Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 24 Bakı şəhəri, 23 yanvar 2019-cu il
 
“Peşə təhsili müəssisələrində  əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:
“Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 23 yanvar tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi

 

QAYDASI

1. Ümumi müddəa

1.1. Bu Qayda “Peşə təhsili haqqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən hazırlanmışdır və peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydasını müəyyən edir.

2. Əlavə müalicə-bərpa xidmətlərinin göstərilməsi

2.1. Peşə təhsili müəssisəsində təhsilalanlara tibbi xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr  tarixli 217  nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

2.2. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı  olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir.

2.3. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı  olan yetkinlik yaşına çatmayan şəxslərə əlavə müalicə-bərpa xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası“ və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası“na uyğun olaraq həyata keçirilir.

2.4. Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı  ilə göstərilir.

2.5. Peşə təhsili müəssisəsində təhsilalanlara aparılan əlavə müalicə-bərpa tədbirlərinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin peşə təhsili müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdirilir.

2.6. Peşə təhsili müəssisəsində təhsilalanların  tibbi profilaktik müayinəsi təhsil müddəti dövründə ildə bir dəfədən az olmayaraq, həmin təhsil müəssisəsində və ya ərazi üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisəsində  aparılır.

2.7. Dövri tibbi profilaktik müayinələrin nəticəsinə uyğun olaraq aşağıdakı tədbirlər həyata keçirilir:

2.7.1. ötən tədris ili ərzində təhsilalanların sağlamlığının dinamikasının qiymətləndirilməsi, xəstəliklərin erkən əlamətlərinin və funksional pozuntuların aşkar edilməsi və onların aradan qaldırılması üçün müvafiq əlavə müalicə-bərpa tədbirlərinin təşkili;

2.7.2. peşə təhsili dövründə tədris-istehsalat yükünün təhsilalanlara təsirinin öyrənilməsi;

2.7.3. sağlamlığında pozuntular (müxtəlif orqan və sistemlərin xəstəlikləri, fiziki, cinsi və digər morfofunksional pozuntular) aşkar edilmiş təhsilalanların dispanser qeydiyyatına götürülməsi və onların müvafiq müalicə-bərpa müəssisələrinə yönəldilməsi;

2.7.4. sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların təhsili davam etdirə bilməsi və seçdiyi peşəyə uyğun işə yararlılığı barədə  rəy verilməsi;

2.7.5. sağlamlığında pozuntular aşkar edilmiş təhsilalanların peşə təhsili müəssisəsi daxilində sağlamlaşdırıcı tədbirlərə cəlb edilməsi, bədən tərbiyəsi və idmanla məşğul olanların həkim nəzarətində saxlanılması;

2.7.6. aparılan müalicə-bərpa tədbirlərinin və tibbi profilaktik müayinələrin səmərəliliyinin təhlili və nəticələri əsasında müvafiq korreksiyaedici fəaliyyətlərin təşkili.

2.8. Təhsilalanların tibbi yardımla təmin edilməsi peşə təhsili müəssisəsinin yerləşdiyi və ya təhsilalanın yaşadığı ərazi üzrə müalicə-profilaktika müəssisəsi tərəfindən həyata keçirilir. Həmin müəssisələrin həkimləri fəaliyyətlərini peşə təhsili müəssisəsinin pedaqoji heyəti ilə əlaqəli şəkildə  həyata keçirirlər.

2.9.   Təhsilalanların dövri tibbi-profilaktik müayinələrə cəlb edilməsi peşə təhsili müəssisəsinin rəhbərliyi tərəfindən təmin edilir.

2.10. Təhsilalanlara göstərilən əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə  (VESKS-ə) daxil edilir.

3. Əlavə müalicə-bərpa xidmətinin maliyyələşdirilməsi

3.1. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə