Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ruhlarına əbədi ehtiram

 Şəhid ruhlarına əbədi ehtiram

Suraxanı


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq  sərəncamı əsasında faciənin ildönümü Suraxanıda silsilə tədbirlərlə qeyd olunub.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlarda, təhsil müəssisələrində anım mərasimləri keçirilib, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilib, ərazilərdə abadlıq və təmizlik işləri aparılıb. “Şəhidlər xiyabanı”, şəhid məzarları və onların xatirəsinə ucaldılan abidələr ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.
Yanvarın 20-də isə rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar  Yeni Suraxanı qəsəbəsində faciə qurbanları Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və “Vətən şəhidləri” abidə kompleksini ziyarət ediblər.  
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına müraciət edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil, eyni zamanda,  şan və şərəf günüdür. 
Rayon rəhbəri qeyd edib ki, dəhşətli faciəyə ilk olaraq kəskin etirazını bildirən, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev olmuşdur. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında ümummilli  liderin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir. 
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilmişdir. Beləliklə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya ulu öndərin təkidi və rəhbərliyi sayəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz  İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun  prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyəti var.
Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.  

 

Gəncə

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək “Əbədi məşəl” abidəsi önünə əklil və gül dəstələri  qoymuşlar. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Din xadimi tərəfindən şəhidlərimizin ruhuna dualar oxunmuşdur. 
20 Yanvar faciəsi qurbanlarının, Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda həlak olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər vasitəsi ilə səs siqnalları verilmişdir. Matəm musiqisinin müşayəti ilə şəhidlər abidəsinin önünə gül dəstələri qoyulmuşdur. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət edərək qəbirləri üzərinə qərənfillər düzmüşlər. 

 

Şəmkir

 

Şəmkirdə “20 Yanvar” faciəsi qurbanlarının 29-cu ildönümü ehtiramla, həm də möhtəşəm şəkildə qeyd olundu. 
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri şəhərdəki “20 Yanvar” qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoydular. Sonra şəhidlərin xatirəsinə həsr edilmiş kompozisiya dinlənildi.
Rayon ərazisində Azərbaycanın Dövlət bayraqları endirildi və saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, nəqliyyat vasitələri səs siqnalları verdilər.
Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına yürüş keçirdilər və  müstəqilliyimiz, torpaqlarımız uğrunda canlarından keçmiş  şəhidlərin məzarları ziyarət olundu, onların üzərinə tər-çiçəklər düzüldü.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinə baş sağlığı verdi, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Çox keçmədi ki, “Şəhidlər xiyabanı” al qırmızı rəngə büründü.  Ziyarətə gələn minlərlə rayon sakini məzarlara qərənfillər düzdü, Vətən, torpaq, müstəqillik uğrunda canlarından keçən şəhidlərə rəhmət dilədi, ailələrinə, yaxınlarına başsağlığı verdi.

 

Sumqayıt

 

Qanlı yanvar hadisələri zamanı faciəli surətdə həlak olanların arasında  üç nəfər  sumqayıtlı alim də olub. Bakı qırğınından dörd gün sonra səhər Azərbaycanın görkəmli alimləri, professorlar İbrahim İbrahimov, Svetlana Məmmədova və İsmayıl Mursaqulov çalışdıqları Sumqayıt Polimer Materialları İnstitutuna işə gedərkən onların minik avtomobili imperiya ordusunun tankı tərəfindən əzilib və həmyerlilərimiz vəhşicəsinə qətlə yetiriliblər...
Xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü  Sumqayıtdakı Şəhidlər xiyabanında böyük qədirbilənliklə qeyd olunub. Mərasimdə vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının təpədən dırnağadək silahlanmış hərbçiləri Bakıda görünməmiş vəhşiliklər törətsə də, xalqımız azadlıq ideyasından əl çəkmədi. Milli müstəqillik arzularımızın reallaşmasına tarixi şərait yaradılması baxımından bu faciə böyük əhəmiyyət daşıyır. Buna görə də xalqımız 20 yanvarı milli qürur günü kimi qeyd edir.
İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, on minlərlə sumqayıtlı Azərbaycanın azadlığı uğrunda öz həyatlarını qurban vermiş soydaşlarımızın xatirəsinə ucaldılan abidənin və əbədi məşəlin önündə baş əyiblər.  
Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq avtomobillərdən səs siqnalları verilib. Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra Vətənimizin qəhrəman övladlarının məzarları ziyarət edilib. Şəhidlərin ruhuna dualar oxunub.Zakir Fərəcov xiyabanda şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Bakı-Sumqayıt magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsindən keçən ərazidə şəhid olmuş sumqayıtlı alimlərin xatirə abidəsi də ziyarət edilib.
Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları al qərənfillərə qərq olub. 

 

Lənkəran   

 

Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 nəfər lənkəranlı şəhid olub. Onlardan 5 nəfəri Bakıda, 5 nəfəri Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə qətlə yetirilib, 1 nəfəri isə rus hərbçiləri tərəfindən vertolyotda boynuna məftil bağlanmaqla amansızcasına boğularaq öldürülüb...
Qanlı faciənin 29-cu ildönümü Lənkəranda şəhidlərin ruhuna böyük ehtiramla qeyd olunub. Bu münasibətlə səhər saatlarından minlərlə rayon sakini şəhərin mərkəzindəki Şəhidlər xiyabanına gələrək azadlıq mücahidlərinin  xatirəsini yad edib. 
Mərasim zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər Xatirə Kompleksinin önünə çiçək dəstələri düzüblər. 
Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə keçirilən görüş də iştirakçılara unudulmaz təsir bağışlayıb. Görüşdən öncə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra icra hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının mühüm tərkib hissəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların şücaətindən danışıb. Görüşdə çıxış edən 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər onlara göstərilən diqqətə, qayğıya görə dərin   minnətdarlıqlarını bildiriblər. Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardımlar edilib.

 

Qubadlı

 

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev  20 Yanvar hadisələrinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq qeyd etmişdir  ki, hər il  20 Yanvar hadisələrinin ildönümünü matəm, hüzn günü kimi qeyd edilir, o müdhiş gecə həm də iftixar hissi ilə xatırlanır. 1990-cı il  yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qan, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 
Sonda məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin şərəfinə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

 

Vaqif BAYRAMOV, 
Hamlet Qasımov, 
Əli NƏCƏFXANLI,
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti” 

21 2019 21:48 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə