• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanı heyran qoyan türk abidələri

Ümumtürk yadigarları UNESCO siyahısında

Dünyanı heyran qoyan türk abidələri

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Türkiyə Cümhuriyyətinin ərazisi istər antik, istərsə də orta əsrlər dövrü, xüsusilə də Bizans və Osmanlı imperatorluğu dövrünə aid tarixi mədəni abidələrlə zəngindir. Odur ki, UNESCO-nun Maddi Mədəni İrs Siyahısında Türkiyənin mədəni abidələri xüsusi yer tutur. İlk olaraq, bu siyahıya 1985-ci ildə İstanbulun tarixi abidələri daxil edilmişdir. Fərqli dinləri, mədəniyyət və toplumları özündə birləşdirən bu şəhərin tarixi abidələri; Hipodrom, Ayasofya, Aya İrini kilsəsi, Kiçik Ayasofya camisi və Süleymaniyə və Zeyrek camiləri və digər tanınmış tarixi məkanlar bəşəri irs olaraq qorunur.
Bu siyahıda olan Görəmə Milli Parkı və Kapadokya (1985) təbiət abidəsi kimi tanınır. Turistlərin daha çox diqqətini çəkən Kapadokya Ərciyəs və Həsən dağlarında vulkan püskürmələri, külək və su aşınması nəticəsində yaranmış şiş qayalı dağlardan ibarətdir. 
Sivasda yerləşən Divriyi ulu cami və darüşşifası (1985) XIII əsrə aiddir. Hər iki abidə Mengücoğulları tərəfindən 1228--1229-cu illərdə tikdirilib. İkiqübbəli türbəsi olan bir məscid və xəstəxana memarlıq incəliklərinə görə seçilir. 
Hitit çarlığının paytaxtı Hattuşaş Qara dəniz bölgəsindəki Çorumda yerləşir və 1986-cı ildən bəşəri irs kimi qorunur. İlk sahibləri olan hattilər şəhəri “Hattuş” adlandırsa da, şəhər Hitit hökmranlığına keçdikdən sonra “Hattuşa” kimi tanınıb. Burada eramızdan əvvəl 2 mininci ilə aid qədim mədəniyyət qalıqları bu gün də diqqəti cəlb edir. Adıyamanda yerləşən Nemrut dağında Kommagene kralı Antiochus Theos eramızdan əvvəl 62-ci ildə bir çox yunan tanrılarının heykəlini və özünün məzarını da düzəltdirib. Məzar bir qartal başını xatırladır və daş oymalarla işlənib. Həmin məzar 1987-ci ildə bəşəri tarixi abidə kimi qeydə alınıb. 
1988-ci ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Pamuqqala və Hierapolis Milli Parkı Dənizlidə yerləşir. Türkiyənin Ege bölgəsindəki bu möhtəşəm məkan geotermal mənbələr, axar sulardan qalmış karbonatların yaratdığı terraslardan , travertinlərdən ibarətdir. 
Fəthiyə yaxınlarında antik şəhər Ksantos-Letoonun qalıqları və buradan tapılmış daş kitabələr qədim sivilizasiyadan xəbər verir. Antik şəhərdəki izlər eramızdan əvvəl VII əsrə gedib çıxır. Əfsanəyə görə, şəhər Zevsin xanımı Letonun şərəfinə salınıb. Burada Leto, Artemis və Apollon adlı üç ibadət yeri var.
Tarixi Safranbolu şəhəri XVIII əsrdə Asiya və Avropa arasında ticarətin mühüm mərkəzlərindən olub. Bu şəhər ənənəvi memarlığı, iki-üç mərtəbəli, qırmızı kirəmitli evləri və dar küçələri ilə fərqlənir. Yunan üslubunda tikilmiş zəlzələyə davamlı evlər bu gün də turistlərin diqqətini cəlb edir. Evlərin möhkəm olması onun tikintisində yumurta ağından istifadə edilməsi ilə bağlıdır. 
Antik Troya şəhəri dedikdə, ilk növbədə bir çoxları “Troya atı”nı xatırlayır. 1910-cu ildə alman arxeoloqu Henrix Şliman tərəfindən kəşf edilmiş bu ərazi hazırda yerli və əcnəbi mədəniyyətsevərlərin baş çəkdiyi yerlərdəndir. Antik yunan şairi Homerin qələmə aldığı “İlliada” əsərində Troya müharibəsi barədə ətraflı məlumat verilir. 1988-ci ildə Troya şəhəri UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilib. 
Bəşəri irs kimi qorunan digər abidə Səlimiyyə came Osmanlı sultanı II Səlimin əmri ilə memar Sinanın tikdiyi məscid və kompleksidir. Ədirnədə yerləşən bu tarixi abidə Osmanlı memarlığının əhəmiyyətli nümunələrindən hesab edilir və 2011-ci ildə UNESCO-nun siyahısına daxil edilib. 
Neolit dövrünə aid Çatalhöyük dağıntıları dünyanın qədim yaşayış məskənlərindən biridir. Konyada yerləşir. Burada arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi --mədəni tapıntılar aid olduğu dövr barədə aydın təsəvvür yaradır. Bu qədim yaşayış məskəni 2012-ci ildə UNESCO tərəfindən qeydə alınıb. 
Uludağın şimal ətəklərində yerləşən beş kənddən biri Cumalıkızık kəndinin salınma tarixi 1300-cü illərə gedib çıxır. Kənddə yerləşən etnoqrafiya muzeyi bölgənin tarixi barədə ətraflı təsəvvür yaradır. Osmanlı dövrünə aid memarlıq nümunələri bu günə kimi qorunub saxlanılıb. UNESCO Bursada yerləşən Cumalıkızık kəndini 2014-cü ildə bəşəri əhəmiyyətli mədəni irs kimi qeydə alıb. 
Antik Berqama şəhəri İzmirdə yerləşir və qədim mətnlərdə onun haqqında “Perqamon” və ya “Parqamonos”--deyə bəhs edilir. Parqamon təpəsində aşkar olunmuş akropolda ilk məskunlaşma izləri eramızdan əvvəl VII--VI əsrlərə aid edilir. 
2014-cü ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş Berqamada qədim yunan evləri ilə yanaşı, Osmanlı dövrü minarələri, məscidlər də var.
Diyarbəkir qalası və Hevsel bağları 2015-ci ildə bəşəri tarixi məkan olaraq qeydə alınıb. Diyarbəkir qalası eramızdan əvvəl 3-cü min illiyə gedib çıxan qədim müdafiə sistemi ilə fərqlənir. Qala içərisindəki ərazidən helen, latın, ərəb və süryani dillərində tapılmış yazılar zəngin mədəniyyətdən xəbər verir. Qalaya yaxın olan Hevsel bağları isə qədim şəhər əhalisinin ərzaq tələbatını ödəyən təbiət bəxşeyişi olub.
2015-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilmiş qədim Efes şəhəri dünyanın yeddi möcüzəsindən biri sayılan Artemis məbədi və Səlcuq Məryəm evini əhatə edir. Efes İzmirə gələn turistlətin ən çox baş çəkdiyi məkanlardandır.
Yunan--Roma mədəniyyətini əks etdirən qədim Afrodisias şəhəri əski memarlıq üslubu ilə zəngindir. Burada e.ə. III yüzilliyə aid Afrodita məbədi yerləşir. Qədim şəhər onun yaxınlığında yerləşən mərmər ərazilərindən ibarətdir. Şəhər 2017-ci ildən bəşəri mədəni abidə olaraq qorunur.
Şanlıurfanın 20 kilometr şimal şərqində yerləşən Göbəklitəpədə aşkar edilmiş arxeoloji məbəd bəşəriyyətin ən qədim abidələrindən hesab edilir. Arxeoloqlar tərəfindən üzə çıxarılmış iri daşların üzərlərində müxtəlif heyvanların şəklinin olması abidə ilə bağlı ətraflı məlumat verir. 1986-cı ildə tarlada işləyərkən Mahmud Qılınc adlı kəndli təsadüfən tapdığı daş heykəli Urfa muzeyinə təhvil vermiş, beləliklə bu əhəmiyyətli ərazi bəşəriyyətə məlum olmuşdur. Göbəklitəpə 2018-ci ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Göründüyü kimi, müxtəlif sivilizasiya və mədəniyyətlərin qovuşduğu məkan olan Anadolu elləri, Türkiyə Cümhuriyyəti zəngin tarixi və mədəni irsi ilə UNESCO-nun Maddi Mədəni İrs Siyahısında geniş təmsil olunur. Mədəni irsin və abidələrin zənginliyindən bu qənaətə gəlmək olar ki, bəşəri əhəmiyyətli tarixi mədəni abidələr bununla bitmir, gələcəkdə neçə-neçə tarixi abidə də UNESCO-nun mühafizəsi altına alınacaq.
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

18 2018 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin