Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

İtaliyada 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan icmasının üzvləri, habelə müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad olunub.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışıb, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib. Faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında və ona layiqli siyasi-hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan M.Əhmədzadə bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə, milli kimliyinin təsdiqinə həlledici təsirindən, habelə ölkəmizin müstəqillik illərində keçdiyi yoldan bəhs edib.
Roma Sapienza Universitetinin dosenti Daniel Pommier isə çıxışında 20 Yanvar faciəsindən danışıb, hər bir xalqın milli kimliyinin formalaşmasına gətirib çıxaran mühüm hadisələrin məhz toplumun, o cümlədən fərdi şəxslərin təcrübəsindən qaynaqlandığını bildirib. Bu xüsusda o, 20 Yanvar hadisələrinin qurbanlarından olan İlham və Fərizənin faciəvi həyatından söz açıb, əbədi qəhrəmanlıq və sevgi hekayəsi kimi yaddaşlarda qalan bu hekayənin fonunda xalqımızın milli kimliyinin təsdiqi prosesindən danışıb.
Sonda Qanlı Yanvar faciəsinə dair sənədli film nümayiş olunub.

 

Asiman ƏSƏDOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

19 2019 23:36 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə