdi elektron kabinet (bundan sonra – Fərdi kabinet) vasitəsilə müraciət edildikdə və ona skan edilmiş və ya elektron sənəd formasında sənədlər qoşulduqda, həmin sənədlər informasiya sistemində saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur.
Fərdi kabinetdən istifadə edən kommunal və ya lisenziyalaşdırılan telekommunikasiya xidmətləri göstərən dövlət qurumları, hüquqi şəxslər, habelə, kredit təşkilatları (bundan sonra – korporativ məlumat mübadiləsinin istifadəçiləri) bu Təlimatın 161-ci və 162-ci hissələrinin tələblərinə uyğun olaraq “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumat əsasında notariat hərəkətinin aparılması üçün müraciət etdikdə, həmin məlumatlar informasiya sistemində saxlanılmadan notarius tərəfindən çap edilərək notariat işinə əlavə olunur.
Notariat hərəkətləri aparılması üçün müraciət etmiş fiziki şəxslərin, onların nümayəndələrinin və ya idarə, müəssisə və təşkilatların nümayəndələrinin və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin şəxsiyyətini və səlahiyyətini, habelə hüquqi şəxsin hüquq qabiliyyətini və qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədlər surəti saxlanılmadan onları təqdim etmiş şəxslərə qaytarılır, lakin reyestrə sənədin adı, nömrəsi, verilmə tarixi və sənədi vermiş idarənin adı yazılır. 
Müvafiq notariat hərəkətlərinin aparılması ilə bağlı “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı notarius fiziki şəxslərin şəxsiyyətini və hüquqi şəxslərin hüquq qabiliyyətini həmin şəxslər tərəfindən Fərdi kabinetin formalaşdırılması zamanı təqdim edilmiş məlumatlar əsasında müəyyən edir.
Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq edilərkən, habelə nəqliyyat vasitələrinə vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilərkən, qeydiyyat şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surəti notariat işində saxlanılır. 
Notariat hərəkətlərini reyestrə qeyd etməklə bərabər, göstərilən sənədlərin olması haqqında əqdin notariusda saxlanılan nüsxəsində, vərəsəlik hüququ və mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə dair ərizələrdə qeyd edilir və sənədlər onları təqdim etmiş şəxslərə qaytarılır.”;
3.5. 161-ci və 162-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. 
Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. 
İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.
Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər.
Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. 
Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. 
“Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “Elektron Hökumət İnformasiya Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir.
Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.
Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir.
İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat kontoruna müraciət etdikdə, notarius kredit müqaviləsini təsdiq etmiş notariusun depozit hesabı vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu hissənin on dördüncü abzası borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır:
1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;
2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.
Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.”;
3.6. 164-cü hissənin beşinci abzasında “peniyalarla birlikdə” sözləri “dəbbə pulu (olduğu təqdirdə)” sözləri ilə əvəz edilsin;
3.7. 165-ci hissənin dördüncü abzasında “sənədin əslində” sözləri “sənəddə” sözü ilə əvəz edilsin;
3.8. 166-cı hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin və ikinci abzası ləğv edilsin:
“Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır. “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı borcu müəyyən edən sənəd, yaxud borclunun şəxsi hesabından çıxarış elektron formada olan notariat reyestrində, icra qeydi isə rəsmiləşdirildikdən sonra notariat işində saxlanılır.”;
3.9. 167-ci hissəyə “sənədin” sözündən sonra “(Bu Təlimatın 31-ci hissəsinin dördüncü və beşinci abzasları nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
3.10. 168-ci hissəyə “icra qeydinə” sözlərindən sonra “dair notariat işində və ya elektron formada olan notariat reyestrində” sözləri əlavə edilsin və həmin hissədən “əlavə olunmur, notariusda” sözləri çıxarılsın.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə