Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır

Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır

Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Respublikasına işgüzar səfər etmişdir. Dövlət başçısının xarici səfəri çərçivəsində MDB ölkələri sırasında Rusiya, Belarus və Qazaxıstanla yanaşı, Azərbaycanı da seçməsi ölkə ictimaiyyətində razılıq doğurmuşdur.  Bu barədə söz düşəndə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Arif Məhidov dedi: 
– Hesab edirəm ki, Zimbabve liderinin ölkəmizlə bağlı seçimi təsadüfi deyil. Belə ki, Azərbaycan MDB məkanında ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən biridir. Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.
Xatırladaq ki, Zimbabve təbii resurslarla zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşmişdir. Bu Afrika ölkəsinin uzun onillər boyu qarşılaşdığı müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə müdaxilə və siyasi təzyiqlər Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə səbəb olmuşdur.
Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. 
Təsadüfi deyildir ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil-qərargahında təqdimatı keçirilmişdir. 
Bir məqamı da vurğulamaq istərdim. 1960-1990-cı illərdə Afrika ölkələrindən olan minlərlə tələbə Azərbaycanda təhsil almışdır. İnanıram ki, vaxtilə Azərbaycanda yüksək biliklər almış həmin mütəxəssislər ölkəmizin Afrika qitəsində ən yaxın dostlarına, elçilərinə çevriliblər. 
Sevindirici haldır ki, bu gün Azərbaycan beynəlxalq münasibətlərdə xoş məramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan, yaxud az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

 

19 2019 23:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin