Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 yanvar şəhidlərinin əziz xatirəsi qədirbilənliklə yad edildi

20 yanvar şəhidlərinin əziz xatirəsi qədirbilənliklə yad edildi

Nəsimi

 

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, “20 Yanvar” Cəmiyyəti yerli təşkilatının üzvləri ilə birlikdə Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri, hər iki ölkənin şəhid, müharibə əlilləri və veteranları ailələrindən olan uşaq və gənclər də iştirak edirdilər. 
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş soydaşlarımızın xatirəsini dərin ehtiramla yad edən iştirakçılar əvvəlcə 20 Yanvar hadisələrinə həsr olunmuş fotosərgi ilə tanış oldular. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli filmin nümayiş etdirildi. Mərasimin davamında salondakılara Əməkdar artist, ünlü qiraət ustası Ağalar Bayramovun ifasında şəhidlərin hünərinə, azadlıq və müstəqilliyimizə həsr olunmuş şeirlər, H.Sarabski adına mədəniyyət evinində hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu. Nəsimi rayon yeniyetmələri və gənclərinin yurd sevgisini ifadə edən çıxışlar Vətənə sədaqət andı kimi səsləndi.
Bədii hissənin sonunda səhnəyə çıxan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 20 Yanvar hadisəsinin xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən biri olduğunu qeyd edərək bildirdi ki, o gecə sovet imperiyası ordususun cəza dəstələrinin qarşısına əliyalın çıxaraq canlarından keçən Qanlı Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə qardaş Türkiyəni təmsil edən nümayəndə heyətinin iştirakından söz açan rayon rəhbəri məlumat verdi ki, İzmit şəhəri ilə Bakı şəhərinin Nəsimi rayonu arasında yaradılmış qardaşlıq münasibətlərinə uyğun olaraq, 2015-ci ilin sentyabrında Bakıda İzmit Bələdiyyəsi ilə Nəsimi Bələdiyyəsi arasında birgə əməkdaşlıq protokolu ­imzalanmışdır. 
Bildirildi ki, ötən dövrdə Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər gerçəkləşdirilmiş, hər iki ölkənin önəmli tarixi günlərində birgə tədbirlər keçirilmişdir. 1918-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olduğu gün türk dostlarımızın iştirakı ilə birgə layihəyə uyğun olaraq 4-cü mikrorayonda yaradılmış yeni İzmit parkı istifadəyə verilmişdir. Keçən ilin fevralında isə Nəsimi rayon ictimaiyyətinin nümayəndələri qardaş ölkənin Kocaeli vilayətinin Körfəz Bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin, Sakarya Karasu bölgəsində isə Qarabağ küçəsinin, Xocalı park və abidəsinin açılış mərasimlərində iştirak etmişdilər. 
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar böyük Atatürkün “Azərbaycanın sevinci – sevincimiz, kədəri – kədərimizdir” kəlamını xatırlayaraq, 20 Yanvar faciəsinin o zaman qardaş ölkədə kütləvi ağrı və kəskin ittihamla qarşılandığını, faciə qurbanlarının həmişə böyük ehtiramla yad edildiyini söylədi. Qonaq iki ölkənin bələdiyyələri arasında yaranmış qardaşlıq münasibətlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” formuluna uyğun davam etdirildiyini söylədi, əlaqələrin perspektivlərinə nəzər saldı.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olundu. Qardaş ölkə təmsilçilərinin Bakı ilə tanışlığı davam edir, onların iştirakı ilə müxtəlif tədbirlər keçirilir.

 

Abşeron

 

Xırdalan səhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər iştirak ediblər. 
Abşeron RİH başçısı mərasimdə qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qeyri-qanuni şəkildə Bakıya yeridilən sovet ordusu Dağlıq Qarabağda ermənilərin separatçılıq hərəkatına havadarlıq edən M.Qorbaçovun ədalətsiz siyasətinə qarşı kəskin etirazını bildirən Bakı sakinlərinə qarşı ağır zorakılıqlar törədib. Bildirib ki, bu hadisələr zamanı 147 nəfər qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
Natiq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə, həm də şanlı qəhrəmanlıq səhifəsi kimi daxil olub. Belə ki, xalqımızın öz milli istiqlalı uğrunda başladığı şərəfli mübarizə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə nəticələnib.
İ.Gülməmmədova vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Təqdirəlayiq haldır ki, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş vətəndaşlarımızın qayğı və problemləri ölkə Prezidenti möhtərəm İlham Əliyevin də daim diqqət mərkəzindədir.
Şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlıqlarını bildiriblər.

 

Ağdam

 

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü Ağdam rayonunda da böyük ehtiramla yad edilib.
Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, hərbçilər rayonun girişindəki Şəhidlər abidə kompleksi önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.
Ümumrayon anma mərasimində çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olduğunu söyləyərək bildirib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə M. Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsini, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özünü sarsıtdı. 
Bildirildi kmi, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Mərasimdə Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lideri Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri də qədirbilənliklə yad edilib. Sonda Ağdam Dövlət Dram Teatrının hazırladığı kompozisiya nümayiş olunub.

 

Füzuli

 

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Füzuli rayonunun idarə, müəssisə və təşkilatlarında da anım tədbirləri keçirilib, faciə qurbanları dərin ehtiramla yad edilib.
Yanvarın 20-də isə rayon rəhbərləri və ictimaiyyət nümayəndələri, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri və bölgədə xidmət edən əsgərlər rayondakı Qəhrəmanlar parkına gələrək, buradakı ucaldılmış abidə kompleksinin önünə gül düzüblər. 
Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş misilsiz faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin tarixi hünərindən danışıb, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən söhbət açıb.
Ümumrayon anım aksiyasında 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib. Bildirilib ki, bu qanlı tarix Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın əyilməzliyini və hər şeyə qalib gələn yurd sevgisini bütün dünyaya nümayiş etdirib.
Qeyd edilib ki, faciə qurbanlarının xatirəsi bütün xalqımız kimi füzulililərin də qəlblərində daim yaşayacaqdır.

 

Şamaxı

 

Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatları, ictimaiyyət nümayəndələri, gənclər, tələbələr və məktəblilər iştirak etmişlər.
Öncə ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və onların ruhlarına dualar oxunmuşdur.
Ziyarətə gələn rayon əhalisi məzarları təzə-tər çiçəklərə bürümüş və şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklillər düzmüşlər. 20 yanvar facisəni xalqımıza qarşı ən qəddar terror aktı kimi qiymətləndirən rayon sakinləri bildirmişlər ki, sovet imperiyasının məqsədi xalqımızın azadlıq əzmini qırmaq olsa da, məqsədinə nail ola bilməmişdir. Əksinə millətimizin mübarizliyi daha da artmış, müstəqil Azərbaycan Respublikasının əsası qoyulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinlərindən Məmmədov Vidadi Üzeyir oğlunun və İsrayılov Ağanəzər Araz oğlunun məzarlarını ziyarət etmiş və ailə üzvləri ilə birlikdə ehsan süfrəsində iştirak etmişdir. İcra başçısı xalqımızın müstəqilliyi və azadlığı uğrunda mübarizədə həyatını qurban verən övladlarımızın xatirəsini həmişə uca tutan ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsi üçün göstərdiyi xidmətlərindən, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından danışmışdır. Həmçinin, 20 Yanvarın xalqımızın qürur və qəhrəmanlıq tarixi olduğunu qeyd etmiş, hər bir azərbaycanlının ölkənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirəsinin həmişə olduğu kimi, bu gün də Şamaxıda böyük ehtiramla yad olunduğunu və qəlbimizdə əbədi yaşayacağını bildirmişdir.

 

Kürdəmir 

 

Kürdəmirdə 20 Yanvar faciəsi qurbanlarının iyirmi doqquzuncu ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib. 
Öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri 2016-cı ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant, şəhid Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barelyefin önünə gül dəstəsi qoydular. Mərasimdə çıxış edən başçısı Ceyhun Cəfərov bildirib ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır. Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir guşəsində dalğalanacaqdır.
Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər. 
Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya dinlənildi, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və 20 Yanvar faciəsini özündə əks etdirən kitablarla tanış oldular.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzüblər. Onların məzarlarını ziyarət edərək üzərlərinə tər-çiçəklər qoydular.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov şəhid ailələrinə başsağlığı verərək, şəhidlərimizin Vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd edib. Tezliklə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan doğma ata-baba yurdlarımızın azad ediləcəyini bildirib.
Tədbir iştirakçıları eyni zamanda Sığırlı kəndində ­2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun giziri Tural Qurbanovun və rayon ərazisində olan digər şəhidlərin məzarlarını ziyarət etdilər.

 

 

R.TAHİR, 
Səməd HÜSEYNOĞLU
Ziyəddin SULTANOV, 
İlqar HƏSƏNOV, 
 “Xalq qəzeti”

21 2019 21:42 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə